Bizim seçimGündəmManşetSiyasət

“”Erməni xalqının günahı yoxdur” fikrini qəbul etmirəm”

“Bizim Yol” qəzetinin və eyniadlı xəbər portalının rəhbəri Bahəddin Həziyevin “Qaynarinfo”ya müsahibəsi

– Azərbaycanda ən çox oxunan qəzetlərdən və xəbər saytlarından birinə rəhbərlik edirsiz. Mətbuatımızın bugünkü vəziyyətini necə dəyərləndirirsiniz?

– Azərbaycanda ən çox oxunan qəzet qalmayıb. Mətbuatımızın durumuna gəlincə, ürəkaçan deyil. Nə satış bazarı qalıb, nə normal reklam bazarı var. Əslində hər ikisinə də yoxdur deyə bilərik. Mən jurnalistikaya təzə başlayanda ilk işlədiyim qəzetin 200 min tirajı vardı. 90 faizi də satılırdı. Oradan çıxanda qəzetlər çoxalmışdı, oxucu bölünmüşdü, amma yenə də mənim qəzetim 91 min tirajla çap olunurdu. İndi bu rəqəmlər fantastikdir. Baxmayaraq ki, əhali də artıb, ölkədə pul dövriyyəsi də müqayisəolunmaz dərəcədə böyükdür. Ancaq qəzetlərin oxucuları yoxa çxmaqdadır sanki.
– Hazırkı vəziyyət onu göstərir ki, elektron media çap mediasına nəzərən daha populyardır. Çap mediasının perspektivini necə görürsünüz?

– Bəli, çağdaş trend budur. Çünki elektron media xəbəri daha operativ çatdırır. Xəbər bu gün əcəl kimi harda olsaq gəlib bizi tapır. Həm də audio, foto və video informasiya məhz elektron daşıyıcılarda yayılır. Qəzetdə yalnız foto verə bilərsən. Bu səbəbdən, təbii ki, elektron media seqmenti daha populyardır. Eyni zamanda qəzetlərin yayım sistemi demək olar ki, darmadağın olduğuna görə elektron mediaya tələbat daha da artdı. Daha bir səbəb yeni nəslin yeni, yüksək texnologiya nəsli olmasıdır. Fikrimcə, gənclər haqlı olaraq çap mediasına maraq göstərmir. Perspektivinə gəlincə, heç bir şey tamamilə sıradan çıxmır. Hələ də informasiyanı qəzetdən alan, yaxud almaq istəyən adamlar var. Onlar ilbəil azalır. Ancaq hələ ki, qalıblar. Buna görə yəqin ki, qəzet də o ölçüdə qalacaq. Ancaq getdikcə çətinləşən maliyyə durumunda qəzetlərin bir çoxu davam gətirməyə bilər. Ən başlıcası ona görə ki, rentabelli deyillər. Bu gün qəzetlər əsasən dövlətin maliyyə dəstəyi ilə ayaqda qala bilirlər. Satış imkanları da artmır, əksinə azalırsa, dövlətin dəstəyi olmayında, qəzetlərin dayanması labüddür.

Belə bir tendensiya müşahidə olunur ki, xəbər saytları kütlənin istəyinə uyğun xəbərlər hazırlayır. Bu vəziyyəti necə dəyişmək olar?

– Belə tendensiya var. Hər cür xəbərin istehlakçısı olduğuna görə, hər cür xəbərin istehsalçısı da var. Buna təbii baxmaq lazımdır. Sarı mətbuat elə həmin Avropada yaranıb və bu gün də şərti olaraq ciddi adlandıracağımız mediadan daha tirajlıdır. İnsanların çox az hissəsi bahalı şeylər ala bilir. Əksəriyyət ucuzluğa qaçır. Buna görə yüngül xəbərlərin izləyiciləri çox olur. Ancaq biz böyük ölçüdə bu stereotipi də dağıtmağı bacardıq. İzləyicimiz ciddi xəbər istəyir və belə izləyicilərin də sayı az deyil. Özünün, toplumunun, ölkəsinin, dövlətinin, dünyanın taleyi ilə maraqlanan insanların sayının çox olması pozitiv haldır. Bəzən hardasa bir az “yumşaq” xəbər yayarıqsa, izləyicilər o anda şərhlər yazıb, bizi tənqid edir. Bu, bizi sevindirir.

– Sizi Azərbaycan oxucusu daha çox analitik yazıların müəllifi kimi tanıyır. Amma son zamanlar sizin imzanızda olan belə yazılara az rast gəlirik. Bu nə ilə əlaqədardır?

– Yəqin ki, analiz etməyə bir şey qalmayıb. Mənim sahəm siyasi analitika, siyasi publisistika olub. Siyasət olmayan yerdə nə siyasi analitika olacaq?! Ancaq yenə də bəzən analitik yazılar, siyasi şərhlər yazıram. Ümumiyyətlə isə məni daha çox reportyorluq özünə çəkir. Səfərlərim olanda məmnuniyyətlə yol qeydləri, reportaj yazıram. Esselər yazıram. Məni bir az da ədəbiyyat özünə çəkir. Ən böyük arzum da yazıçı olmaq olub. Reallaşmayan arzum… Bir dəfə dostlarımdan biri mənə “Sən siyasi analitikada yaza biləcəyin hər şeyi yazmısan” dedi. Bəlkə də bu səbəbdəndir. Bilmirəm. Mətbuatda ilk yazım da bədii yazı olub. Bədii sözə vurğunluğum yenidən oyanıb yəqin ki. Bir də ki, onsuz da hamıya hər şey aydındır.
– Qarabağ münaqişəsi ətrafında baş verən son prosesləri necə dəyərləndirərdiniz?

