Digər

“İşsizlik narkomaniyaya yol açan əsas amildir, dövlət bu məsələdə məsuldur”

Teymur Ələsgərov: Azərbaycanın gələcəyi əsas təhlükələrdən biri gəncliyin işsiz qalması və hakimiyyətin mövcud vəziyyətə biganə münasibətdir.

Siyasi ictimai fəal Teymur Ələsgərov gənclərin məşğulluğuyla bağlı vəziyyətdən danışdı.
– Teymur bəy Azərbaycanda gənclərin məşğulluğundan danışarkən xüsusi olaraq nələri qeyd etmək istərdiniz?

– Əslində ölkədə işsizlik mövcuddur və bundan daha çox əziyyət çəkən gənclərdir. Çünki, gənclər yeni işə başlamaq istəyən, karyera arzusunda olan, potensial iş qabiliyyətli və cəmiyyətin böyük bir hissəsini təşkil edən sosial qrupdur. Bu mənada istənilən cəmiyyətdə gənclərin işsiz qalması ciddi sosial problemin olmasından xəbər verir. Bu gün Azərbaycan da bu durumdadır və təəssüf ki, bizim gənclər işsizlikdən ölkəni tərk edərək xarici ölkələrə üz tuturlar. Paralel olaraq iqtisadi durğunluq da daha çox gənclərin işlə təmin olunmasında problem yaradır. Belə ki, yeni ixtisasa yiyələnən və yeni işə başlamaq işləyən bu yaş qrupunu hər kəs işə götürməkdə maraqlı deyil. Eyni zamanda mövcud durum yeni iş yerlərinin yaradılmasını da çətinləşdirir və digər tərəfdən özünü hər hansı sahədə göstərmək istəyən gənclər öz qabiliyyətlərin göstərmək üçün məkan və fəaliyyət sahəsi tapmırlar. Özəl şirkətlər, müasir texnologiyaya söykənən xidmət və servis işlərinin zəifləməsi problemi daha da qabardır.

– Belə situasiyada gənc qızlar və oğlanlar daha çox nəyə ümid bəsləyə bilər ki, öz gələcəklərini qura bilsinlər?
– Çox haqlı sualdır. Əslində bu gün Azərbaycanda bu problemi həll etmək olduqca çətindir. İş yerləri sıradan çıxıb. Ictimai təşkilatların fəaliyyəti çətinləşib. Burada çalışan gənclər ümidlərini dini təriqətlərə bağlayıblar. Buna görə də, Azərbaycanda heç bir ənənəsi olmayan dini qruplar fəallaşırlar və ideoloji boşluqdan istifadə edərək gəncləri öz sıralarına qatırlar. Eyni zamanda bu durumda gənclərin zərərli vərdişlərə, oğurluğa, cinayət hallarına meyl etməsi də müşahidə olunur. Sual edirsiniz ki, nə edəcəklər, deyərdim Rusiyaya gedəcəklər. Rusiya isə kriminal qrupların təsirində ola bir ölkədir.
– Teymur bəy, Azərbaycanda istər hökumət, itərsə də biznes və ya kommersiya şirkətləri bu durmuda nələr edə bilər ki, gənclərin məşğulluğu təmin olunsun?
– Əslində hökumət neft gəlirlərindən səmərəli istifadə edib istehsal və xidmət müəssisələrinin, o cümlədən regionlarda bu tipli müəssisələrin yaradılmasını təmin etməliydi. Heç olmasa normal biznes mühiti yaradılmalıydı ki, gənclərin də biznes bacarıqları inkişaf etsin. Hazırda bankların kredit vermək imkanları məhdudlaşıb, ölkədə bürokratik əngəllər və böyük “korrupsiya körpüsü” var ki, biznesmenlər və iş adamları hər gün bir neçə dəfə bu körpüdən keçməlidir. Eyni zamanda həmin şəxslər körpüdən yıxılıb seldə qərq olmasını da anbaan gözləyirlər. Buna görə də gənclər bu proseslərdən keçərək hər an yıxılmaq istəmirlər. Reallıq budur ki, Azərbaycanda gənclərin çoxu işsizdir. Azərbaycanın gələcəyi əsas təhlükələrdən biri gəncliyin işsiz qalması və hakimiyyətin mövcud vəziyyətə biganə münasibətdir.

Bənzər yazılar

Back to top button