Bizim seçimHadisəManşet

Sona Vəliyevanın məhkəməyə çağırılması vəsatəti qəbul edilməyib

Sentyabrın 16-da Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azər Paşayevin sədrliyi ilə “Kaspi Liseyi Ümumtəhsil Məktəbi” MMC-nin baş mühasibi olmuş Tural Məmmədovun və mühasib Fərahim Möhbalıyevin işi üzrə növbəti məhkəmə prosesi keçirilib. Onlar Prezidentin köməkçisi Əli Həsənovun həyat yoldaşı Sona Vəliyevanın rəhbərlik etdiyi liseyin Bakıxanov qəsəbəsindəki filialına valideynlərin təhsilhaqqı kimi ödədiyi pullardan 564 min manatı mənimsəməkdə ittiham olunur.

Bu günki proses şahidlərin ifadələri ilə davam etdirilib. 2018-ci ilin oktyabrın 1-dən “Kaspi” Təhsil Şirkətində mühasib işləyən Həmidə İsgəndərova bildirib ki, bundan əvvəl Sona Vəliyevanın şəxsi məsələlər üzrə köməkçi vəzifəsində çalışıb. O, məhkəmədə bildirib ki, T.Məmmədov və F.Möhbalıyev maliyyə hesabatı verə bilmədiklərinə görə, Liseydə yoxlama başlayıb və 564 min məbləğində kəsir aşkarlanıb. Daha sonra təqsirləndirilən şəxs Tural Məmmədov İsgəndərovadan o, Sona Vəliyevaya pul verəndə Liseyin direktoru Elnur Əliyevin orada olub olmaması barədə sual verib. İsgəndərova xatırlamadığını bildirdi. İsgəndərova onun adını yoxlama aktında “kənardan dəvət olunmuş audit” kimi niyə yazıldığını suala da cavab verə bilməyib. O, yoxlama komissiyasının tərkibinə Elnur Əliyevin tapşırığı ilə dəvət olunduğunu və S.Vəliyevanın mühasibatlıq dəftərlərin özü tərəfindən tərtib edildiyini dedi.

Vəkil Elçin Sadıqov S.Vəliyevanın T.Məmmədovdan hansı aralıqda pul götürdüyünü və məbləğlər barədə soruşdu. Şahid bu suallara da “xatırlamıram” cavab verdi. “Elnur müəllim (Elnur Eliyev-red.) deyib ki, Sona xanım 800 minə yaxın pul götürdü, dəqiq xatırlamıram”.

Bu məqamda Tural Məmmədov yerindən duraraq şahidi yalan danışmasında suçladı. “Yalan danışır bu adam. Mən pulu ona vermişəm, sayıb Sona Vəliyevaya verib. Mən ons görə 564 mini götürdüyümü təsdiqlədim ki, Vəliyeva əks təqdirdə məni polisə verəcəyini dedi”.

Rəsmi əmək haqqlardan əlavə qeyri-rəsmi əmək haqqların yoxlama komissiyanın yekun hesabatda nəzərə alınıb-alınmaması barədə sual hakimlər tərəfindən çıxarıldı.

Daha sonra Elçin Sadıqov Sona Vəliyevanı məhkəmə prosesinə əlavə şahid qismində dəvət edilməsi barədə vəsatət qaldırdı. “Heç kəs Sona Vəliyevanın dəqiq nə qədər pul götürdüyünü bilmir. Bunu aydınlaşdırmaq üçün Vəliyevanı əlavə şahid qismində məhkəmədə dindirilməlidir”. Dövlət ittihamçısı və Liseyin nümayəndəsi məhkəmədən vəsatətin təmin olunmamasını xahiş etdi. Yerində müşavirə edərək, məhkəmə vəsatətin təmin edilməməsi barədə qərar qəbul edib.

Bu, təqsirləndirənlərin kəskin etiraza səbəb olub. F.Möhbalıyev aclıq aksiyasını başlayacağını bildirdi. “Niyə təmin edilmədi? Ona nə qədər pul verdiyimi dəqiq yalnız mən və o bilir. Gəlsin, aydınlaşdıraq. Məhkəmə prosesi belə qərəzli aparılırsa, mən ərizə verib aclıq aksiyasına oturacam”, – deyə, o vurğuladı. Hakim Azər Paşayev “məhkəmə qərəzli deyil. Qiymət veriləcək” deyərək, təqsirləndirənin sözünü kəsdi.

Vəkillər təqsirlənsirilən şəxslərlə məsləhətləşmək və vəsatətləri hazırlamaq üçün məhkəmə prosesini təxirə salmasını xahiş etdilər.

Məhkəmə bunu nəzərə alaraq, növbəti məhkəmə prosesini sentyabrın 24-ə təyin etdi.

İttihamda yazılıb ki, 2018-ci ilin aprel-oktyabr aylarında 454 nəfər şagirdin təhsili üçün 1 milyon 366 min manat pul ödənilib. Ancaq Bu vəsaitin 564 minini baş mühasib və mühasib sistemə daxil etməyib, birlikdə mənimsəyib. Adları çəkilən şəxslərə CM-in 179.4 (xüsusilə külli miqdarda ziyan vurmaqla mənimsəmə) maddəsi əsasında ittiham verilib.

Tural Məmmədov özünü qismən təqsirli bilərək deyir ki, pula ehtiyacı olduğundan vəsaitin bir hissəsini götürüb, amma məbləğ ittihamda yazıldığı kimi, 565 min olmayıb, rəqəm bundan iki dəfə azdır: “Oktyabrın 16-da təsisçi Sona Vəliyeva məni xidməti otağına çağırıb, 565 mini götürüb-götürmədiyimi soruşdu. Dedim ki, təxminən 350 min götürmüşəm, liseydə araşdıranlar düz hesablamayıblar. Sona Vəliyeva dedi ki, əgər ona 565 minin hamısını özümün mənimsəməyim barədə ərizə yazıb versəm, polisə şikayət etməyəcək. Ona inanıb dediyi kimi izahat yazdım, pulu geri ödəmək üçün də 1 il möhlət verməsini xahiş etdim”.

Digər təqsirləndirilən Fərahim Möhbalıyevin onunla əlbir olmadığını deyən Tural Məmmədov deyir ki, pulun bir hissəsini şəxsi problemlərinin həllinə, qalanını da “Tatlı dünyası” şirniyyat evinin təmirinə xərcləyib.

Fərahim Möhbalıyev isə özünü təqsirli saymır.

Tural Məmmədov və Fərahim Möhbalıyevin təqsirləndirildiyi CM-in 179.4 maddəsində 10 ildən 14 ilədək həbs cəzası nəzərdə tutulub. (Turan)

Bənzər yazılar

Back to top button