İqtisadiyyat

“Xarici şirkətlər Bakının baş planından baş aça bilməyiblər” – RƏY

“Ötən ilə qədər Dövlət Şəhərsalma və Arxitektura Komitəsi Bakı Şəhər İcra Hakimiyyətindən ayrılıb ayrı bir qurum olana qədər, paytaxtda tikinti şirkətləri istədiyi ərazidə bina inşa edə bilirdi”.

Bunu “MediaPost”a daşınmaz əmlak üzrə ekspert Elnur Fərzəliyev bildirib. Onun sözlərinə görə, həmin dövrdə tikinti şirkətləri yerli icra hakimiyyətinin sərəncamı əsasında kiçik bir ərazini alıb bina inşa edirdi: “Şəhərin səliqəsiz olmasında tikinti şirkətlərinin də günahı çoxdur. Bu gün şəhərdə tikinti sarıdan böyük sıxlıq var. Binaları harada gəldi tikirlər”.

Elnur Fərzəliyevin sözlərinə görə, artıq bir müddətdir ki, Bakının baş planı hazırlanır: “Bu, xarici şirkətə həvalə olunmuşdu, amma onlar da baş aça bilmədilər. Çünki o qədər yerlərdə binlara tikilib ki, o binaları söküb harasa köçürməyə milyardlarla pul lazımdır”.

Ekspert deyir ki, bəzi xarici ölkələrdə tikiləcək binalar üçün torpaq sahəsi dövlət tərəfindən ayrılır: “Misal olaraq şəhərin baş planı olur və o baş plana görə, tikinti işləri aparılır. Bunun üçün tenderlər keçirilir. Həmin tenderdə də göstərilir ki, hansı parametrlərə uyğun binalar tikiləcək. Bu gün bir çox ölkələrdə bu praktika tətbiq edilir”.

Elnur Fərzəliyevin bildirib ki, bugünkü gündə tikinti şirkətlərinə Azərbaycanda bina tikmək sərf etmir: “Şəhərsalma və Arxitektura İdarəsi yaranandan sonra tikinti normativləri dəyişdirildi. Əgər əvvəl bir hektar ərazidə tikinti şirkətləri 50-60 min kvadratmetrlik sahəsi olan bina inşa edirdilərsə yeni qaydalardan sonra bu rəqəm 25 min kvadratmetrə qədər azaldıldı. Hətta bu rəqəm əvvəl 16 min kvadratmetr idi. Sonradan 25 min kv. metrə qədər artırıldı. Bu gün hər hansı tikinti şirkəti həmin normativlərə uyğun tikinti işləri aparsa, ciddi zərər etmiş olar”

Ekspertin sözlərinə görə, əgər əvvəlki qaydalarla tikinti aparan şirkət, Neftçilər rayonu ərazisində mənzilin 1 kv. metrini min manata satırdısa, yeni qaydalardan sonra həmin mənzilin 1 kv. metrini 1500-1700 manata satmalı olacaq ki, həm xərcini qarşılaya bilsin, həm də gəlir əldə edə bilsin. Çünki bu gün torpaqların qiyməti həddindən artıq bahadır. Bakıda tikintiyə yararlı torpağın bir sotu 50 mindən 300 min manata qədər dəyişir. Ona görə, tikinti şirkətlərinə həmin normativlə bina inşa etmək sərf etmir. Əslində, bu, şəhərsalma baxımından müsbət hal kimi qarşılana bilər. Çünki bina tikənləri icra hakimiyyətlərinin öhdəsinə buraxanda istədikləri yerdə və istədikləri qaydada bina inşa edirlər. Misal olaraq, çoxmənzilli bina inşa edirlər, lakin həyəti, avtoparkı, uşaq meydançası olmur. Köhnə 5 mərtəbənin yerində yeni bina inşa edirlər bina tikilənə qədər səs-küy, toz-duman olur. Həmçinin nəqliyyat və insan sıxlığı yaranır”.

Bənzər yazılar

Back to top button