GündəmManşetSiyasət

Əliyev və Erdoğan Azərbaycan-Türkiyə ittifaqının sarsılmaz olduğunu təsdiq ediblər

Türkiyə və Azərbaycanın dostluğu və qardaşlığı sarsılmazdır, iki ölkə liderinin – Recep Tayyip Erdoğan və İlham Əliyevin bu gün Bakıda təkbətək və geniş tərkibdə keçirilən görüşdən sonra mətbuat üçün verdikləri bəyanatda əsas fikir bundan ibarət olub.

“Türkiyə və Azərbaycan bundan sonra da “Bir millət, iki dövlət” prinsipi əsasında sıx əməkdaşlıq edəcəklər. Ölkələrimizin dostluğu və qardaşlığı sarsılmazdır”, deyə Erdoğan bildirib.

O, danışıqların məzmununa toxunaraq qeyd edib ki, iki ölkə arasında dialoqun gündəliyində ən mühüm məsələ energetikadır. “Bu gün xüsusən Avropa Türkiyə ərazisindən qaz tədarükündə çox maraqlıdır. Onlar daim bizdən xahiş edirlər. Biz də öz növbəmizdə lazım olan hər şeyi edirik və bu istiqamətdə səyləri davam etdirəcəyik”, deyə Erdoğan bildirib.

O, həmçinin Cənubi Qafqazdakı vəziyyətə diqqət çəkib.

Türkiyə prezidenti qeyd edib ki, “Zəngəzur dəhlizi” məsələsinin mümkün qədər tez həll olunması çox vacibdir, bu, Türkiyə-Azərbaycan əlaqələrinin möhkəmlənməsinə töhfə olacaq.

Azərbaycan prezidenti də “Zəngəzur dəhlizinin” açılmasının mütləq olduğunu deyib. “Biz bu istiqamətdə işi gücləndirəcəyik. Dəhlizin açılması bir çox ölkələr üçün yeni imkanlar açacaq və regionda əməkdaşlığa müsbət təsir göstərəcək”, deyə Əliyev qeyd edib.

O, həmçinin Orta Dəhlizin əhəmiyyətinin artdığını vurğulayıb.

Onun sözlərinə görə, Xəzərdən və Azərbaycan ərazisindən daşınan yüklərin həcmi ildən-ilə artır.

“Buna görə biz nəqliyyat və logistika imkanlarımızı genişləndiririk. Biz Bakı limanının potensialını 75 milyon tona qədər artırırıq. Dəmir yolunu, gəmiqayırma zavodunu və digər nəqliyyat infrastrukturunu ən müasir səviyyəyə qaldırırıq”, deyə prezident Əliyev qeyd edib.

O, həmçinin Azərbaycan qazının Türkiyə ərazisindən Avropa ölkələrinə ixracının artmasına diqqət çəkib. “Buna da böyük tələbat var”, deyə Azərbaycan prezidenti əlavə edib.

“Bizim energetika sahəsində işimiz təbii qaz məsələsi ilə məhdudlaşmır. Bu gün biz bərpa olunan enerji növləri sahəsində əməkdaşlıq haqqında fikir mübadiləsi apardıq. Bu gün biz qaz, neft, neft məhsulları, neft-kimya məhsulları, elektrik enerjisi məsələlərində fəal əməkdaşlıq edirik”, deyə Azərbaycan prezidenti qeyd edib.

O, eyni zamanda bildirib ki, Azərbaycan və Türkiyənin birliyi Cənubi Qafqaz regionu və bütün Türk dünyası üçün vacibdir.

Onun sözlərinə görə, Azərbaycan və Türkiyə “bundan sonra da xarici siyasət üzrə ortaq mövqeyə əsaslanacaqlar”.

Əliyev geosiyasi proseslərin “beynəlxalq hüququn əhəmiyyətini və effektivliyini azaltdığını” hesab etdiyini qeyd edib. “Təəssüf ki, bu gün güc amili ilk plana çıxır, beynəlxalq hüquq isə işləmir. Biz Azərbaycan ərazilərinin Ermənistan tərəfindən 30 illik işğalı ərzində bunun şahidi olduq. Danışıqlar nəticə vermədi. Bizim gücümüz nəticə verdi”, deyə Azərbaycan prezidenti bildirib.

O, həmçinin qeyd edib ki, Azərbaycan ordusu bundan sonra da Türkiyə modeli əsasında inkişaf edəcək. Əliyev 16 birgə hərbi təlim planlaşdırıldığını bildirib.

Tərəflər təhsil sahəsində əməkdaşlıq məsələlərini də müzakirə ediblər. Bununla əlaqədar Erdoğan tezliklə Türkiyə-Azərbaycan Universitetinin açılacağını bəyan edib.(Turan)

Bənzər yazılar

Back to top button