AnalitikaDünyaManşetSiyasət

“Əcinnə savaşı”: Türkiyə ilə Niderland arasındakı davanın yeganə məqsədi nədir?

«Türkiyə ilə Niderland arasındakı mübahisənin yeganə məqsədi seçkilərdə daha çox səs toplamaqdır».

«The Washington Post» qəzetinin son hadisələrə həsr edilmiş məqaləsi belə adlanır. Şənbə günü Hollandiya Türkiyənin xarici işlər naziri Mövlüd Çavuşoğlunun təyyarəsinin enməsinə imkan verməyib. M.Çavuşoğlu Hollandiyaya Türkiyədə keçiriləcək referendumla bağlı təbliğat kampaniyasına gedirmiş. Əvvəl də iki türk nazirinə ölkəyə daxil olmağa izn verilməyib. Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan Hollandiyanın buna görə cavab verməli olacağını deyib, hər iki ölkədə etiraz aksiyaları keçirilir.

ƏCİNNƏ

«The Washington Post» qəzeti baş verənlərin böhranlı seçki kampaniyalarının sonucu olduğunu, siyasətçilərin bu etirazlardan yararlanmağa çalışdığını yazır. Çünki cəmi 1 aydan sonra Türkiyədə konstitusiyaya düzəlişlərlə bağlı referendum olacaq, seçicilər dəyişikliklərə «hə» desələr, prezident R.T.Ərdoğanın səlahiyyətləri və fəaliyyət müddəti artacaq.

Niderlandda isə seçkilər birisi gündür, martın 15-də ölkə parlamentinin üzvləri seçiləcəklər və bütün gözlər, müəllifin diliylə desək, sağçı, müsəlmanların əleyhinə çıxışlarıyla tanınan ultramillətçi siyasətçi Gert Vildersə zillənib. Qəzet Ərdoğanla Vildersin bir-birini millətinin gözündə onlara sərf edən əcinnəyə çevirdiyini yazır.

«Hollandiyayla Türkiyənin «böhranının» çox sadə izahı var», – deyə hollandiyalı siyasətçi, siyasət elmləri üzrə mütəxəssis Cas Mudde bildirib: «Hər iki ölkə millətçilik hissinin dominantlıq etdiyi seçki kampaniyasının təsiri altındadır.»

UÇURUM DƏRİNLƏŞİR

Böhranın sonucları qəzetin haqlı olduğunu göstərir. G.Vildersin ölkəsindəki türkləri nəzərdə tutaraq dedikləri onları, yəqin ki, bir az da qızışdıracaq. Tvitter səhifəsində G.Vilders etiraz aksiyasına çıxanların Hollandiya pasportu daşısa da, Hollandiyaya aid olmadıqlarını, türk olduqlarını göstərdiyini deyib. Türkiyənin ailə işləri naziri Betül Sayan Kaya haqqında isə G.Vilders bunları yazıb: «Rədd olun, bir də geri dönməyin və bir də, zəhmət olmasa, öz türk fanatlarınızı da özünüzlə aparın».

«The Washington Post» münasibətləri son illər onsuz da pisləşən Qərblə Türkiyənin arasındakı uçurumun bir az dərinləşdiyini yazır. R.T.Ərdoğan bazar günü İstanbulda kütlə qarşısında çıxışında Qərbin maskasını atdığını deyib. R.T.Ərdoğan, eləcə də Türkiyənin digər rəsmilərinin çıxışları durumun bundan sonra bir az da gərginləşəcəyindən xəbər verir. Qəzetin yazdığına görə, Türkiyənin öz ölkəsində səfərdə olan Hollandiya səfirini ölkəyə buraxmayacağı gözlənir.

İSLAMOFOBİYA GÜCLƏNİR

Türklərə və müsəlmanlara qarşı çıxışlar edən tək G.Vilders deyil. Hollandiyanın indiki baş naziri Mark Rutte də seçkidən əvvəlki yazılarında türklərin və digər müsəlman miqrantların cəmiyyətə inteqrasiya etməkdən ötrü daha çox işləməli olduğunu demiş, hətta bir məqaləsində miqrantları «ya düzəlin, ya da çıxın, gedin» kimi xəbərdarlıq etmişdi. Bu çıxışlarından sonra sorğular onun G.Vilders-dən irəli keçdiyini göstərdi.

«The Washington Post» R.T.Ərdoğanı öncə də «diktator» adlandıran G.Vildersin indi durumdan yararlanmağa, üstünlüyü yenidən ələ almağa çalışdığını ehtimal edir.

Onun, eləcə də rəqibi M.Ruttenin müsəlmanlara və türklərə qarşı çıxışları isə islamofobiyanı gücləndirir, beləliklə, avtoritarizmə can atmaqda günahlandırılan R.T.Ərdoğan-ın tərəfdarlarını artırır, onun mövqeyini bərkidir. Məqalənin müəllifi İşaan Tharur bu fikirdədir. (Azadlıq radiosu)

Bənzər yazılar

Back to top button