Hadisəİqtisadiyyat

Azərbaycanı qumarxanaya çevirən DEMİRÖREN ŞƏBƏKƏSİ… – Bunların arxasında KİM DAYANIB?

Son zamanlar telekanallarda aqressiv reklamları səbəbindən daha da populyarlaşan, populyarlaşdıqca da xəstəlik kimi artan şans oyunları –lotereya aludəliyi cəmiyyətimizdə yayılır, geniş vüsət alır.

Mənəvi-psixoloji və sosial durumu əlverişsiz olan insanların immun sistemi bu “xəstəlik”lə mübarizə apara bilmir, maddi tələbata ehtiyac duyan, yaxud da oturduğu yerdən qazanc əldə etmək xülyasına qapılan insanlar üçün şans oyunları adlanan bu qumar oyunları “vazkeçilməz fürsətlər məkanı”na çevrilir.

Bu “fürsətlər məkanı” isə artıq Azərbaycana başqa ölkələrdən gətirilir – xarici şirkətlərin lotereya reklamları telefonlarımızın, kompüterlərimizin, televizorlarımızın künc-bucağını “bəzəyir”. Məsələn, Türkiyənin “Demirören Şans Oyunları” şirkətinə məxsus olan “Misli” həmin qumar oyunlarından biridir və biz çox zaman onun zəhlətökən, təhrikçi və aldadıcı reklamlarının “məcburi izləyici”sinə çevrilə bilirik.

Maraqlıdır ki, “Demirören” belə aressiv, yəni insanların evlərinə soxulub övladlarını “əlindən alan” reklam kampaniyasını Türkiyə kanallarında ya apara bilmir, ya da aparmaq istəmir. Yoxsa, Azərbaycan təcrübə meydanı kimi istifadə olunur? Hər halda “Demirören” şirkətinə də bu barədə bir sorğu göndərəcəyik.

Nəticə budur ki, Azərbaycanda az qala hamı bu vəziyyət barədə “Türkiyə edib” deyə düşünür. Türkiyənin bir qumar şirkəti və onun Azərbaycandakı havadarları indi iki ölkə arasında bütün dünyanın həsəd apara biləcəyi qardaşlıq münasibətlərinin üzərinə “qara kölgə” kimi enib…

Özümüzün yerli və milli “rəsmi qumar” oyunlarımız, yaxud da daha etik adı ilə lotoreya və şans oyunları nə üçün öz yerini xarici şirkət oyunlarına ötürür, onlara daha çox reklam şəraiti yaradılır? Dövlət iqtidasiyyatının bu məsələdə qazancı nədən ibarətdir?

Dia.az-ın məlumatına görə, suallarla əlaqədar Bizimyol.info-ya danışan iqtisadi ekspert Əkrəm Həsənov bildirib ki, bu oyunların dövlətə xeyri qədər ziyanı da çoxdur: “Bu oyunların təşkilindən sonra gələn qazancın böyük bir hissəsi təbii ki, həmin şirkətə məxsusdur. Təbii ki, bu qazancdan dövlətə də müəyyən pay düşür, vergilər gəlir. Ancaq burda dövlətin uduzduğu məqamlar da var, hansı ki, ilk baxışdan bu, görünmür. Ancaq əsas məğlub tərəf bu oyunlara qurşanan vətəndaşlardır. O vətəndaşlar ki, mütləq əksəriyyəti uduzur. Udan isə barmaqla sayılası bir neçə nəfər olur, onların da adlarını tez-tez reklam edirlər ki, digər insanlar şirniklənsinlər. Digər tərəfdən, mən hesab edirəm ki, bizim dövlətin bu məsələyə münasibəti riyakardır. O dövlət ki, bir tərəfdən kazinonu qadağan edir, deyir, kazino olmaz. Kazino olmaz, amma bu, olar. Deputatlar da bu haqda qanun qəbul ediblər. Onda bizə bu ikisi arasındakı fərqi izah etsinlər ki, şans oyunlarının kazinodan fərqi nədir? Ona görə ki, burada müəyyən maraqlar var, riyakarlıq da burdadır. Guya təəssürat yaratmağa çalışırlar ki, kozino pis, şans oyunları isə yaxşıdır, amma halbuki ikisi də eyni şeydir. Məsələn, Gürcüstanda qumar icazəlidir və dövlət də ordan xeyli gəlir əldə edir. İndi bizdə də bunu ya qadağan etsinlər, ya da rəsmi qaydada və nəzarət mexanizmləri ilə tətbiqinə şərait yaratsınlar.

