Cəmiyyət

8 Martda qadınlar Bakının mərkəzində etiraz aksiyası keçirəcək

“Azərbaycan feminist hərəkatı 8 Mart tarixi gününü qeyd etmək məqsədi ilə “8 MARŞ – Bizimdir Hürr Küçələr” yürüşünü keçirəcək. Həmin gün biz cəmiyyəti patriarxatdan azad etmək və səsimizi duyurmaq naminə birləşəcəyik”.

AzToday.az xəbər verir ki, bu barədə hərəkatdan verilən məlumatda bildirilib.

“8 Mart – tarixən qadınların öz hüquqlarını tələb etmək məqsədilə etirazlar keçirməsi üçün təyin olunmuş gündür. Biz öz mübariz köklərimizə geri qayıtmalı, haqlarımız uğrunda yenidən birləşməliyik. Yürüşün məqsədləri çoxsaylı qadın qətllərinə, erkən nikahlara, uşaq istismarına, gender əsaslı zorakılığa etiraz etmək, insanları kişi hakimiyyətinə qarşı səfərbər etməkdir”,-deyə məlumatda bildirilib.

Yürüşün əsas şüarları aşağıdakılardır: “Birləşsinlər qadınlar, susmaq yoxdur, üsyan var!”, “Küçələrdən qorxma! Azadlığını boğma!”

Yürüşün marşrutu Bakının mərkəzində – Fəvvarlər Meydanında keçiriləcək.

Yürüşün təşkilatçısı Azərbaycan feminist hərəkatı, təşəbbüskarlar isə Gülnrə Mehdiyeva, Rəbiyyə Məmmədova, Vəfa Nağı, Aygül Cəfərova, Aytac Tapdıq, Vəfa Rüstəm, Seymur Nəzər və başqalarıdır.

Yürüşün sonunda bəyanat səsləndiriləcəkdir.

Təşkilatdan bildirilib ki, yürüşün keçirilməsi ilə bağlı “Sərbəst toplaşmaq azadlığı haqqında qanuna” uyğun olaraq martın 2-si Bakı Şəhəri İcra Hakimiyyətinə xəbərdarlıq göndəriləcəkdir: “Nəzərinizə çatdırmaq istəyirik ki, yürüşün məqsədinə uyğun gəlməyən, təxribat xarakteri daşıyan şüarların səsləndirilməsi və plakatların qaldırılması qadağandır. Təşkilat komitəsi buna ciddi nəzarət edəcək. Həmçinin iştirakçıları yürüş zamanı ehtimal olunan hər hansı zorakılıq aktına qarşılıq verməməyə çağırırıq. Yürüş dinc xarakter daşıyır”.

Bənzər yazılar

Back to top button