AnalitikaManşetSiyasət

Siyasi partiyalar iqtidarın nəzarətinə alınır!? (ŞƏRH)

“Siyasi partiyalar haqqında” yeni qanun layihəsi 7 sentyabr 2022-ci ildə Milli Məclisin saytında yerləşdirilərək ictimai müzakirələrə açılıb. Bu yeni Qanun 6 fəsil, 30 maddə, 306 müddəadan ibarətdir.

Yeni qanun layihəsinin mahiyyəti, məqsədi nədir və hansı zərurətdən yaranıb? Siyasi rəqabətin, pülüralizmin, çoxpartiyalı sistemin, azad seçkinin olmadığı bir mühitdə siyasi problemlərin həllinə kömək edəcəkmi? Siyasi partiyaların fəaliyyət azadlığı ilə bağlı problemləri həll etmək, siyasi iştirakçılığın önünü açmaq mümkün olacaqmı? Bu kimi suallar ətrafında geniş müzakirələrin aparılmasına ciddi zərurət var.

Xatırladaq ki, 27 iyun 2022-ci ildə Turan İnformasiya Agentliyinin Astna.biz analitik saytında yayılan “Siyasi partiyaların çoxluğu bizi hara aparır”  başlıqlı yazı ilə siyasi partiyaların cəmiyyətdəki real durumunu təhlil etmişdik. Bu istiqamətdə qanunvericiliyin təkmilləşdirilməsinə, qabaqcıl beynəlxalq təcrübənin tətbiqinə zərurət olduğuna vurğu salmışdıq. Bu gün də hesab edirik ki, ölkədə siyasi partiyaların fəaliyyətini tənzimləyən yeni mütərəqqi qanuna ehtiyac var. Yeni qanun layihəsi bu istiqamətdə mütərəqqi təşəbbüs sayıla bilərmi?

Ölkədə siyasi münasibətlər sisteminin əsasını təşkil edən qanunlardan biri də “Siyasi partiyalar haqqında” Qanundur. Azərbaycan müstəqillik əldə etdikdən qısa müddət sonra 3 iyun 1992-ci ildə “Siyasi partiyalar haqqında” Qanun qəbul edildi. 4 fəsil, 22 maddədən ibarət olan bu Qanun keçid dövrü üçün məqbul sayıla bilərdi.

24 avqust 2002-ci il Konstitusiya dəyişikliyi ilə proporsional seçki sisteminin ləğv edilməsi siyasi partiyaların cəmiyyətdəki yeri və rolunu xeyli zəiflətdi. Ardınca 27 may 2003-cü ildə Seçki Məcəlləsinin qəbulu ilə siyasi partiyaların fəaliyyətinə hakimiyyətin nəzarət imkanları yaradıldı. 13 noyabr 1998-ci ildə qəbul edilən “Sərbəst toplaşmaq azadlığı” haqqında Qanuna 2008-ci ildə çoxsaylı məhdudlaşdırıcı əlavə və düzəlişlər edilməklə kütləvi siyasi fəallığın qarşısı inzibati metodlarla kəsildi. Faktiki olaraq ölkədə siyasi iştirakçılıq minimum səviyyə endirildi.

Ölkədə siyasi azadlıqların və hüquqların məhdudlaşdırılması siyasəti 30 ilə yaxındır ardıcıl həyata keçirilib. Konstitusiyada təsbit olunan hüquq və azadlıqların önü qanunlarla və digər normativ hüquqi aktlarla qapadılıb. Fikir və söz azadlığı, ifadə, sərbəst toplaşmaq, məlumat əldə etmək və birləşmək azadlığı qanunlarla sərt çərçivəyə salınıb. İqtidarın yanaşmaları göstərir ki, ənənəvi basqıçı siyasət davam edir. Ölkə başçısının mütəmadi vəd etdiyi demokratik siyasi islahatlar bəyanat olaraq qalır.

Konkret olaraq yeni qanun layihəsini oxuduqca iqtidarın gerçək məqsədləri aydın görünür.

İlk növbədə bu Qanun Konstitusiyanın 58-ci maddəsində təsbit olunan “Birləşmək hüququ”nu məhdudlaşdırır.

