GündəmHadisə

Deputatın DTX-nı Yardımlıya dəvət etməsi icra başçısını qəzəbləndirdi

Sabir Rüstəmxanlının Dövlət Təhlükəsizlik Xidmətini Yardımlı Rayon İcra Hakimiyyətinin fəaliyəytini araşdırmağa səsləməsi ciddi rezonans doğurub.

Dünəndən sosial şəbəkələrdə müzakirə edilən xalq şairinin bu çağırışı Yardımlı rayonunun ictimaiyyətinin də diqqətini cəlb edib.

Qlobal.az xəbər verir ki, bəzi xəbər saytlarında yayılan məlumatda Yardımlı ictimaiyyətinin nümayəndələri artıq öz etirazlarını kəskin formada ifadə edərək Sabir Rüstəmxanlıya müraciətlər edirlər.

Xalq şairinin məlum çağırışına ilk etiraz isə Yardımlı rayon ağsaqqalları tərəfindən olub. Belə ki, rayon ağsaqqallarının adından yayılan etirazda onlar xalq şairini dürüst danışmamaqda, indiyədək Yardımlı rayonu üçün heç bir iş görməməkdə, korrupsiyada günahlandırıblar: “Sabir bəy, siz düzlükdən, təmizlikdən danışa bilməzsiz, üç dəfə Yardımlıdan deputat seçildiniz, nə iş gördünüz? Ancaq özünüz üçün, yaxınlarınız üçün işlədiniz. Cənab Prezidentin, icra başçılarının gördüyü işləri öz adınıza çıxdınız. “Ziyallılar evi” adı altında özünüzə rayonun mərkəzində villa tikdirdiniz. Əvvəl çayxana etdiniz, indi də “Kaspi” təhsil mərkəzinə icarəyə verib hər ay pul qazanırsınız. Rayonun Gavran kəndində “Yaradıcılıq evi” tikmək adı altında 1 ha torpaq sahəsini zəbt etmisiniz. Budurmu, sizin vətənpərvərliyiniz? Ulu Öndərin verdiyi “Şöhrət” ordenindən imtina etdiniz, amma bu hakimiyyətdən bol-bol bəhrələndiniz. Necə deyərlər: “Öz gözünüzdə tiri görməyib, özgə gözdə qıl axtarırsınız. Sizin Yardımlı rayonu haqqında danışmağa heç bir mənəvi haqqınız yoxdur”.

Yardımlı rayonunun ağsaqqalları adından dərc edilən bu müraciətin isə əslində rayon icra hakimiyyətinin rəhbərliyinin sifarişi olduğu iddia olunur.

Qlobal.az Yardımlı ağsaqqallarının adından olunan müraciətin rayon rəhbərliyinin sifarişi olub-olmamasına aydınlıq gətirmək üçün Yardımlı rayon İcra Hakimiyyəti ilə əlaqə saxlasa da, qarşı tərəf məsələyə münasibət bildirməyib.

Qeyd edək ki, dünən Sabir Rüstəmxanlı mediaya açıqlama verərək dövlət tərəfindən rayona və camaata ayrılan yardımların icra başçısı tərəfindən mənimsənildiyini bildirərək, Dövlət Təhlükəsizlik Xidmətinin əməkdaşlarını Yardımlı rayonuna dəvət etmişdi.

Bənzər yazılar

Back to top button