O ki qaldı xarici lotereya şirkətlərinin aqressiv reklam kampaniyalarına, bildiyiniz kimi, bizim cəmiyyətimizdə belə bir adət var: idarəetməyə, yaxud hansısa rəhbər vəzifəyə bir xaricini dəvət edirlər, ona çox yüksək maaş , ev verib, başqa şəraitlər də yaradırlar. Halbuki, Azərbaycanın özündə həmin sahələrdə peşəkar mütəxəssislər də var. Öz işçilərimizə, mütəxəssislərimizə maaşı az veririk, amma xaricdən gələnləri qaldırırıq dağın başına. Ancaq mən müşahidə etmişəm ki, Azərbaycana gələn xarici mütəxəssislərin əksəriyyəti savadsız və qeyri-dürüstlərdir. Amma buna baxmayaraq, onlara çox yaxşı şərait yaradırlar. Bəzi yerli məmurlar isə bu xarici “qonaqlar”la öz qabiliyyətsizliklərini, uğursuzluqlarını və yarıtmazlıqlarını ört-basdır etməyə çalışırlar. Sabah iş, biznes alınmayanda, deyəcəklər, “nə edək, hətta xaricdən də mütəxəssis gətirdik, alınmadı”. Ya da elə həmin xarici şirkətlərlə əliəyri işlər görürlər. Özümüzünkülər olanda dərhal hər kəsdə şübhə yaranır, amma başqalarını dəvət edəndə, özlərini sudan duru, təmiz adlandıra bilirlər: “Bizim rəhbərimiz Avropadan gələn Condur, Türkiyədən gələn Mehmetdir, bizdə yeyinti, dələduzluq, oğurluq ola bilməz, nə danışırsınız?” Amma bəlkə də azərbaycanlılar o postlarda yer tutsa, heç bir o qədər oğurluq olmazdı, ancaq xaricilər gələndə, buranı dağıdırlar.

İndi Azərbaycan iqtisadiyyatının ən böyük problemlərindən biri nədir – inhisar. İyirmi ilə yaxındır, bu inhisarçılıq məsələsini həll edə bilmirlər, ona görə ki, burada çoxlarının maraqları toqquşur. Bu xarici şirkətlərin ölkəyə dəvət olunması da həmin inhisarçılığın başqa bir modelidir. Biri qınayanda ki, niyə imkan vermirsiniz öz şirkətlərimizi quraq? Onda da cavab verirlər, “siz nə danışırsınız, bunlar bizim türkiyəli qardaşlarımızdır, burda heç bir inhisardan söhbət gedə bilməz. Onlar gəlib burda bizə öyrədirlər, ancaq yerli mütəxəssislər bilmirlər”.

Bir sıra xarici şirkətlər, o cümlədən Türkiyə şirkətləri ki, ölkəmizə gəlirlər, onların qazancında Azərbaycan məmurlarının da payı var. Sizə belə bir şey deyim: mənim hüquqla yanaşı, iqtisadi təhsilim də var. Hərdən xarici şəxslər də yanıma gəlib, məsləhət almaq istəyirlər ki, Azərbaycanda biznes qursunlar. Onlara deyirəm ki, burda biznes qurmaq təhlükəlidir, heç nəyə təminat yoxdur. Sabah nə qanun, nə məhkəmə, istənilən şeyi bizim məmurlar sənə edə bilərlər. Belə bir şəraitdə hansısa xarici şirkət gəlib, uğurlu fəaliyyət göstərəndə, 99 faiz inanmaq olar ki, o, təmiz xarici deyil. O, hansısa yerli məmura bağlıdır”.

Bənzər yazılar

Back to top button