Ermənistan şirkətinin rəhbəri: “Ekvador bananını Azərbaycan üzərindən İrana idxal edəcəyik”

by Aztoday Xəbər Portalı

Ermənistanın Ekvadordan banan idxalı ilə məşğul olan “ArmExc Trading” şirkəti Azərbaycan üzərindən İrana banan idxal etməyə hazırlaşır. Virtualaz.org xəbər verir ki, bu barədə şirkətin prezidenti Vardan Arutyunyan açıqlayıb.

“EADaily” portalına açıqlamasında Arutyunyan deyib ki, Ermənistanın Avrasiya İttifaqına üzvlüyündən sonra “ArmEc Trading” şirkətinin imkanları genişlənib. Nəticədə bir neçə aydır ki, erməni piştaxtalarında erməni etiketi ilə Ekvador bananı satılır. Hətta “ArmEc Trading” etiketi ilə banan Qazaxıstana da idxal edilir. Arutyunyan deyir ki, onların məqsədi bütün Avrasiya İttifaqı bazarını əhatə etmək, o cümlədən qonşu ölkələrə-80 milyonluq İrana və Gürcüstana çıxmaqdır.

Arutyunyanın dediyinə görə, Ekvadorla ticarət-iqtisadi əlaqələr məhz Avrasiya İttifaqının sayəsində baş tutub. Çünki Ermənistan 180 milyonluq Avrasiya İtifaqı bazarına çıxış imkanı olan ölkə kimi Ekvadorla ticarət əlaqələri qurub.

“Biz birinci Qazaxıstan bazarına çıxdıq, şirkətimizin sayəsində ora Ekvador bananı idxal olunur. Sxem belədir ki, məhsul birbaşa Qazaxıstana göndərilir, sənədlər isə Ermənistanda tərtib olunur, gəlir vergisi Ermənistan büdcəsinə daxil olur. Bu gün biz İranla danışıqlar aparırıq, İran böyük bazardır və Ekvador bananına ehtiyac duyur, lakin sanksiyalara görə malı Ermənistan üzərindən daşımaq çoxlu problemlər yaradır. Lakin belə görünür ki, biz bu vəzifəni də həll etmişik və Ekvador bananı İran bazarına Gürcüstandan, Azərbaycandan keçməklə çatdırılacaq. Gəlir vergisi isə Qazaxıstanda olduğu kimi Ermənistan büdcəsinə daxil olacaq”-Vardan Arutyunyan bildirib.

Erməni biznesmen deyib ki, hazırda şirkət eyni sxemlə banan idxalı üçün Rusiya və Belarusla da danışıqlar aparır. Onun sözlərinə görə, Rusiyada və Belarusda Ekvadordan banan idxal edən çoxlu şirkətlər var, ancaq “ArmEc Trading” Ekvadorun xarici ticarət nazirliyi ilə kifayət qədər sıx, ciddi əməkdaşlığa malikdir.

“ArmEc Trading” şirkətinin Ekvador bananını Gürcüstan və Azərbaycan üzərindən İrana idxal etmək barədə razılığı kiminlə əldə etdiyi açıqlanmır. Lakin ehtimal olunur ki, şirkət bu məsələdə hansısa Gürcüstan şirkəti ilə anlaşıb. Həmin şirkət isə “ArmEc Trading” şirkətinin Ekvadordan idxal etdiyi bananı Azərbaycan üzərindən İrana göndərməyə razılaşıb.

Bəs Azərbaycan erməni şirkətinin bananının öz ərazisindən keçməsinə və nəticədə Ermənistan büdcəsinə gəlir vergisinin daxil olmasına şərait yaradarmı? Axı Arutyunyan deyir ki, onun şirkətinin idxal etdiyi bananın üzərində “ArmEc Trading” etiketi olacaq. Beləliklə, məsələ açıq qalır və Azərbaycanın müvafiq orqanlarının izahatına ehtiyacı var.

Bənzər Yazılar