Etibar Pirverdiyevin “Kurtlar Vadisi” – STP

by AzToday.az

İnşasına 2007-ci ildən başlanılan Sumqayıt Texnologiyalar Parkı Azərbaycanda qeyri-neft sektorunun inkişafı istiqamətində həyata keçirilən ən böyük layihə hesab oluna bilər. Hazırda özündə 17 zavodu birləşdirən böyük Texnopark 2009-cu il dekabr ayının 22-dən istismara verilmişdir. Əlbəttə, ökədə qeyri-neft sektorunun inkişafı baxımından belə böyük layihələrin həyata keçirilməsi vacibdir. Ancaq təəssüf ki, ölkənin gələcəyi baxımdan böyük əhəmiyyət daşıyan bu layihələrin icrasına məsul olan şəxslər də qanunsuzluqlara, ədalətsizliyə və mənimsəmələrə yol verirlər. Hər halda cumhuriyyet.az olaraq media üzərindən apardığımız araşdırmalarda rastlanan məlumatlar belə söyləməyə əsas verir.
Qeyd edək ki, Sumqayıt Texnologiyalar Parkı 6 aprel 2012-ci ildə Vergilər Nazirliyində “Sumqayıt Texnologiyalar Parkı” MMC kimi qeydiyyatdan keçib. Vergilər Nazirliyinin 6 aprel 2012-ci il qeydiyyat məlumatında “Sumqayıt Texnologiyalar Parkı”nın sahibinin adı da göstərilib: “AZENCO GROUP” Məhdud Məsuliyyətli Cəmiyyəti. Texnoparkın icraçı direktoru Sahib Musayev olsa da, burdakı bütün işlərə nəzarət “Azərenerji”nin prezidenti Etibar Pirverdiyev tərəfindən həyata keçirilir. Hər halda son vaxtlara qədər belə olub. İşcilər də “STP”-nin rəhbəri kimi Etibar Pirverdiyevi tanıyırlar. Hətta cumhuriyyet.az olaraq xatırladaq ki, bir ara mətbuata şikayət edən işçilər Texnoparkdakı sexlərdən birinə rəhbərlik edən Etibar Pirverdiyevin bacanağı Zeynal Yunusovun özünü bütün zavodun ağası kimi apardığını bildirmişdilər. Bu məmurun nəzarətindəki Sumqayıt Texnologiyalar Parkında (STP), “Azenco” şirkətində, eləcə də “Azərenerji” ASC-də yaşanan çoxsaylı problemlər, maaş böhranı belə deməyə əsas verir. Bundan əlavə Texnoparkdakı malliyə məsələlərinə Pirverdiyevin şəxsən nəzarət etdiyinə dair məlumatlar var. Bu baxımdan Texnoparkda tətbiq olunan anormal “paket” sisteminin müəllifinin də Pirverdiyev olduğunu ehtimal etmək olar. Hansı ki, bu işçilər arasında narazılıq yaradıb. Bütün bunlar, həmçinin Rabitə və yüksək texnologiyalar naziri Əli Abbasovun tutduğu vəzifədən azad edilməsi onun qudası, “Azərenerji” ASC-nin sədri Etibar Pirverdiyevin adının mətbuatın gündəminə tez-tez gəlməsinə səbəb olub. Bəzi mənbələrin iddiasına əsasən, ASC rəhbəri tezliklə qudasının aqibətini yaşaya və işindən çıxarıla bilər.
Mətbuatda yayılan məlumatlara görə, ASC sədrinə yaxın olan şəxslər STP-də əsas söz sahiblərinə çevriliblər və qanunsuz işlərə imza atmaqdan çəkinmirlər. Həmin məlumatlardan bir qismini cumhuriyyet.az olaraq diqqətinizə çatdırırıq: “Texnoparkın yerləşdiyi ərazidə özbaşınalıq pik həddə çatıb. Adi bir misal gətirmək istəyirəm. Parkı əhatə edən sahə bütünlüklə betonlanıb, amma ayrılan vəsaitlərin bir hissəsi küləyə sovrulduğu üçün iş keyfiyyətsiz görülüb. Bu səbəbdən hazırda beton örtük çat verib. İndi isə çat vermiş hissələri təmir etmək adı altında əlavə sərfiyyata yol verirlər. Etibar Pirverdiyevə yaxın olan şəxslərə xidməti maşın təsis edilib. Bu məqsədlə ayda külli miqdarda dövlət vasaiti yanacağa silinir. Bəzi maşınlar STP-nin balansında olsa da, burdan yanacaqla təmin edilsə də, məmurun villalarında və obyektlərində islədilir. Bunların hamısı faktdır, sadəcə