Hadisə

Satışda təhlükəli broyler toyuqlar var

Ötən gün mətbuatda Azərbaycanda qida üçün yararsız olan toyuq ətlərinin satışda olması ilə bağlı məlumat yayılıb. Bu iddia ilə Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov haqqın.az-a açıqlamasında çıxış edib. O bildirib ki, bu məhsullar Ukraynadan ölkəmizə gətirilib: “Keçən ilin may ayında istehlakçılar AİB-ə şikayət edərək bildiriblər ki, ”Qualiko” (Viniskaya toyuq fabrikası) toyuq məhsullarında nəmliyin miqdarı çoxdur. AİB-in ekspertizası müəyyən edib ki, həmin məhsullarda nəmliyin miqdarı normadan çoxdur, norma 4% olduğu təqdirdə bu məhsullarda nəmlik 40% olub. Üstəlik, toyuq məhsullarına naməlum kimyəvi maddələr əlavə olunub”.
AİB sədri qeyd edib ki, təzəlikcə “Qualiko” toyuq məhsulları yenidən Azərbaycan bazarına daxil olub: “Bu dəfə ekspertizanı Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Komissiyası keçirib. Nəticədə toyuq məhsullarında normadan artıq baytarlıq preparatları aşkar edilib: ”Məhsulun insan həyatı üçün təhlükəli olması təsdiqlənib. AİB bununla bağlı sənədləri Baş Prokurorluğa göndərib. Lakin bizdə olan məlumata görə, “Qualiko” məhsulları Bakının mərkəzində Mirəli Qaşqay küçəsində, Keşlə, Sumqayıt, Xırdalan, Lənkəranda və Gəncədə satılır. Əsasən, təhlükəli məhsullar Bakıda toyuq dönəri üçün geniş istifadə olunur”.
Məsələ ilə bağlı “Yeni Müsavat”a danışan Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov bir daha vurğuladı ki, bu cür məhsullar artıq ikinci dəfədir ki, ölkəmizə ayaq açır: “Azərbaycan broyler fabrikləri bütün əhalini yerli broyler məhsulları ilə tam təmin etməyə hazırdır. Anbarlarda kifayət qədər artıq məhsullar yığılıb qalıb. Ötən ilin aprel-may aylarında Ukraynadan Azərbaycana külli miqdarda toyuq ətləri gətirildi. AİB ötən il də monitorinq apardı, dövlət qurumları arasında məsələ qaldırdı və həmin məhsulların yoxlanmasına nail oldu. Onların tərkibində 4 faiz əvəzinə 40 faizə qədər naməlum maye var idi. Bu ətləri sıxanda maye axırdı. Üstündə isə ”halal” nişanı vurulmuşdu. Bu ildən başlayaraq yenə də yenidən “Qualiko” toyuqları Azərbaycana gəlməyə başladı. Bu il İqtisadiyyat Nazirliyi analizlər aparıb. Bu işə bizim təşkilat qarışmayıb. Həmin məhsulların tərkibində mayenin dəfələrlə çox olmasını və insan həyatı üçün təhlükəli maddələrin olmasını müəyyən edib. İşi araşdırmaq üçün İqtisadiyyat Nazirliyi Baş Prokurorluğa müraciət edib. Bizim əlimizdə İqtisadiyyat Nazirliyinin bu barədə rəsmi məktubu var. Əlbəttə, bu bizə ünvanlanmış məktub deyil, Baş Prokurorluğa müraciət olunan məktubdur. Lakin buna baxmayaraq, hazırda həmin toyuqlar satışda var. Azad İstehlakçılar Birliyində də onun nümunələri var”.
Ekspertin sözlərinə görə, “Qualiko” toyuq məhsulları hələ də rayonlarda və paytaxtda müxtəlif ünvanlarda satılmaqda davam edir: “Bu isə o deməkdir ki, davamlı olaraq Azərbaycana təhlükəli mallar idxal edilir. Biznes qurumlar dövlətin onlar üçün yaratdığı rahat şəraitdən sui-istifadə edirlər və əhalinin hüququnu pozmaqda davam edirlər. Çox təəssüflər olsun ki, İqtisadiyyat Nazirliyi bu sahədə fundamental və səmərəli iş görə bilmir. Bazarda anormal vəziyyət var. Ölkə başçısının Qida Təhlükəsizliyi Agentliyinin yaradılması ilə bağlı fərmanı var. Düşünmürəm ki, bu agentlik yaransa və normal fəaliyyət göstərsə vəziyyət dəyişə bilər. Ancaq acınacaqlı hal odur ki, ölkədə qida təhlükəsizliyi ilə bağlı qanun yoxdur. Qanun olmayan yerdə də cinayət olur”.

Müsavat

Bənzər yazılar

Back to top button