Bizim seçimHadisə

Aslan İsmayılovun evinə polislər göndərildi

Keçmiş vəkil, “Viza” hüquq firmasının rəhbəri Aslan İsmayılov xuliqanlıqda təqsirləndirildiyi cinayət işinə Binəqədi Rayon Məhkəməsində qərəzli baxılmasını əsas gətirərək, prosesdə iştirakdan imtina edirdi.

Bu iş üzrə təyin olunmuş son iki məhkəmə iclasına A.İsmayılov getmədiyinə görə hakim Mirheydər Zeynalov onun haqqında məcburi gətirilmə qərarı çıxarılmışdı.

Oktyabrın 22-də günorta saat 13.00 radələrində Binəqədi Rayon Məhkəməsinin bir qrup əməkdaşı Aslan İsmayılovun evinə gəlib. Həmin vaxt A.İsmayılov evdə yox, işlədiyi “Viza” hüquq firmasının ofisində olub. Bundan sonra sosial şəbəkələr vasitəsilə ictimaiyyətə müraciət edən A.İsmayılov özünə qarşı təzyiqlərdən, məhkəmə təqiblərindən danışıb.

O bildirib ki, Binəqədi Rayon Məhkəməsində onun Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyevə qarşı iddiasına baxılarkən Hacıyev məhkəməyə gəlməkdən imtina edirdi.
Onun barəsində 9 dəfə məcburi gətirilmə qərarı çıxarılsa da, icra olunmurdu: “Binəqədi Rayon Polis İdarəsinin rəisi Namiq İsmayılovdan soruşurdum ki, niyə icra eləmirsiz? Deyirdi ki, bizə qərar gəlməyib. Həmin Namiq İsmayılov bizim evimizə bir qoşun adam göndərib. Bir video yayılmışdı, orada Hafiz Hacıyev jurnalisti dostu Namiqlə hədələyirdi. Bu, həmin Namiqdi…”

A.İsmayılov ona qarşı təqiblərə görə prezidentin köməkçisi Əli Həsənovu, ədliyyə naziri Fikrət Məmmədovu ittiham edib: “Bütün bunlar mənim Milli Onkologiya Mərkəzindəki korrupsiyanı ifşa etməyimdən sonra başladı. Hər şeyimi əlimdən alıblar – Vəkillər Kollegiyasından uzaqlaşdırıblar, nümayəndə kimi məhkəmə işlərinə çıxmağa imkan vermirlər, bir yerdən qazancım yox. Ancaq mən ləyaqətsizlərin qarşısından qaçmaram. Kiməsə görə yox, məhz özümə görə. Mənim üçün haqsızlığa, şərəfsizliyə susmaq o əməllərə şərik olmaqdır”.

A.İsmayılov daha sonra Binəqədi Rayon Məhkəməsinə gedib. Hakim Mirheydər Zeynalovun sədrliyilə keçirilən məhkəmədə Binəqədi Rayon Məhkəməsində məsləhətçi vəzifəsində işləyən İlkin Əhmədzadə şahid qismində dindirilib.

O bildirib ki, A.İsmayılovun qapı çırpdığını, divarı dağıtdığını görməyib: “Otağımda idim, səs-küy eşitdim, sonra kimsə dedi ki, Aslan İsmayılov idi”.

Başqa şahidlər məhkəməyə gəlməyiblər. Təqsirləndirilən hüquqşünas digər şahidlərin də dindirilməsini tələb edib. Həmin şahidlər sırasında Binəqədi Rayon Məhkəməsinin hakimi Rəşad Əliyev və Teymur adlı köməkçisi də var.

Məhkəmə oktyabrın 29-da davam edəcək.

A.İsmayılov 2017-ci il oktyabrın 2-də Binəqədi Rayon Məhkəməsində hakim Rəşad Əliyevin onun Hafiz Hacıyevə qarşı iddiasını təmin etməməsinə etiraz olaraq, səs-küy salıb, qapını möhkəm çırpıb xuliqanlıq etməkdə ittiham olunur. Ona qarşı Cinayət Məcəlləsinin 221.1 (xuliqanlıq) maddəsilə ittiham irəli sürülüb.

A.İsmayılov özünü təqsirli bilmir, cinayət işinin saxta olduğunu, siyasi sifarişlə hazırlandığını bildirir. O, hesab edir ki, məhkəmə ədalətli, obyektiv keçirilsəydi, onun təqsirsizliyi də sübut olunardı. Ona görə də hakimdən xahiş edirdi ki, proses videolentə alınsın. Lakin hakim bu barədə vəsatəti təmin etməmişdi. Bundan sonra A.İsmayılov məhkəmədə iştirakdan imtina etmişdi.

İyul və avqust aylarında Səbail Rayon Məhkəməsində Hafiz Hacıyev və işadamı Mürvət Həsənlinin iddiaları əsasında A.İsmayılov Cinayət Məcəlləsinin 147-ci (böhtan) maddəsilə təqsirli bilinərək, haqqında iki ittiham hökmü çıxarılıb.

Meydan Tv

Bənzər yazılar

Back to top button