GündəmHadisə

Həbs olunan general oğlundan etiraf

“Sürücü Rüstəm Orucovun xəbərdarlıqlarına məhəl qoymayıb”.

Bu sözləri Lent.az-a açıqlamasında bu günlərdə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin müavini vəzifəsindən azad edilən general Novruzəli Orucovun oğlu Rüstəm Orucovun vəkili Pəhləvan Aslanov bildirib.

Binəqədi rayon Məhkəməsinin qərarı ilə barəsində həbs-qətimkan tədbiri seçilən Rüstəm Orucov Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 1 saylı İstintaq Təcridxanasına (Kürdəxanı) köçürülüb.

Rüstəm Orucov saxlanılan zaman ona dövlət hesabına vəkil təyin edilib. Həmin vəkil də 11 saylı hüquq məsləhətxanasının əməkdaşı Pəhləvan Aslanovdur.

Vəkil bildirib ki, Binəqədi rayon Məhkəməsində hakim Rəşad Əliyevin sədrliyi ilə keçirilən prosesdə Rüstəm Orucov barəsində sanksiya seçilib: “Rüstəm Orucov məhkəmədə avtobus sürücüsünü döydüyünü etiraf etdi. Bildirdi ki, sürücü onun valideynlərini təhqir edib. Rüstəm onu xəbərdarlıq edib ki, valideynlərini söyməsin. Onun ifadəsinə görə, sürücü bu xəbərdarlığa məhəl qoymayıb və hadisə məhz bundan sonra baş verib. Məhkəmə Rüstəm barəsində 3 aylıq həbs qətimkan tədbiri seçib”.

Vəkil bildirib ki, hazırda onunla qohumları tərəfindən müqavilə bağlanmayıb: “Mən dövlət tərəfindən təyin edilmişəm. Hazırda istintaq hərəkətləri aparılır. Hələlik mənimlə müqavilə bağlanmayıb. O da ola bilər ki, ailə üzvləri başqa bir vəkillə müqavilə bağlasınlar”.

Bənzər yazılar

Back to top button