Siyasət

Paşinyanın son açıqlaması onun növbəti sərsəmləməsidir… – Politoloq

“Bu, naşı və axmaq bir hökümət başçısı olan Paşinyanın növbəti sərsəmləməsi kimi qəbul olunmalıdır”.

Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Natiq Miri Ermənistanın Baş naziri Nikol Paşinyanın “Ermənistan Türkiyə ilə sərhədlərini açmayacaq” fikrinə münasibətində deyib. Politoloqun fikrincə, bu, Paşinyanın arzusu deyil:

“Bu gün Ermənistan çox xoşbəxt olardı ki, Ermənistan-Türkiyə sərhədləri açılardı. Çünki Ermənistan-Türkiyə sərhədlərinin açılması Ermənistanın Qərbə inteqrasiyasını gücləndirərdi. Həm ticarət, həm də digər yöndə, xüsusi ilə də Qərblə əməkdaşlığını gücləndirərdi ki, bu da Ermənistan bazarına, iqtisadiyyatına öz müsbət töhvəsini verərdi. Əgər Qarabağ probleminin həlli məsələsində Ermənistan Türkiyəni görmürsə və bunu istəmirsə, proses Türkiyəsiz davam edərsə, Türkiyə Ermənistanla sərhədləri açmayacaq. Yəni, ağılı başında olan adam bunun reallaşmasını istəyər. Çünki bundan əvvəlki Ermənistan prezidentləri, xüsusi ilə Serj Sarkisyan hətta bununla bağlı Amerikanın təhriki, müəyyən mənada təşəbbüsü ilə Ermənistan-Türkiyə sərhədlərinin açılması və bu iki dövlət arasında diplomatik münasibətlərin yaranması ilə bağlı İsveçrədə protokol imzalamaşdılar. Sadəcə, ortada Türkiyənin konkret şərti oldu ki, bu sərhədlər Azərbaycan, Qarabağ torpaqları işğal olunduğu üçün bağlanıb. Bu səbəb aradan qalxmayınca, işğal edilən torpaqlar azad olunmayınca, sərhədlərin açılması da mümkün deyil. Ona görə də bu, təkcə Türkiyə-Ermənistan deyil, həm də Azərbaycan məsələsidir. Belə bir şərt ortaya qoyulduğu üçün Ermənistan bunu qəbul etmədi, İsveçrədə imzalanan protokolu -Konstitusiya Məhkəməsinə daşıdı. Konstitusiya Məhkəməsi də bu sənədi etibarsız saydı. Beləliklə də bu protokolun icraatı birtərəfli olaraq dayandırıldı. Bundan sonra Türkiyə də bu sənəddən imtina etdi”.

Natiq Miri qeyd edib ki, indiki vəziyyətdə Dağlıq Qarabağ problemi həll olunmaqdadır:

“Üfüqdə bunun həll olunması artıq görünməkdədir. Belə olduğu təqdirdə Ermənistanın Azərbaycanla normal münasibətlər yaratmaq məcburiyyəti var. Bu, əslində Azərbaycandan çox Ermənistanın xeyrinədir. Azərbaycanla münasibətlər həm də Türkiyə ilə münasibətlərin yaranmasına gətirib çıxardacaq. Nəticə etibarə ilə Ermənistan-Türkiyə sərhədləri açılacaq və Ermənistan əslində blokadadan çıxacaq. Blokadadan çıxmaq Ermənistanın xeyrinə olan bir məsələdir. Ermənistan elə də böyük bir bazar deyil ki, Türkiyə üçün maraqlı olsun”.

Politoloq əslində İranla sərhədlərin bütün zamanlarda açıq olduğunu vurğulayıb:

“Bu sərhədlərin açıq olması Ermənistan iqtisadiyyatının inkişaf etdirməyib. Ancaq dəmir yol xəttinin açılması həm də Ermənistanın xeyrinə olan məsələdir. Niyə? Çünki təkcə bu yoldan Azərbaycan-Türkiyə istifadə etməyəcək. Eyni zamanda Rusiya Azərbaycandan həm quru, həm də dəmir yolu vasitəsi ilə birbaşa Ermənistana çıxış əldə edəcək ki, bu da bütün cəhətlərdə onların xeyrinədir. Çünki Rusiyanın Gürcüstan vasitəsi ilə Ermənistana dəmir yolu bağlıdır. Gürcüstan bu gün də buna imkan vermir. Ona görə də Mehri yolu açılarsa, Naxçıvan-Azərbaycan quru yolu təmin olunarsa, bundan ən çox qazanan Ermənistan olacaq. Paşinyanın dedikləri daha çox daxili aiditoriyaya hesablanan çıxışıdr. Çünki bu gün Paşinyana qarşı ictimaiyyətdə bir qəzəb var. Müxalifət, xüsusi ilə də Qarabağ klanı revanş götürərək, Qarabağdakı məğlubiyyətdən istifadə edərək Paşinyanı devirmək istəyir. Düşünürəm ki, Paşinyan da bu fikri ictimaiyyətə hesablayıb”.

Qeyd edək ki, Ermənistanın Baş naziri Nikol Paşinyan Ermənistan-Türkiyə sərhədlərinin açılmayacağını bəyan edib. “Ermənistan Naxçıvan vasitəsilə İrana dəmir yolu imkanı əldə edə bilər, amma Türkiyə ilə sərhədlər açılmayacaq. Ermənistan-Türkiyə sərhədi açılmayacaq, çünki Türkiyə Qarabağla bağlı üçtərəfli bəyanatın iştirakçısı deyil”, – Paşinyan bildirib.

Bənzər yazılar

Back to top button