AnalitikaManşetSiyasət

Moskvanın aprel qorxusu (TƏHLİL)

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov martın 6-da Moskvada rusiyalı həmkarı Sergey Lavrovla görüşdü. Nazirlər Rusiya və Azərbaycan arasında diplomatik münasibətlərin qurulmasının 25 illiyinə həsr olunan sərgidə iştirak etdilər. Sərgidə çıxış edən nazirlər bildirdilər ki, 25 ilə ərzində Rusiya ilə Azərbaycan arasında 500-dən çox sənəd imzalanıb. İki ölkə arasında münasibətlərin strateji tərəfdaşlıq səviyyəsində olduğunu vurğulayan rusiyalı nazir bildirdi ki, Rusiya və Azərbaycan arasında əlaqələr bütün sahələrdə inkişaf edir. Daha sonra nazirlər ikitərəfli görüş keçirdilər. Bu görüşdə Dağlıq Qarabağ münaqişəsi müzakirə olundu.

Görüşdən nəticə çıxmadı. Rusiyanın Dağlıq Qarabağ münaqişəsinin həllindəki mövqeyi Azərbaycanın lehinə dəyişməyib. Bunun əlaməti yoxdur. Sergey Lavrov hələ bir ay əvvəl demişdi ki, “Dağlıq Qarabağ Azərbaycanın daxili işi deyil”. Onun “Rayonların boşaldılması bölgənin status müzakirələri ilə paralel getməlidir” fikri də rəsmi İrəvanın mövqeyi ilə üst-üstə düşür. Bu açıqlamalar varkən, Lavrovun qəfil münaqişənin “mərhələli həll”inə üstünlük verəcəyi az ehtimal olunur. Elə Elmar Məmmədyarovun özü də bundan əvvəl Lavrovla görüşdən sonra demişdi ki, “bu görüşdən optimist ayrılmadım” .

Rəsmi Bakı Moskvanın Qarabağ siyasətindən narazı olsa da, Kremli dinləmək məcburiyyətindədir.
Birincisi, Lavrov erməni həmkarı Edvard Nalbandyanla tez-tez Moskvada görüşür. Məmmədyarov nəticəsiz olsa belə Lavrovla görüşdən imtina etsə, bu Moskvada narazılıqla qarşılanacaq. Bakı isə Moskva ilə münasibətləri gərginləşdirmək istəmir.

İkincisi, Minsk Qrupunun 3 həmsədrindən ancaq Rusiya fəaldır, o birilərin münaqişənin hazırki vəziyyəti maraqlandırmır, Paris və Vaşinqton növbətçi açıqlamalarla kifayətlənirlər. Ona görə də Bakı Qarabağ məsələsini yalnız Moskva ilə müzakirə etmək məcburiyyətində qalıb.
Başqa sual da aktualdır: Münaqişənin həllində irəriləyiş yoxdursa və yeni nəsə müzakirə olunmursa Sergey Lavrovun erməni və azərbaycanlı həmkarlarıyla Moskvada tez-tez görüşməkdə məqsədi nədir?

Bu görüşlər heç də münaqişənin qısa müddətdə həlli ilə bağlı deyil. Kreml sadəcə İrəvan kimi aprel ayından qorxur. İrəvan kimi Moskva da düşünür ki, Azərbaycan ordusu aprel ayında irimiqyaslı hücuma keçə bilər. Digər tərəfdən aprel ayında Ermənistanda həyati əhəmiyyətli parlament seçkisi keçiriləcək. Apreldə savaş olarsa bu Ermənistandakı seçkini də qarışdıracaq. Moskva isə bunu istəmir. Ona görə də Kreml Məmmədyarov vasitəsilə rəsmi Bakıya xəbərdar etmək istəyir ki, aprel də daxil olmaqla Azərbaycan ordusu atəşkəsə riayət etsin.

Moskvanın bu istəyi rəsmi Bakı üçün tələdir. Moskva və İrəvan status-kvonu qorumağa çalışırlar. Bu isə Azərbaycanın maraqlarına ziddir. Rəsmi Bakı daima status-kvonun dəyişdirilməsi haqqında düşünmək məcburiyyətindədir. Moskvanın israrları qarşlığında cəbhə bölgəsində aprel ayı sakit keçsə belə, növbəti ayların sakit keçəcəyinə təminat yoxdur.

“Atlas” Araşdırmalar Mərkəzi

Bənzər yazılar

Back to top button