Bizim seçimManşet

İbrahim Mehdiyev postundan götürüldü, vətəndaşlar problem qarşısında qaldı” – REPORTAJ, FOTOLAR

Yasamal rayonu, Şərifzadə 174 ( yeni ünvan 610, 624) ünvanında yaşayan sakinlər heç bir sənəd və kompensasiya verilmədən binalarının sökülməsinə etiraz ediblər. Sakinlərin razılığı olmadan “Qismət-Mcontruction” MMC tərəfindən binaları hasarlanıb, söküntü işlərinə hazırlıq gedir. Şirkət nümayəndələri vətəndaşlara bunun pilot layihə olduğunu desələr də, onu təsdiqləyən qanuni sənədi sakinlərə göstərməyiblər. Bu səbəbdən də tikinti şirkətinin nümayəndələri ilə sakinlər arasında mübahisə yaşanıb. Binanın ətrafına çəkilən dəmir hasarlar sakinlər tərəfindən sökülüb.

Şikayətlərini musavat.com-un əməkdaşına danışan sakinlər məsələ ilə bağlı Yasamal rayonunun sabiq icra baçısı, o zaman vəzifədə olan İbrahim Mehdiyevlə də görüşdüklərini bildirdilər. Onlar iddia edirlər ki, şirkət söküntünün icazəsini sabiq icra başçsından alsa da, köçürülmə prosesi qanuni çərçivədə aparılmır: “Layihənin icrası üçün Yasamal rayonunun sabiq icra başçısının razılığı əldə edilib. Lakin sakinlərin xəbəri olmadan, razılaşdırılmadan, bizi evdən çıxartmaq istəyirlər. Bütün bunlar hansı qayda-qanuna uyğundur? Axı, bu dövlətin qanunu var. Əgər pilot layihədirsə, buyurun sökün… Ancaq hər şey qanuna əsasən aparılmalıdır.Tikintini aparan “Qismət-M Construction” MMC-nin əməkdaşları pilot layihə olduğunu desələr də, əllərində hər hansı qanuni sənəd yoxdur. Özlərini bizə təqdim etmirlər, kim sökür, kim tikir, bəlli deyil. Binamızı hasara almağa çalışırlar. Burada tikdikləri binanın reklam lövhəsini quraşdırmaq istəyirlər. Biz isə buna mane oluruq. Çüni, binamız ümumiyyətlə qəzalı deyil.

“Sizin “qarantınız” mənəm…”

Sakinlər deyir ki, hasarlanma prosesi zamanı icra başçısı İbrahim Mehdiyevlə görüşüb, məsələyə aydınlıq gətirməsini istəyiblər. Sabiq icra başçısı pilot layihə olduğunu bildirsə də, müvafiq sərəncamı təqdim etməyib. Əvəzində “sizin sığortanız mənim sözümdür” deyib. Lakin məlum olduğu kimi, İbrahim Mehdiyev ölkə başçısının əmri ilə vəzifədən uzaqlaşdırılıb və artıq sakinlərə hər şeyin qanuni əsasla aparılacağına kimsə təminat vermir

Adının çəkilməsini istəməyən sakin durumu belə izah etdi: “İcra başçısı ilə görüşümüz zamanı pilot layihəni təsdiq edən sənəd tələb etdik. İ. Mehdiyev dedi ki, “sənəd yoxdur, lakin sizin “qarantınız” mənəm… narahat olmayın”. Görüşdən iki gün sonra icra başçısını işdən çıxardılar. O işdən azad olunduqdan sonra “Qismət”MMC nümayəndələri əl-ayağa düşdülər, binanı tərk etməyimiz üçün israr etdilər. Biz də öz etirazımızı bildirdik. Tikinti şirkətinin nümayəndələri ilə görüş zamanı bildiriblər ki, pulları yoxdur. Bu adamların pulu yoxdusa, 18 ay bizi kirayədə necə saxlayacaqlar? Hər şey sual altındadır. Nisyə söhbət edirlər. Onların fikirləri bina tikildikdən sonra sakinləri mənzillərə köçürməkdir. Ancaq bunun təminatı yoxdur. Hər dəfə fərqli adamlar gəlib, şifahi vədlər verir.

Müşahidələrimiz zamanı onu da müşahidə etdik ki, tikinti şirkəti binanın həyətindəki ağacları da hədəfə götürüb, yeni layihəyə əsaən ağacların kəsilməsi nəzərdə tutulub: “Şərifzadə küçəsi, bina 174-ü sökəcəklər, digər binaların qarşısındakı yaşllıqları isə kəsib, bina tikəcəklər. Hər dəfə binaları hasarlamağa, ağacların yerini qazmağa gələndə camaat imkan vermir. Binanın həyətində 100-ə yaxın ağacı məhv etmək istəyirlər.

Bunların tez-tələsik söküntü aparmaqda məqsədi odur ki, yeni icra başçısı gəlməmiş işləri yekunlaşdırsınlar. Bizə təqdim etdikləri sənəddə nə bir imza, nə də bir möhür var. Nəyə əsasən bizi evimizdən çıxarmaq istəyirlər. Biz bilirik ki, ümumi qərar var, köhnə binalar söküləcək. Buna baxmayaraq, hər şey qanuni yolla aparılmalıdır. İndi sakinlər binanı qorumaq üçün gecə-gündüz növbə çəkirlər”.

“Heç kim evindən məcbur çıxarılmayacaq…”

Məsələ ilə bağlı Yasamal rayon icra başçısının birinci müavini Səməd Seyidovla əlaqə saxladıq.

S.Seyidov həmin ərazidə söküntü aparılacağını təsdiqləsə də, heç bir sakinin hüquqlarının pozulmayacağını bildirdi: “Həmin ərazidə heç kimi məcbur evindən çıxara bilməzlər.Bu gün sakinləri qəbul edib,onlara izahat vermişəm. Həmin binalarda sakinlər köçməyə razıdırlar. Binanın sökülməsi, yerində yeni binanın tikilməsi üçün müvafiq sərəncam var. Bunlar son dərəcə qəzalı binalardır. Ancaq buna baxmayaraq, vətəndaşların bütün maraqları nəzərə alınacaq, onların hüquqları tam şəkildə qorunacaq. Razılıq əldə edildikdən sonra fərdi surətdə müqavilə bağlanacaq. Sadaladığım şərtlər olmadan binanın söküntüsündən söhbət gedə bilməz. Bina inşa olunduqdan sonra sakinlər yenidən həmin binaya köçürüləcək və əlavə olaraq 20 faiz kompensasiya ödəniləcək. Bütün bunlar pilot layihə əsasında həyata keçirilir”.

Bənzər yazılar

Back to top button