Cəmiyyət

Neçə gündür onun təltif edilməsini gözləyirəm, xəbər yoxdur… – Qəhrəmanlıq

“Neçə gündür ki, onun dövlətimiz tərəfindən təltif edilməsini gözləyirəm, amma xəbər yoxdur”.

AzToday.az xəbər verir ki, bunu iqtisadçı ekspert, hüquq müdafiəçisi Əkrəm Həsənov “Xalq bank”ın filial rəhbəri Yusif Məmmədovun dənizdə batan uşaqları xilas etməsi zamanı həlak olmasından danışarkən deyib. Ekspertin fikrincə, sahibkarların başına oyun açan bank həm də öz əməkdaşına qarşı diqqətsizlik göstərib:

“XalqBank”ın filial rəhbəri Yusif Məmmədovun dənizdə uşaqları xilas etdikdən sonra özünün boğulması haqda artıq hamı bilir. Neçə gündür ki, onun dövlətimiz tərəfindən təltif edilməsini gözləyirəm, amma xəbər yoxdur. Axı bu, qəhrəmanlıqdır! Məgər qəhrəmanlar yalnız müharibədə olur? Onun işlədiyi bank barədə həmişə mənfi fikirdə olmuşam (sahibkarların başına oyun açır), amma gözləyirdim ki, heç olmasa öz əməkdaşına münasibətdə müsət olar. Nə “XalqBank”, nə də Banklar Assosiasiyası ölkə rəhbərliyinə müraciət edib mərhumun təltif olunmasını xahiş edib. Başları qarışıb pul qazanmağa! Halbuki, bankların sarsılmış nüfuzunu qismən də olsa bərpa edə bilərdilər (yalnız sarsaq reklama pul xərcləyə bilirlər). Lakin görünən odur ki, banklarımız bildiyimizdən də çox nanəcibdirlər və Yusif kimi insanlar orada azlıq təşkil edərək onların mahiyyətini dəyişə bilməz”.

Əkrəm Həsənov bildirib ki, mərhumun təltiflərə əslində ehtiyacı yoxdur:

“Allah ona rəhmət eləsin! Onun təltifi dirilərə lazımdır ki, bu cəngəllik dünyasında bizləri daha yaxşı, daha humanist etsin…”

Qeyd edək ki, bir neçə gün öncə “Xalq Bank”ın “Mərkəz” filialının direktoru Yusif İsak oğlu Məmmədov faciəvi şəkildə həlak olub. Məlumata görə, Abşeron çimərliklərinin birində ailəsi və dostları ilə istirahət edən Yusif Məmmədov dənizdə batan uşaqları xilas edərkən həlak olub.

Bənzər yazılar

Back to top button