AnalitikaBizim seçimManşetSiyasət

Portağalın xəyanəti

ABŞ-ın məşhur mediamaqnatı R.Merdoka məxsus “Fox TV”nin Türkiyədəki uzantısının aparıcısı Fateh Portağal (Fatih Portakal) haqqında yazı yazmaq fikrinə əslində ötən il düşmüşdüm. Özü də bir dəfə yox, bir neçə dəfə. Ona görə ki, böyük biznes dalınca Avstraliyaya gedən və müəmmalı şəkildə geri qayıdıb birdən-birə jurnalist olan bu şəxsin Azərbaycan tamaşaçılarını qıcıqlandıran qələtləri bir neçə dəfə təkrarlanmışdır.

Əvvəlcə fevral ayında F.Portağalın Azərbaycanla bağlı xəbərlərə verdiyi şərhlərdə “abartması”nın doğurduğu nəticələr barədə fikrimi çatdırmaq istərdim. “Fox TV” (Türkiyə) telekanalının xəbərlər proqramının aparıcısı F. Portağalın niyə Azərbaycanla bağlı istehzalı şərhə yol verməsi səbəbi ilə maraqlanmaq əvəzinə, bəziləri az qala onu “qəhrəman”a çevirmək cəhdində bulundular. Fateh Portağal isə geri çəkilmək, ən azından etika xatirinə üzr istəmək əvəzinə məsələ ilə bağlı susmağı üstün tutdu: “Demək istədiklərimi ekran qarşısında söylədim, başqa bəyanat verməyə ehtiyac yoxdur”.

F.Portağalın Azərbaycanda gündəmə gəlməsi isə bir il bundan qabaq olmuşdu. Ötənilki aprel döyüşləri zamanı bizi ağlımızı başımıza yığmağı məsləhət görərək böyük bir qələtə yol vermişdi. Məhz Portağalın “narıncı” qələtləri məni onun soyadının haradan qaynaqlandığı barədə qısa araşdırma aparmağa sövq etdi.

Portakal türkə məxsus soyad deyil

Əvvəlcə Türkiyədə “portakal”, bizdə isə “portağal” kimi işlədilən bu sözün etimologiyası haqqında qısa məlumatı nəzərinizə çatdırmaq istərdim. Ölkəmizdə və regionda geniş yayılmış portağal meyvəsindən adını alan bu sözü nə biz türklər, nə də regiondakı digər xalqlar yaratmışdır. Əslində daha şirin növünü portuqaliyalılar Hindistandan gətirdikdən sonra Avropada bu meyvəyə belə ad qoyublar. Bundan əvvəl isə vətəni Hindistanın (bütün dünyaya yayılan qaraçılar və ermənilərin də oradan gəldiyi barədə tutarlı iddialar var) şimal-şərqi olan bu meyvəyə region xalqları “naringi”, “turuncu”, “apelsin” (sonuncu ingiliscədən tərcümədə “çin alması” mənasını verir) kimi müxtəlif adlar vermişlər.

Uzun sözün qısası, bu söz bizim leksikonumuza Avropadan daxil olub, bizdə bir qədər formasını dəyişib. Türkiyədə isə “portağal” sözü Osmanlı imperiyası dövründə qeyri-müsəlmanlar tərəfindən işlənmiş ümumi və xüsusi isim olub. O dövrdə Osmanlı təbəəliyində yaşayan ermənilər isə çox güman ki, həm portağalı, həm də bu sözü çox xoşlayıblar. Belə ki, Osmanlı dövründə Türkiyə ərazisində yaşayan ermənilər arasında “Portakalyan” soyadı geniş yayılmışdı. Hətta İstanbuldakı zəngin erməni nəsillərindən biri Portakalyanlar olub. Möhtəşəm “Potakalyan sarayı” XIX əsrin sonlarında İstanbulda inşa edilmişdir. Həmin nəsildən olan Mikael Portakalyan İstanbul Sancaqtəpə səmtində “Potakalyan sarayı”nı ucaltmışdı. Mikael Portakalyan gənc yaşlarında Parisə təhsil almağa göndərilmiş, qayıtdıqdan sonra 1858-ci ildə “Bab-ı Ali” Tərcümə Palatasında çalışmış, 1886-cı ildə Maliyyə Nəzarəti İdarəsində məsləhətçi, sonra da Ziraat (Əkinçilik) Bankının müdiri olmuşdur.

