Digər

Bakıda şəhid bulağı söküldü – (FOTO)

Yasamalda “Şəhid bulağı” sökülərək, yerində kababxana-pivəxana açılıb.

AzToday.Az xəbər verir ki, Oxu.Az-a daxil olan məlumata əsasən, sözügedən ərazi Yeni Yasamalda – Talıblı və Şərifzadə küçələrinin kəsişməsində yerləşir.

Məlumatda qeyd edilir ki, həmin ərazidə Qarabağ döyüşlərində qəhrəmancasına həlak olmuş şəhid Allahverdiyev Məhəmməd Şurulla oğlunun xatirəsinə bulaq kompleksi ucaldılmışdı. Bir müddət əvvəl ərazinin bir hissəsi zəbt edilərək, “Qarabağ” adlı kababxana açılıb, eyni zamanda, mal əti satışı ilə məşğul olmağa başlanılıb.

May ayının sonlarında şəhidin adına olan bulaq bir gecə içərisində sökülüb, yerinə masalar düzülərək ərazi kababxananın tərkibinə qatılıb.

“Ərazidə yaşayan qonşuların dəfələrlə irad bildirməsinə baxmayaraq, sahibkar və orada çalışanlar insanları hədələyir, onlarla  aqressiv davranırlar”, – şikayətçilərdən biri redaksiyamıza yazdığı məktubunda qeyd edir.

***

Yasamal rayonunda şəhid bulağının sökülməsi ilə bağlı redaksiyamıza daxil olmuş məlumatı dəqiqləşdirmək üçün sözügedən əraziyə yollandıq.

Hadisə yerində olan əməkdaşımızın verdiyi məlumata əsasən, bulaq, həqiqətən, sökülüb.

Səbəbini öyrənmək üçün cəhd etsək də, heç bir nəticə əldə edə bilmədik. Müxbirimiz obyekt əməkdaşları tərəfindən təzyiqə və təhqirə məruz qaldı. Özünü Hacı kimi təqdim edən obyekt əməkdaşı bulağın sökülməsi və yerində obyektin tikintisi üçün heç kimdən icazə almadıqlarını, tikinti işlərini özbaşına həyata keçirdiklərini bildirdi.

Məsələ ilə bağlı artıq hüquq-mühafizə orqanlarına müraciət edilib.

Hadisəni gündəmdə saxlayacağıq.

Bənzər yazılar

Back to top button