Bizim seçimManşet

Neftçalada pambıqla “baş kəsirlər”: Başçı-rəis tandemi (FOTO)

Bu il Prezident İlham Əliyevin respublikada pambıqçılığın inkişafı ilə bağlı Sabirabad rayonunda keçirdiyi müşavirədə söylədiyi bəzi fikirlər Neftçala İcra Hakimiyyəti və polis tərəfindən tam tərsinə anlaşılıb.

Prezident çıxışlarında qanunsuz zəbt edilən və kənd təsərrüfatına heç bir qatsısı olmayan torpaqlardan danışsa da, Neftçala İcra hakimiyyəti məmurların qanunsuz zəbt etdiyi və ya istifadəsiz torpaqları deyil, zəhmətkeş fermerlərin, habelə Lerik rayonunun qoyunçuluq və maldarlıqla məşğul olan təsərrüfatlarına ayrılmış qışlaq sahələrinə göz dikib.

İcra başçısı digər kənd təsərrüfatı sahələri ilə məşğul olan fermerləri də “hamı pambıq əkəcək” məcburiyyəti ilə üz-üz qoyur. Pambıqçılıqla bağlı heç bir təcrübəsi olmayan fermerlərin buna məcbur edilməsinin hansı məntiqi əsası var? Ölkənin ərzaq və kənd təsərrüfatı məhsulları ilə təminatında mühüm rol oynayan bu şəxslər başçının yanlış qavrayşları üzündən müflis etmək kimin xeyrinədir?

Başçı İsmayıl Vəliyev pambıq əkmək və ya əkdirmək istəyirsə, fövqəlnazirin və digər yüksək ranqlı məmurların minlərlə hektar qanunsuz zəbt edilən, istifadəsiz torpaqlarından niyə yararlanmır?

Fermerləri polis gücünə pambıq əkməyə vadar edən başçı sonunda li aşından da, vəli aşından da olacağının fərqində deyilmi? Kənd təsərrüfatını, pambıqçılığı inkişaf etdirməyin yolu budurmu?

İsmayıl Vəliyev on minlərlə hektar qışlaq sahələrinin təyinatı dəyişməklə ölkənin ət və süd təminatında hansı miqyasda mənfi nəticələrə səbəb olacağını anlayırmı? Bunun məsuliyyətini daşımağa hazırdırmı?

Bəlkə başçının bu cür spontan, plansız, məqsədsiz fəaliyyətində ona tam gücü ilə dəstək verən rayonun polis rəisi Vüsal Şəbəndiyev hansı yükün altına girdiyini anlayır? Anlasaydı ona etibar edib yüksək etimad göstərən nazir, cənab Ramil Usubovun tapşırıqları əvəzinə ona dəxli olmayan işlərlə məşğul olardımı?

“Bizi məcbur edirlər ki, burada pambıq əkək. Axı bizim bundan başımız çıxmır. Ömrü boyu maldarlıqla məşğul olmuşuq. Üstəlik bu şor torpaqdır. Burada pambıq əkmək üçün gərək xüsusi təmizlənmə işləri aparılsın. Bunu da gərək dövlət eləsin. Pambıq əkmək elə də asan şey deyil”- deyə sakinlər bildirir.

KONKRET FAKTLARA KEÇƏK…

2013-cü ildə heyvandarlıq ferması yaratmaq məqsədi ilə Neftçala rayonunda Dövlət Torpaq Fonduna aid olan qış otlaq sahələrindən 500 hektar torpaq sahəsini 15 illik icarəyə götürən “Xəyal-HR” MMC-nin torpaqlarını icra başçısı İsmayıl Vəliyev “pambıq əkmək adı altında ayrı-ayrı adamlara satıb. Həmin ərazidə “Xəyal-HR”MMC-yə məxsus olan fermer təsərrüfatı fəaliyyət göstərib və 17 ailənin çalışdığı bu fermer təsərrüfatı icra başçısının bir sözü ilə yerlə yeksan olunub. “Xəyal-HR” MMC-nin rəhbəri deyir ki, İsmayıl Vəliyev özünün vəzifə səlahiyətlərindən istifadə edərək onun bütün malını-mülkünü başına uçurub.

Görəsən drenləşdirilməmiş və suvarılmayan bu torpaqlarda icra başçısı pambığı necə əkəcəkdi? Görünür elə ona görə də pambıqla “baş kəsən” Vəliyev orada pambıq əvəzinə kartof əkdirib.

Hazırda məhkəmə qərarı ilə “Xəyal-HR” MMC-nin hüquqları bərpa olunsa da, Neftçalanın icra başçısı məhkəmənin qərarını saymır.

Eyni problemlə, yuxarıda qeyd etdiyimiz kimi, qışlaq sahələri Neftçalada olan Lerik fermerləri də üzləşib.

Hələ beş-altı il əvvəl Neftçalanın icra strukturlarının rəhbərləri Lerik rayonunun təsərrüfatlarına ayrılmış qışlaq torpaq sahələrini zorla almağa və “işbaz adamlara” satmağa qərar verdilər. İlk kəşfiyyat xarakterli bu “təcavüz” çox çəkmədi. Fermerlər, həmçinin Lerik rayon rəhbərliyi məsələyə qarışdı, dövlət başçısına şikayətlər və müraciətlər ünvanlandı. O zaman məsələnin daha da böyüməsindən ehtiyat edən rayon rəhbərliyi bir qədər yumşaq variant seçərək bu qışlaq torpaqlarının 18 min hektarından 4 min hektarını əllərindən alıb, vəziyyəti sakit axara sala bildi. Amma məsələ bununla bitmədi.

İndi isə başçı İsmayıl Vəliyev özünü “Ramil Usubovun adamı” kimi təqdim edən rəis Vüsal Şəbəndiyevlə bir olub, daha da irəli gedir və daha çox fermerin haqqına girir.

Mövzu ilə bağlı araşdırmalarımız davam edəcək…

Qaynarinfo.Az

Bənzər yazılar

Back to top button