Hadisə

Prokurorluq “erməni əsgərlərinin güllələnməsi” videosunun mənbəyinin axtarışını aparır

Son dövrdə sosial şəbəkələrdə əsir kimi götürülməsi iddia olunan bir neçə erməni hərbi qulluqçunun qətlə yetirilməsi və onların meyitləri üzərində təhqiredici hərəkətlərə yol verilməsi barədə, hələ ki, mənbəyi məlum olmayan bir neçə videonun yayılmasını az qala Azərbaycan dövlətinin “soyqırımı siyasəti” kimi qələmə verirlər.

Turan-ın məlumatına görə, bunu oktyabrın 10-da Bakıda Sosial Tədqiqatlar Mərkəzinin (STM) təşkilatçılığı ilə “Ermənistanın Azərbaycana qarşı müharibə cinayətləri son 30 ildə” mövzusunda konfransında Baş Prokurorluğun İstintaq İdarəsinin rəisi Nemət Əvəzov deyib.

Baş Prokurorluğun rəsmisi vurğulayıb ki, Azərbaycan hüquqi dövlətdir və yayılmış hər bir video ilə bağlı dərhal reaksiya bildirilir. “Həmin faktlarla bağlı Baş Prokurorluqda Cinayət Məcəlləsinin 115-ci maddəsi ilə cinayət işi başlanılıb, hazırda bu faktlarla əlaqədar 10 cinayət işinin ibtidai istintaqı davam etdirilir. Əgər videoda əks olunduğu kimi iddia edilən şəxslərin, hərbi qulluqçuların təqsiri sübut olunarsa, cinayət faktının olması öz təsdiqini taparsa, təbii ki, cinayət məsuliyyəti məsələsi həll oluna bilər. İstintaqın gedişinə hər hansı bir dövlətin və beynəlxalq təşkilatın bəyanatı təsir göstərə bilməz”.

Əvəzov qeyd edib ki, Vətən müharibəsi dövründə Azərbaycana təhvil verilmiş çoxsaylı Azərbaycan hərbi qulluqçularının nəşləri Baş Prokurorluq tərəfindən ekspertizadan keçirilib. “Həmin nəşlər üzərində xüsusi qəddarlıq, amansız rəftar əlamətləri, bir neçəsinin diri-diri boğazının kəsilməsi, üz dərisinin soyulması, qulaq seyvanlarının, burunlarının kəsilməsi kimi qəddarlıqların şahidi olmuşuq. Niyə bunlara reaksiya vermirlər?”

O bildirib ki, Ermənistan hərbi qulluqçularının lentə alaraq sosial şəbəkələrdə paylaşdığı videolar var: “Bununla bağlı hazırda Baş Prokurorluğun İstintaq İdarəsində istintaq davam etdirilir. Həmin videolarda bir neçə faktı göstərmək olar. Əsir götürülmüş bir hərbi qulluqçunun boğazının kəsilərək öldürülməsi, yaralı, hər hansı bir müqavimət göstərmək iqtidarında olmayan, əl-ayağı tərpənməyən hərbi qulluqçunun başına avtomatın qundağı ilə çoxsaylı zərbələr vurularaq qətlə yetirilməsi kimi çoxsaylı misallar çəkə bilərəm. Bizim insanımız insan deyil, erməninki insandır? Bu yanaşma yolverilməzdir”.

Bənzər yazılar

Back to top button