Asi Portakalyan

Lakin onun oğlu Türkiyə dövlətinə sadiq təbəə olmamışdır. Belə ki, Mkrtıç Portakalyan İstanbulda erməni məktəblərindən birində təhsil almış, gənc yaşında siyasi fəaliyyətə girişmiş, vaxtaşırı ölkə daxilində, xaricdə erməni separatçı aksiyalarına təkan vermişdir. 1885-ci ildə separatçı “Armenakan” Partiyasını yaradan asi Portakalyan Qərbi Anadolu və Balkan səfərlərindən qayıtdıqdan sonra Vanda 1878-ci ildə məktəb açmışdır. 1881-ci ildə açdığı digər məktəb isə 1885-ci ildə Osmanlı səlahiyyətliləri tərəfindən bağlanmış, M. Portakalyan isə Marselə sürgünə göndərilmişdir. Marseldə “Armenia” qəzetini çıxaran və öz mətbəəsində çap etdirdiyi bəyannamələri Türkiyənin Maraş şəhərinə göndərərək paylatdıran Portakalyan Türkiyə dövlətinə tam düşmənçilik mövqeyində olmuşdur. Özünün və şagirdlərinin çıxardığı jurnallarla erməni diasporunun və Qərb ölkələrinin diqqətini ermənilərin müstəqillik mübarizəsinə çəkməyə çalışmışdır.

“Portağalın yuxusu”
və ya ermənilər portağalı çox sevir

Yuxarıda qeyd etdiyim kimi, ən maraqlı məsələ odur ki, portağal ermənilərin ən sevimli meyvələrindəndir. Bunu Hrant Dink Vəqfi (İstanbulda nəşr edilən “Aqos” qəzetinin öldürülən baş redaktorunun adını daşıyan) və “Eurasia Partnership Foundation”un dəstəyi ilə Türkiyədə çəkilən sənədli film də sübut edir. Əyləm Şənin rejissoru olduğu “Portağalın yuxusu” adlanan filmin əsas məqsədi ermənilərin ən böyük həsrəti olan Ermənistan-Türkiyə sərhədinin açılmasıdır. Həmin sənədli filmdə Ermənistanda yaşayan 19 yaşındakı erməni qızı Hasmikin “Portağalın yuxusuzluğu” hekayəsinə istinadən separatçı ermənilərin Musa dağında türklərə qarşı mübarizələrindən bəhs edir. Hasmikin babası bu gün dənizdən uzaq, başqa iqlim şəraitində, portağalı olmayan İrəvanda yaşayır. Qoca erməni Türkiyənin Hatay vilayətindəki Vakıflı kəndində yağış altında portağal yığdığı günləri xatırlayır. Hasmik babasının hər dəfə portağal yediyi zaman Vakıflını xatırladığını və Ermənistandakı portağalların oradakı portağalın dadını vermədiyini, o yerlərin həsrəti ilə gecələri yata bilmədiyini qeyd edir.

Ermənipərəst M.Birandın “yetirməsi”

Bəs görəsən, hər fürsət düşən kimi, Azərbaycana məhz ermənipərəstlərin nəzərindən yanaşan Fatih Portağal kimdir? Onun haqqında internet ortamında yayılan məlumatlara görə, 1968-ci ildə Türkiyənin Aydın vilayətinin Nazilli rayonunda anadan olmuşdur. Onun milliyəti və hansı nəsildən gəldiyi barədə məlumat yoxdur. İbtidai məktəb və orta məktəbi Nazillidə oxuyan F. Portağal İzmir Atatürk liseyinin məzunu olmuşdur. İstanbul Universiteti Menecment (İdarəetmə) fakültəsinin ingiliscə şöbəsini 1993-ci ildə bitirmişdir.

1993-ci ildə Universitetdən məzun olduqdan sonra dostlarının birinin dəvəti ilə həm xarici dilini inkişaf etdirmək, həm də böyük biznesə atılmaq üçün Avstraliyaya (“Fox TV”-nin sahibi Rupert Merdok da Avstraliyadandır) getmişdir. Ancaq təhsil aldığı ixtisasa uyğun iş tapa bilmədiyi üçün məşhur bir hotelin Sidney filialında restoran işçisi olaraq işə başlamışdır. 3 il çalışdıqdan sonra bilinməyən səbəbdən işini ataraq Türkiyəyə qayıtmışdır.
Türkiyəyə qayıtdıqdan sonra onun mərhum yeznəsi Rza Arpaz Star TV-yə, Üfüq Güldəmirin yanına göndərmişdir. 1996-ci ildə İzmirdə müxbirliyə başlayan F. Portağal 2004-ci ildə kanalın rəhbəri dəyişən kimi işdən çıxarılmışdır. Bir müddət sonra doğulub-böyüdüyü şəhərdə xəbər agentliyinin müxbiri kimi vəzifəyə başlamışdır. Daha sonra F. Portağal yenidən restoran biznesinə girməyə cəhd etmiş, İzmir Sığacıqda balıq restoranı açmışdır.
Biznesdə növbəti uğursuzluğu onu yenidən şöhrət əldə etmək şansının daha çox olduğu televiziya sahəsinə qayıtmağa vadar etmişdir. Bir müddət sonra 11 avqust 2006-cı ildə Məhmət Əli Birandın köməyi ilə “Kanal D”-də işə başlamışdır. M. Birand PKK terrorçularının lideri Aponu Türkiyə dövlətinin axtardığı bir dövrdə hansı yolla, hansı şəraitdə, kimin dəstəyi ilə baş tutduğu naməlum olan ilk müsahibəni alan şəxsdir. O, erməni olması iddialarına cavab olaraq “ERMƏNİ OLSAYDIM, BUNUNLA QÜRUR DUYARDIM” deyən jurnalistdir. Bu azmış kimi, mərhum M. Birand İrəvana gedib Azərbaycan düşmənlərindən reportaj hazırlayaraq onların Türkiyəyə və ölkəmizə qarşı fikirlərini yaymışdır.

