Analitika

Ermənistanda post-aprel sindromu – işğalçı öz ordusuna çağırışçı tapmır

Azərbaycanın Rusiyadan növbəti partiya müasir silah-sursat və hərbi texnika alması işğalçı Ermənistanda hələ də müzakirə mövzusudur. Düşmən ölkə xüsusən də ötən ilin aprelində Qarabağdakı hərbi uğursuzluqdan sonra Bakı ilə Moskva arasında silah ticarətinə böyük həssaslıq və həyəcanla yanaşır, bunu olduqca ağrılı qəbul edir.
“Aprel sindromu” isə belə görünür, hələ də erməni siyasi isteblişmenti və ictimai fikrində öz ağrılı təsirini və məxsusi “çapığını” saxlamaqdadır. Müşahidələr göstərir ki, işğalçı ölkə toplumu bu yeni və neqativ auradan heç cür çıxa bilmir. Maraqlıdır ki, səbəblər qismində həm də müttəfiq Rusiya görülür.
***
“Aprel döyüşləri Azərbaycana yeni nəfəs verdi. Bakı inandı ki, bunu təkrarlaya və işğaldakı yeni əraziləri qaytara bilər”. Bu fikri Ermənistanın keçmiş ombudsmanı Larisa Alaverdyan səsləndirib (axar.az). O qeyd edib ki, Ermənistan hakimiyyəti bu mübarizədə Azərbaycana daha çox verdiyi bəyanatlarla məğlub olub.
“Azərbaycanın hər hansı addımının dərhal ağır şəkildə cəzalandırılacağını deyirdilər. Ancaq biz bunun baş vermədiyi gördük. Başa düşürük ki, müharibə yalnız silahlı toqquşmalar demək deyil. Bu həm siyasi, həm psixoloji, həm də informasiya müharibəsidir. Demək, eyni zamanda həm psixoloji, həm də informasiya müharibəsində itkilər olub. Anlaşılmazdır, bu hadisələr necə baş verdi? Niyə qarşısı alınmadı?”, – deyə Larisa Alaverdyan ritorik suallar edib.
Niyə ritorik? Ona görə ki, keçmiş ombudsman verdiyi sualların cavabını əslində özü də pis bilmir. Cavab da belədir ki, Ermənistanda 19 ildir hakimiyyəti zəbt eləmiş “Qarabağ klanı” və ya “müharibə partiyası” öz xalqını hara kimi aldada bilərdisə, artıq ora kimi də aldadıb qurtarıb. Bu müddətdə nə nəinki işğal altındakı Dağlıq Qarabağ, heç Ermənistanın özü də inkişaf edə bilməyib. Ölkə ildən-ilə daha sürətlə boşalıb, əhalinin güzəranı ilbəil ağırlaşıb, qarşılığında Rusiyadan vassal asılılığı güclənib.
Keçən müddətdə Köçəryan-Sərkisyan rejiminin Qarabağ vədi də tam fiasko olub – 19 ildə separatçı rejimi hətta heç Ermənistanın özü belə tanımağa cürət eləməyib. Bunun üstünə ötən müddətdə Azərbaycanın daha da inkişaf edərək işğalçı üzərində öz hərbi üstünlüyünü bərqərar eləməsini, Ermənistanın isə daha güclü izolyasiyaya düşməsini əlavə eləsək, “qalib” erməni xalqı üçün acı mənzərə tamamlanar.
***
Bu arada Ermənistanda 12 698 nəfərin hüquq-mühafizə orqanları tərəfindən axtarışa verildiyi məlum olub. Azvision.az xəbər verir ki, bu haqda Ermənistan prokurorluğunun 2016-c il üzrə fəaliyyətinə dair proqramda qeyd edilib.
Bildirilir ki, 2017-ci il yanvarın 1-nə olan məlumata görə, onlardan 10741 nəfər hərbi xidmətdən yayındığı üçün barələrində axtarış elan edilib. Yəni axtarışa verilənlərin mütləq əksəriyyəti məhz hərbi xidmətdən yayınan gənclərdir.
“Yeni Müsavat” qeyd edir ki, onların da mütləq əksəriyyəti şübhəsiz ki, Rusiyaya köç edənlərdir. Həm də həmişəlik köç edənlər. Erməni sosioloqlar da artıq etiraf edirlər ki, son vaxtlar Ermənistanı geridönməz şəkildə tərk edən iş qabiliyyətli insanların sayı artıb.
Buna da şübhə yox ki, həm emiqrasiya, həm də çağırış yaşlı gənclərin Ermənistandan müxtəlif yollarla çıxıb getməsini ötən ilin aprelində Azərbaycan ordusunun blits-hərbi zəfəri daha da stimullaşdırıb. 10741 çağırışçı isə razılaşaq ki, balaca rəqəm deyil, az qala bir mini-ordunun əsgərlərinin sayıdır.
Bu rəqəm təxminən bir o qədər sayda erməni ailəsi deməkdir. Deməli, sadə erməni ailələri daha kriminal Sərkisyan rejiminin “ət maşını” üçün “canlı material” vermək istəmirlər. Bu, həm də o anlama gəlir ki, erməni toplumunda xüsusən də 4 günlük aprel müharibəsindən sonra ümidsizlik daha da dərinləşib və xalq problemin hakimiyyət dediyi şəkildə həllinə indi zərrəcə inanmır. Əksinə, böyük müharibənin nə vaxtsa bərpa olunacağına və Azərbaycanın öz ərazilərinin işğalı ilə heç vaxt barışmayacağına əminlik və yəqinlik hasil edib.
***
Qalır indi bu reallıqdan Ermənistanın kriminal hakimiyyətinin ciddi nəticə çıxarması. Axı hər necə olmasa, əgər erməni xalqı müharibə istəmirsə, öz övladlarını ordudan yayındırırsa, deməli, Azərbaycanla hərbi ritorikada danışmağa son vermək və nə qədər gec deyil, Qarabağ məsələsində dinc anlaşmaya gəlmək zamanıdır.

 

Müsavat

Bənzər yazılar

Back to top button