– Lap əvvəl bizimlə ermənilər arasında içində müharibə gizlənmiş sülh vardı. Ermənilər üçün fürsət yaranan kimi o müharibə öz qılafını parçalayıb ortaya çıxdı. 1988-1994-cü illər müharibə illəridir. Sonra “nə sülh, nə müharibə” dövrünə qədəm qoyduq. Ancaq çox keçmədən anladıq ki, elə əslində atəşkəs özü də müharibənin bir forması imiş. Bu müharibə Azərbaycan və Ermənistan dövlət olmayan dövrlərdə də vardı. Deməli, bu, dövlətlər arasında müharibə deyil, bir millətin (ermənilərin) başqa bir milləti öz yaşayış arealından vurub çıxararaq oranı da ələ keçirmək savaşıdır. Ona görə də bəzən “erməni xalqının günahı yoxdur” kimi fikirlər səslənəndə mən bunu qəbul etmirəm. Ortada savaş varsa, işğalçı bir dövlət varsa, 2 yaşlı azərbaycanlı uşaq öz evində qətl edilirsə, bunu edən ordunun, dövlətin sahibi olan xalq da buna göz yumursa, daha heç kim günahsız deyil. Mən yazmışdım ki, Ermənistan Rusiyanın N saylı hərbi hissəsidir. Əhali də o hərbi hissədə xidmət personalıdır. Çox təəssüf ki, bu, reallıqdır. Görünən odur ki, savaş hər gün qapımızı bir az daha israrla döyür. Ona görə də bizim bu savaşdan qaçışımız da yoxdur və niyə də olsun?! Axı işğal olunan torpaq bizimdir.
– Bəzi saytlarda belə bir iddi irəli sürüldü ki, “Bizimyol”da ev üstündə mübahisə düşüb. Məsələ nə yerdədir?

– Mark Tven deyirdi: “Mənim ölümüm haqqında xəbəri çox şişirdiblər”. O yazılar da bu qəbildən idi. Əslində mübahisə olmayan yer var? Varsa, deməli, orda tiraniya var. Biz bu ölkədə azsaylı qurumlardan biriyik ki, orda kollektivdə açıq müzakirələr gedir. Mübahisələr də olur. Bizim iş yoldaşlarımız mənim fəaliyyətimdən narazılıqlarını, öz tənqidi fikirlərini həm təklikdə birbaşa özümə, həm də iclaslarda deyə bilirlər. Hətta bu, dolayısı ilə o bəzi saytlara da gedib çıxır. Burda pis olan odur ki, adamlar bunu öz adları ilə demirlər, sızdırmalar yolu ilə edirlər. Bəli, redaktorumuz Müşfiq Hüseynovun namizədliyini özüm verdim, açıq müdafiə etmişəm. Sonadək də müdafiə edəcəm. Çünki ehtiyacı da var, haqqı da var, dəstəklədim ki, şansı da olsun. Müşfiq Hüseynov da o saytlarda yazılanlara öz adı ilə cavab verib, özünü gizlətmədən. Ümumiyyətlə, hamının ehtiyacı var. Haqqı olanlar da çoxdur jurnalistikada. Bizdə də namizədliyi verilənlərin də haqqı və ehtiyacı var – bir-birindən az və ya çox dərəcədə. Namizədliyini irəli sürməyınlərin də haqqı və ehtiyacı var. Ancaq mənim də bir şəxs olaraq öz namizədimi dəstəkləmək kimi bir haqqım var. Bu haqqımdan istifadə etməyimdə nə qəbahət var? Bir də ki, ev üstündə mübahisə olar da. Mən bu mübahisələrə də əndazəni aşmadıqca normal baxıram. İnsanların təməl ehtiyacıdır və bunu işləyib qazanmaqla təmin edə bilməyəcəksə, niyə mübarizə aparmasın ki?! Ancaq bu mübarizə də qaydalar çərçivəsində olmalıdır.

– Jurnalistikaya yeni başlayanlara tövsiyyələriniz nə olardı?

– Çətin peşədir. Göründüyündən daha çətindir. Ona görə də bu peşəyə sevmədən gəlməsinlər. İnsan sevdiyi üçün hər cür fədakarlıqlar edər. Jurnalistikanı sevməyənlər onun üçün fədakarlıq etməzlər. İşlərini sevərək görsünlər. Öyrənməkdən yorulmasınlar. Mən Tibetli Dalay Lama deyiləm. Nə də özümü böyük didaktik saymıram. Nəsihət verməyi xoşlamıram. Bunlar sadəcə düşüncələrimdir, bölüşdüm.

Bənzər yazılar

Back to top button