Ermənipərəst M. Birandın dəstəyi ilə jurnalistikada özünə yer eləyən F. Portağal 2010-ci ilə qədər burada çalışmış və həmin ilin ikinci yarısında “Fox TV”-yə keçmişdir. “Fox TV”-də səhər xəbərlərini, daha sonra eyni telekanalda əsas xəbərləri təqdim etməyə başlamışdır.

Portağalın qələtləri

İndi isə keçək, Fateh Portağalın fəaliyyətindəki antitürk cəhətlərinə. Onun bu səpkili çıxışlarının say-hesabı yoxdur. Onlardan bir neçəsini təqdim edək. 2014-cü ildə Şimali İraqda İŞİD-in işğal prosesləri zamanı oradakı türkmənlərin Türkiyə dövləti tərəfindən dəstəklənmədiyini iddia edən F.Portağal canlı yayımda belə bir cümlə işlətmişdi: “ABŞ, İraq hakimiyyəti, Peşmərgə, PKK olmasaydı, oradakı, Qəmərlidəki türkmənlər qırılacaqdı. Bu gün o türkmənlərin xilas olduğuna görə oturub-durub ABŞ, İraq hakimiyyəti, Peşmərgə və PKK-ya təşəkkür etməliyik”. Təbii olaraq belə bəyanatlar ermənilər başda olmaqla türkün düşməni olan bütün dairələri sevindirmiş oldu.
Bu bir qələt. Ötən ilin aprelində Qarabağda qızğın döyüşlər getdiyi bir vaxtda bu barədə xəbər efirə verildikdən sonra F. Portağalın şərhi doğrudan da illərdir məruz qaldığımız haqsızlığın tərkib hissəsi olan “ikili standartlar”dan başqa bir şey deyildi: “Allah iki ölkəyə də ağıl-fikir versin”. Bu bəyanat isə həmin döyüşlərdə çıxılmaz vəziyyətə düşən ermənilərin dəstəklənməsindən qeyri bir şey deyildi. Tezliklə atəşkəs elan olunması ilə ermənilər və F.Portağal kimi emənipərəstlər rahat nəfəs aldılar.

Növbəti təxribatçı hərəkət isə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Birinci vitse-prezident təyinatına qarşı anlaşılmaz və ölkəmizin daxili işlərinə müdaxilə səviyyəsində münasibəti ilə ortaya qoyulmuşdur. Hər iki halda belə bir antitürk şəxsə veriləcək ən gözəl cavab “SƏNƏ NƏ?” olardı.

Fatih Portağalın son qələti isə Türkiyə ilə Hollandiya arasındakı siyasi böhranla bağlı şərhində olub və bu əslində onun özünün kim olduğunu etiraf etməsidir: “Mənə vətən xaini deyə bilərsiniz, amma Türkiyənin də səhvləri var. Bəzi şəxslərin bunu dilə gətirməsi lazımdır”. Onun özünü xəyanətkar adlandırdığı son qələtindən sonra məncə, onun həm milliyyəti, həm də niyə türkə düşmən kəsildiyi yönündə şübhələrimiz özünü doğruldur. Hərçənd ki, ona indi durub “ERMƏNİ ƏSİLLİ” desək, bu zaman M. Birand kimi deyəcək ki, mən erməni olsaydim, özümə şərəf sayardım, bundan qürur duyardim, daha nələr-nələr. Ona görə də hələlik onun özünün yox, əməllərinin erməni təbliğatına xas olduğunu söyləmək kifayətdir.

Qaşqay ZİYƏDDİNOĞLU, Müstəqil Araşdırmaçı Jurnalistlər Liqası

İnterpress.az

Bənzər yazılar

Back to top button