araşdıran yoxdur”. Redaksiyamıza daxil olan digər məlumatda isə qeyd olunur ki, cəmiyyət sədrinin ailə üzvlərindən bir neçəsi texnoparkda mühüm vəzifə tutsalar da, işə getmirlər: “Məsələn, onun qızı Dünya xanım STP-də söbə müdiridir. Ona ayda filan qədər maaş yazılır, ancaq buna baxmayaraq, işə gəlmir. Biznesin inkisafı idarəsinin rəisi Cəmil Qasımov Etibar Pirverdiyevin qızının tələbə yoldaşı olub. İxtisasca hüquqşünasdır. Ona vəzifə verməkdən ötrü xüsusi idarə yaradıblar. O hazırda Biznesin İnkişafi İdarəsinə rəhbərlik edir. Bundan başqa, Ağır Maşınqayırma Zavodunun gənc direktoru Rzabəy Məmmədov da ASC sədrinin yaxın adamı hesab olunur. Bu şəxslər Sumqayıt Texnologiyalar Parkında özlərini çox yüksəkdən aparır, sıravi işçilərə yuxarıdan aşağı baxırlar. Belə insanların məsuliyyətli vəzifələrə qoyulması texnoparkın fəaliyyətində problemlərin əmələ gəlməsinə səbəb olub. Texnoparkın icraçı direktoru Sahib müəllim ASC sədrinin özbaşına işlərə imza atan adamlarına heç bir irad tuta bilmir. Belə olan təqdirdə çanaq yenə də işçilərin başında çatlayır. Bu insanların qanundan kənar əməllərindən əziyyət çəkən işçilərdir”. Məlumatlı mənbələrin bildirdiyinə əsasən STP-yə xaricdən alınan avadanlıqların qiyməti şişirdilərək baha sənədləşdirilir. Bunun nəticəsində büdcə vəsaitlərinin mühüm hissəsi bir qrup şəxsin cibinə səmtləndirilir: “Texnoparkın lazımlı maliyyə sənədlərinin çoxu məhv edilib. Törəmə şirkətlər vasitəsilə büdcə vəsaitləri yoxa çıxarılır. Aidiyyəti dövlət qurumları burda araşdırma aparsalar, o qədər qanunsuzluq üzə çıxar ki. Sadəcə, Etibar Pirverdiyev buna imkan vermir. Hesablama Palatası və Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəsmiləri STP-də dəfələrlə yoxlama aparıb qanun pozuntularını aşkara çıxarıblar. Lakin STP rəhbərliyi sonradan onları ələ almağı bacarıb. Beləliklə, adı çəkilən qurumların nümayəndələri üzə çıxardıqları nöqsanları ört-basdır ediblər”
Bu günlərdə redaksiyamıza Sumqayıt Texnologiyalar Parkında olan yeyinti haqqında məlumat daxil olub. Məlumatda qeyd edilir ki, son zamanlar tamam təsadüf nəticəsində maraqlı bir fakt ortaya çıxıb. Müəssisənin plastik boru satışı üzrə cavabdeh şəxs, 2010-cu ildən bu sahədə çalışan Ağalar Ağayevin adına olan bank hesabında 100.000 ABŞ dolları olduğu aşkarlanıb. Araşdırma nəticəsində məlum olub ki, müəssisədə çalışdığı müddət ərzində bu şəxsin rəsmi əmək haqqısı orta hesabla 500 manat olub və maddi vəziyyəti heç də qənaətbəxş olmayıb. İxtisasca riyaziyyat müəllimi olan Ağalar Ağayev məhdud maliyyə imkanlarına malik olsa da, müəssiədə çalışdığı dövrdən bəri bu qədər maddi vəsaiti hansı yollarla əldə etməsi maraq doğurur.
Bu məbləğin təxminən bugünkü kursla 190.000 manat olmasını nəzərə alsaq, həmin vəsaitlə 100 nəfərə 4 ay əmək haqqı vermək olar. Yəqin ki, bu məbləğin Ağalar Ağayevin bank hesabına necə axması Etibar Priyev üçün də maraqlı olacaq. Sumqayıt Texnologiyalar Parkının bu ağır duruma düşməsində bələ halların heç şübhəsiz rolu böyükdür və bu mövzu ciddi araşdırılmalıdır.
Azərenerji ASC-dən məsələyə münasibət bildirmək istəmədilər. Sumqayıt Texnologiyalar Parkından isə telefonlarımıza cavab verən tapılmadı. Yazıda adları çəkilən şəxslərin münasibətini işıqlandırmağa hazırıq. Mövzuya qayıdacağıq.

Bənzər Yazılar