Qanunun 5-ci maddəsində siyasi partiyanın təsis edilməsi ilə bağlı irəli sürülən normalar kifayət qədər ağırlaşdırılıb. Tələb qoyulur ki, siyasi partiya təsis etmək üçün azı 200 vətəndaş təsisçi olmalı, eyni zamanda bu şəxslər son 20 il Azərbaycan Respublikasının ərazisində daimi yaşamalıdır. Qanunun 15.5, 16.5-ci müddəalarında da Siyasi partiyanın sədri, sədr müavinləri və icra orqanının rəhbərliyinin son 20 il ölkədə daimi yaşaması tələbi qoyulub. Bununla yanaşı 6-cı maddədə Siyasi partiyanın dövlət qeydiyyatına alınması üçün azı 10000 üzvünün olması şərti də var.

Bu normaların hansı əsaslarla müəyyənləşməsi aydın deyil. Ölkənin ən yuxarı siyasi vəzifəsinə -prezident seçilmək üçün ölkədə 10 il yaşamaq norması olduğu halda bir partiya təsis etməyin belə ağır prosedurunu anlamaq mümkün deyil. Hətta prezident olmadıqda onun səlahiyyətlərini icra edən 1-ci vitse-prezident üçün ümumiyyətlə belə bir norma yoxdur.

Ölkədə 20 il daimi yaşamaq tələbi gənclərin siyasi fəaliyyətə yolunu məhdudlaşdıra bilər. Şəxsi və dövlət vəsaiti hesabına xaricdə təhsil alan gənclər ölkəyə döndükdən sonra onların siyasi partiya təsis etməsi və ya mövcud partiyaların rəhbərliyində təmsil olunması mümkün olacaqmı? Bu qanuna istinad edərək gənclərin qarşısında süni sədd yardılmayacağına təminat varmı? Habelə, xaricdə elmi-praktiki fəaliyyət göstərən, müxtəlif beynəlxalq layihələrdə müqavilə ilə işləyib vətənə dönən şəxslərə də bu norma tətbiq olunacaqmı? Bu suallara qanunda aydın cavab yoxdur.

Qanun bu şəkildə qəbul olunarsa iqtidar siyasi partiyalara tam nəzarət edəcək. 6-cı maddənin 6.4-cü müddəası Siyasi partiya üzvlərinin reyestrində baş vermiş sonrakı dəyişikliklər barədə ildə iki dəfə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana məlumat təqdim etməlidir. Beynəlxalq praktikada, Avropa Şurası üzv ölkələrinin qanunvericiliyində rast gəlinməyən bu norma partiyaların total nəzarət altına alınması olacaq.

Həmçinin, Siyasi partiyanın fəaliyyətinə nəzarəti nəzərdə tutan 7-ci maddənin 16 müddəası da məhz partiyaların bir icra qurumundan asılı salınmasına xidmət edir. Siyasi partiyanın fəaliyyətinə nəzarət edəcək müvafiq icra hakimiyyəti orqanı çox geniş səlahiyyətlərə sahibdir.

Partiyaya qarşı üzvlərin, dövlət orqanlarının, yerli özünüidarəetmə orqanlarının, hüquqi və fiziki şəxslərin müraciətlərinə baxır, mediada dərc olunmuş (yayımlanmış) məlumatları nəzərdən keçirir.

Dövlət elektron informasiya ehtiyatlarından istifadə etməklə siyasi partiya üzvlərinin reyestrində olan məlumatları ildə azı iki dəfə nəzərdən keçirir, məsələ ilə bağlı siyasi partiyanın qanuni təmsilçisinin izahatını alır, Azərbaycan Respublikasının normativ hüquqi aktları ilə müəyyən edilmiş digər tədbirlər görür. Faktiki olaraq iqtidar siyasi partiyaya vətəndaşların könüllü birliyi kimi deyil, məhdud məsuliyyətli müəssisə kimi baxır.

Bu Qanun siyasi partiyaları, xüsusilə də müxalifəti sıradan çıxarmaq üçün qanuni mühit yaratmağa xidmət edir. Qanunun 8.9-cu müddəasını “Hərbi və ya fövqəladə vəziyyətin elan edilməsinə səbəb olmuş halların aradan qaldırılmasına və müəyyən edilmiş tədbirlərin həyata keçirilməsinə mane olan siyasi partiyanın fəaliyyəti hərbi və ya fövqəladə vəziyyət dövrü başa çatanadək dayandırıla bilər.” əsas tutaraq müxalifətin qanuni fəaliyyətini əngəlləmək mümkün olacaq.

