ManşetSiyasət

AŞPA Monitorinq Komitəsi Azərbaycan nümayəndə heyətinin səlahiyyətlərini təsdiq etməməyi təklif edib

Avropa Şurası Parlament Assambleyasının Monitorinq Komitəsi çərşənbə axşamı plenar iclasda Azərbaycan nümayəndə heyətinin səlahiyyətlərini təsdiq etməməyi tövisyə edib.

AŞPA-dakı mənbələrdən Turan-a məlum olub ki, qərar gərgin debatlardan sonra səs çoxlluğu ilə qəbul edilib. Monitorinq Komitəsi hesab edib ki, Azərbaycan nümayəndə heyətinin səlahiyyətləri ən az bir il təsdiq edilməməlidir.

AŞPA-nın Azərbaycan parlamentarilərinin səlahiyyətlərini hansı formada məhdudlaşdıracağı yanvarın 24-də günün ikinci yarısında keçiriləcək debatlarda məlum olacaq. Plenar sessiya Azərbaycan nümayəndə heyətinin səlahiyyələrini tamamilə və ya qismən məhdudlaşdıra bilər.

Azərbaycan nümayəndə heyətinin səlahiyyətlərinin məhdudlaşdırılması Azərbaycanın Avropa Şurasının digər strukturlarında iştirakının dayandırılması demək deyil.

* Azərbaycanın səlahiyyətlərinin məhdudlaşdırılması haqqında təşəbbüsü dünən almaniyalı deputat Frank Şvabe irəli sürüb.

O, səbəb kimi Azərbaycanda insan hüquqlarının pozulmaqda davam etməsini və siyasi məhbuslarının sayının artmasını, rəsmi Bakının fevralın 7-də keçiriləcək prezident seçkilərini dəyərləndirmək üçün AŞPA nümayəndə heyətini dəvət etməkdən imtina etməsini göstərib.

Eyni zamanda, o, Azərbaycanın 2023-cü ildə AŞPA məruzəçilərinin Laçın dəhlizinə buraxmaqdan imtina etdiyini xatırladıb.

Bənzər yazılar

Back to top button