Digər

Məmur oğlu həbsdən azadlığa necə çıxdı?

Hakim Məhəmmədəli Rzayevin sədrliyi ilə keçirilən prosesdə birinci instansiya məhkəməsinin çıxardığı hökm ləğv edilib

“Hakim Məhəmmədəli Rzayevin Abşeron Rayon Məhkəməsinin hökmü ilə 5 il müddətinə azadlıqdan məhrum olunmuş Elmar İbadova bəraət verməsində atası Şahmar İbadovun yüksək vəzifədə çalışması və öz nüfuzundan istifadə etməsi az rol oynamayıb”.

Bu barədə qlobal.az-a daxil olan məlumatda deyilir.

Məlumatda deyilir ki, Sumqayıt Apellyasiya Məhkəməsinin hakimi Məhəmmədəli Rzayevin qərarı ilə bəraət alan Elmar İbadov mövcud qanunvericilikdən yararlanaraq həbs müddətində ona dəyən maddi-mənəvi zərərə görə dövlətdən təzminat tələb edə bilər:

“Azərbaycan Respublikasının Cinayət Prosessual məcəlləsinin müvafiq maddələrinə görə məhkəmə tərəfindən bəraət verilmiş, həmçinin barəsində cinayət təqibinə xitam verilmiş şəxsin tələbi ilə məhkəmə və ya istintaq orqanı iki həftə müddətində bu barədə həmin şəxsin əvvəlki və ya hazırkı iş yerinə, təhsil aldığı yerə, yaşayış yerinə məlumat verməli, həmçinin şübhəli və ya təqsirləndirilən şəxsi ləkələyən cinayət təqibi haqqında məlumatlar dərc edən kütləvi informasiya vasitəsi vətəndaşın təqsirsizliyini şübhə altına almadan bir ay müddətində iş üzrə yekun qərarı haqqında məlumat verməlidir.

Cinayət prosesini həyata keçirən orqan onun səhvi və ya sui-istifadəsi nəticəsində həbsdə saxlanılmış, yaxud təqsirləndirilən şəxs qismində cəlb edilmiş şəxsdən yazılı surətdə üzr istəməlidir.

Göründüyü kimi, Sumqayıt Apellyasiya Məhkəməsinin hökmü ilə bəraət almış E.İbadov qanunun ona verdiyi hüquqa əsaslanaraq dövlətdən ona dəyən maddi-mənəvi zərərə görə təzminat, ona həbs qərarı verən ilkin məhkəmə instansiyasından da üzr tələb edə bilər”.

2017-ci ildə Bakı Dövlət Universitetində magistraturaya qəbul olunan E. İbadov həbs olunduğu üçün təhsilinin yarımçıq qaldığı deyilir.

Məlumata görə, icra başçısının müavinin oğlu ilkin olaraq təhsilini bərpa etdirmək üçün bəraət qərarından yararlanacaq.

Onun dövlətə təzminat davası açacağını da istisna edilmir.

Şahmar İbadov Nərimanov rayon icra hakimiyyəti başçısının birinci müavinidir.

Sayt yazır ki, Şahmar İbadovun adı müxtəlif korrupsiya qalmaqallarında, o cümlədən gözdən əlillər üçün tikilən mənzillərin sağlam vətəndaşlara satılması ilə bağlı 6 milyonluq korrupsiya işində hallanıb.

O, Azərbaycan Xalq Cəbhəsi Partiyasının qərargahının partladılması zamanı keçirilən aksiyaların qarşısının alınması proseslərində də fəallığı ilə seçilib.

İddialarla bağlı isə Şahmar İbadovdan münasibət almaq mümkün olmayıb.

Bənzər yazılar

Back to top button