GündəmManşetSiyasət

Moskva Ermənistanın Azərbaycanla sərhəddə beynəlxalq müşahidəçilər yerləşdirmək cəhdinə mane olur

Ermənistan-Azərbaycan sərhədində KTMT ölkələrinin müşahidəçiləri yerləşdirilə bilər, bu barədə cümə günü RF XİN başçısı Sergey Lavrov bildirib.

“Azərbaycan, Ermənistan və Rusiya liderlərinin, xüsusən Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası və ümumilikdə Bakı və Yerevan arasında münasibətlərin normallaşdırılması, o cümlədən müvafiq sazişin imzalanması haqqında əldə etdikləri razılaşmaların həyata keçirilməsi üçün əlverişli şərait yaratmaq məqsədilə KTMT müşahidəçilərindən istifadə etmək mümkünlüyü müzakirə olunur”, deyə Lavrov Moskvada MDB ölkələrinin xüsusi xidmət rəhbərlərinin müşavirəsində çıxışında bildirib.

“Ermənistan və Azərbaycan arasında vəziyyətin nizamlanması üçün MDB-nin dəstəyinə ehtiyac var idi”, deyə o qeyd edib.

Xatırladaq ki, bir müddət əvvəl Fransanın müdafiə naziri öz müşahidəçilərini Ermənistan-Azərbaycan sərhədinə göndərməyə hazırlaşdığını bildirib. Bu bəyanat Ermənistanın baş naziri Paşinyanın Parisə səfərindən sonra və müdafiə naziri Suren Papikyanın Fransaya səfəri zamanı səslənib.

Beləliklə, Moskva Qərb ölkələrinin nümayəndələrinin Ermənistan-Azərbaycan sərhədinə gəlməsinə imkan verməməyə çalışır. Rəsmi Moskvanın nümayəndələri son vaxtlar dəfələrlə bunun yolverilməz olduğunu bildiriblər. Avropa İttifaqı və ABŞ-ın nizamlanma prosesinə cəlb edilməsi də Rusiyanın tənqidinə səbəb olur, RF XİN nümayəndəsi Qonçarov bunu açıq şəkildə ifadə edib.

Xarici müşahidəçilərin gəlməsi təşəbbüsünün Ermənistana aid olduğunu nəzərə alsaq, bu, heç cür Moskva və Yerevan arasında onsuz da soyuq olan münasibətlərin yaxşılaşmasına gətirib çıxarmayacaq. Baş nazir Paşinyanın Rusiyanın il yarım əvvəl milyonlarla dollar ödədiyi silahların Ermənistana ixracının qarşısını aldığı haqqında açıq bəyanatları da münasibətlərin yaxşılaşmasına imkan verməyəcək.(Turan)

Bənzər yazılar

Back to top button