ManşetSiyasət

Əliyev və Putin Ermənistan-Azərbaycan nizamlanması prosesini müzakirə ediblər

Ötən gün Səmərqənddə Şanxay Əməkdaşlıq Təşkilatının sammiti çərçivəsində Azərbaycan və Rusiya prezidentləri İlham Əliyevlə Vladimir Putinin görüşü olub.

Azərbaycan prezidentinin saytı bildirir ki, görüş zamanı Putin ikitərəfli münasibətlərin uğurla inkişafını qeyd edib. “Ticarətin, investisiyaların həcmi artır, müxtəlif nazirliklər, idarələr, parlamentlər xəttilə əməkdaşlıq həyata keçirilir”, – Putin deyib.

Sonra o, Ermənistan-Azərbaycan sərhədində son hərbi eskalasiyaya toxunub.

“Lakin, əlbəttə, Ermənistan-Azərbaycan sərhədində vəziyyətin kəskinləşməsi bu gün hamımızı çox narahat edir. Biz sizinlə bu barədə danışmışıq. Mən dünən gecə Ermənistanın baş naziri Nikol Paşinyanla danışmışam. Siz bunu bilirsiniz, mən bu barədə sizi məlumatlandırmışam. Yaxşı ki, əlaqələndirilmiş səylərimiz sayəsində eskalasiyanı dayandırmaq mümkün olub, lakin mən belə başa düşürəm ki, hələ də vəziyyət gərgin olaraq qalır.

Sizinlə görüşmək, bütün bu məsələlər barədə söhbət etmək imkanına görə çox şadam, çünki onların hamısı vacibdir”, – Putin deyib.

Öz növbəsində, Əliyev qeyd edib ki, müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında bəyannamə imzalanandan sonra da müxtəlif sahələr üzrə mühüm sənədlər imzalanıb və bütövlükdə əmtəə dövriyyəsində və nəqliyyat sahəsində yükdaşımaların həcmi artır.

“Həmçinin indi biz tranzit imkanlarımızın potensialını tam həcmdə işə salmaq niyyətindəyik. Belə ki ki, nəticələr göz qabağındadır. Əminəm ki, biz bu ili bütün istiqamətlər üzrə yaxşı nəticələrlə başa vuracağıq”, – Əliyev sözünə davam edib.

O həmçinin “Ermənistan-Azərbaycan sərhədi zonasında vəziyyətin kəskinləşməsinə, eskalasiyaya operativ reaksiya verdiyinə görə” Putinə təşəkkür edib.

“Döyüş toqquşmaları 8 saatdan az davam edib və dayandırılıb. Doğrudur, erməni tərəfi atəşkəs rejiminə dərhal əməl etməyə başlamadı, lakin bütövlükdə artıq iki sutkaya yaxındır ki, atəşkəs rejiminə riayət olunur. Sərhəd münaqişələri olur. Lakin əsas budur ki, vəziyyəti sabitləşdirmək, onu dinc şəraitə keçirmək mümkün olub”, -Əliyev qeyd edib.

İndi əsas məsələ münasibətlərin başlanmaqda olan normallaşması prosesini pozmamaq, bu istiqamətdə irəliləməkdir, – o deyib.

“Biz Rusiyanın bu istiqamətdə, o cümlədən Rusiya, Azərbaycan və Ermənistan baş nazirlərinin müavinləri səviyyəsində nəqliyyat kommunikasiyalarına dair üçtərəfli komissiya çərçivəsində, delimitasiya prosesi çərçivəsində səylərini, habelə sülh sazişinə dair danışıqlara başlamaq planlarını alqışlayırıq. Əlbəttə, biz bunu ətraflı müzakirə edəcəyik”, – Əliyev qeyd edib. O bir daha təkrarlayıb ki, Azərbaycan İkinci Qarabağ Müharibəsindən sonra Rusiya, Azərbaycan və Ermənistan arasında imzalanmış üçtərəfli sənədlərə sadiqdir. “Biz Qafqazda vəziyyətin sabit olması üçün nə lazımdırsa edəcəyik”, – prezident deyib. (Turan)

Bənzər yazılar

Back to top button