Habelə, Qanunun 9-cu maddəsinin 9.3.4-cü müddəasında “Azərbaycan Respublikası Milli Məclisinin deputatlarının, Azərbaycan Respublikası Prezidentinin və ya bələdiyyə seçkilərində ardıcıl olaraq 2 dəfə iştirak (qeydə alınmış namizədin seçkilərdə bilavasitə iştirakı formasında) etmədikdə” partiya ləğv oluna bilər.

Qanunun bu müddəası demokratik prinsiplərlə tamamilə ziddiyyət təşkil edir. İlk növbədə istənilən partiya seçkilərdə iştirak və ya etməmək azadlığına sahibdir. Bu müddəanın məqsədi seçkiləri “boykot” edən müxalifət partiyalarını cəzalandırmaqdır. “Boykot” bir siyasi etiraz formasıdır. Hətta “Əmək Məcəlləsi”ndə işçilərin etiraz əlaməti olaraq tətil hüquq var. Məhz “boykot” qərarına görə siyasi partiyanı cəzalandırmaq Konstitusiyada təsbit oluan siyasi hüquqların pozulmasıdır.

Ölkədə seçkilər mojaritar seçki sistemi ilə keçirilir. Seçicilər seçkilərdə partiyaya deyil şəxslərə səs verir. Partiya üzvünün seçkilərdə passiv seçki hüququndan istifadə etməməsinə görə onun mənsub olduğu partiyanın cəzalandırılması absurddur. Habelə, ölkəmizdə seçkilərdə iştirak vətəndaşın üzərində vəzifə deyil, hüquqdur. Hüquqdan istifadə etməməyə görə məsuliyyət nəzərdə tutula bilməz.

Digər tərəfdən isə siyasi partiya namizəd irəli sürsə də “Seçki məcəlləsi”nə görə onların qeydiyyata alınması DSK və MSK-nın səlahiyyətlərinə aiddir. Təcrübədə dəfələrlə sübut olunub ki, DSK və MSK namizədlərin qeydiyyatı ilə bağlı siyasi sifarişləri istisnasız olaraq icra edir. İqtidar seçkilərdə iştirakını istəmədiyi müxalifət partiyasını seçki komissiyaları vasitəsilə kənarda saxlaya və sonra bunu bəhanə edərək partiyanı ləğv edə bilər.

Qanunda ən çox narahatlıq doğran məsələlərdən biri də 20.10-cu müddəada yer alıb. “Siyasi partiya üzvlərinin reyestrini (adı, soyadı, atasının adı, həmçinin fərdi identifikasiya nömrəsi, doğulduğu tarix, qeydiyyat ünvanı, qeydiyyatda olduğu partiyanın yerli təşkilatı (olduğu halda) və əlaqə telefon nömrəsi göstərilməklə) aparır.” Geniş ictimaiyyətə bəllidir ki, ölkədə müxalifətə qarşı faktiki olaraq total basqı siyasəti aparılır. Bu müddəa iqtidara imkan verəcək ki, ölkədəki müxalif şəxsləri dəqiq müəyyənləşdirib hər birini xüsusi nəzarətə alsın. Onların nəinki özləri, hətta ailə üzvləri də təqib oluna bilər. Bu qanun ölkədə onsuz da çox zəifləməkdə olan siyasi fəaliyyətin sonunu yaxınlaşdıra bilər. Ölkədə gizli siyasi fəaliyyətə meydan aça, xaricdən daha sistemli mübarizə formalarına gətirib çıxara bilər.

Yeni Qanun layihəsi qəbul olunarsa ölkədə demokratik, sivil siyasi münasibətlərin yaranmasını ciddi əngəlləyəcək. Siyasi partiyalar insanların siyasi hüquqlarını və maraqlarını ifadə edən qurum kimi cəmiyyətdən təcrid olunacaq. Ölkədə anti-demokratik meyllərin daha da güclənməsinə gətirib çıxaracaq.

Nəsimi Məmmədli, politoloq

Mənbə: Turan.az

Bənzər yazılar

Back to top button