Mədəniyyət

“Gövhər ağa Cavanşir” adlı tarixi romanı nəşr edildi

Yazıçı-publisist Mehriban Vəzirin müəllifi olduğu “Gövhər ağa Cavanşir” adlı tarixi romanı nəşr edilib.

Bu barədə Azərbaycan Qadınlarının Siyasi Mədəniyyət Mərkəzinin sədr müavini Leyla Kərimova AzToday.az-a məlumat verib.

Əsərdə Qarabağın 18-19-cu yüzillərə aid tarixi hadisələri, siyasi və ictimai proseslər, bu proseslərin içindən keçən insan taleləri, xüsusilə, Gövhər ağanın ağır həyat hekayəsi mühüm yer alır. “Gövhər ağa Cavanşir” tarixi romanında xanqızının hakimiyyətlərin qurbanına çevrilən taleyindən və misilsiz ictimai xidmətindən bəhs edilir.

Müəllifin sözlərinə görə, qarabağlı İbrahim xanın qızı Gövhər ağa Cavanşir adı tarixdə yaşayan mütərəqqi xanımlardan biridir: “O, gözəlliyinə görə “Qarabağ Gözəli” və “Qafqaz Gözəli” titulları daşıyırdı. Qafqazın ən zəngin xanımı idi, mülkiyyəti Arazın bu tayından Gəncəbasara, Zəngəzur meşələrinə kimi uzanırdı. Xeyirxahlığının və maarifçiliyinin hüdudu yox idi. O, dövrününü siyasi və ictimai gedişatının ən mühüm aktorlarından biridir.

Şuşa qalasında tikdirdiyi iki məscid – “Yuxarı Gövhər ağa məscidi”, “Aşağı Gövhər ağa məscidi” – hər birinin nəzdində pansionlu mədrəsə, məktəb, pulsuz təhsil, kitabxana, azarlıxana, kimsəsizlər evi, körpü, su quyusu… onun xalqa töhfəsidir.

Gövhər ağa qurucu bir şəxsiyyət idi, özü yüksək təhsilli bir xanım olaraq elmi, təhsili, maarifi şövqlə təşviq edirdi. Qarabağda və hüdudlarından kənarda yaşayan 20 nəfərdən çox alimə, şairə ömrü-maaş (ömürlük maaş) bağlamış, mülkiyyət bağışlamışdı.

Yazıçı Mehriban Vəzir kitabın ön sözündə oxucuya belə xitab edir: Gövhər ağa deyib tarixə boylanarsınızsa əsir Şuşa qalasından sizə “Gövhər ağa məscidi”nin qoşa minarəsi boylanar… O qoşa minarə gözəl xanqızının dözümü və əzmi kimi ucalar… iki intizar, iki çeşmə göz kimi baxar… yolunu gözləyər… Vətənimizin taleyi bizim taleyimizi müəyyən edir. Vətənimizə biçilən donu biz geyinirik. Gövhər ağanın da yazısı Qarabağın qara yazısı, Qarabağın tarixidir… Tariximiz qəhrəmanlarımızın itmiş həyat hekayələri ilə dolub daşır… Şuşadan boylanan əsir minarələrin adında yaşayan Gövhər ağa o itirilmiş hekayələrdən birinin ünvanıdı… Gövhər ağanın taleyi Qarabağın taleyidi… həm də Qarabağın tarixidi… İstəyim… tarixi şəxsiyyətlərimizin fədakar ömürlərinin hekayələşməsi, belə uca adların qəlblərə köçməsidir.

Kitab Azərbaycan Respublikasının prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə “Gövhər ağa Cavanşirin (1790-1868) həyatı və ictimai fəaliyyətindən bəhs edən kitabın yazılması və nəşri” layihəsi çərçivəsində Azərbaycan Qadınlarının Siyasi Mədəniyyət Mərkəzi İctimai Birliyi tərəfindən hazırlanmışdır.

Bənzər yazılar

Back to top button