GündəmHadisə

Nazir şəhidin qardaşını qəbul otağından qovdurdu

İqtisadiyyat naziri Şahin Mustafayevin yanvarın 22-də Saatlıda Heydər Əliyev Mərkəzində vətəndaşlarla görüşündə qalmaqal yaşanıb.

Nazir şikayətçilərdən birini – Ramil Hüseynovu qəbul otağından zaldan qovdurub. Bu barədə Ramil Hüseynovun atası, Ağdamdan məcburi köçkün Əli Hüseynov bildirib.

Məlumat üçün deyək ki, Əli Hüseynov həm də şəhid atasıdır. Oğlunun şikayətinin dinlənilmədən qəbul otağından qovulmasından sarsılan şəhid atası ölkə başçısı İlham Əliyevə müraciət edib. O, müraciətin bir surətini də redaksiyamıza göndərib.

Şəhid atası yazır: “Cənab prezident, oğlum sahibkarlıq fəaliyyətilə məşğuldur. Bununla bağlı İqtisadiyyat Hazirliyi yanında Sahibkarlara Kömək Milli Fonduna müraciət edərək kredit istəyib. Lakin fondun rəhbəri Şirzad Abdullayev ondan “şapka” tələb edib. Oğlum bu tələbi yerinə yetirmədiyinə görə artıq bir il yarımdır ki, Şirzad Abdullayev onun hüquqlarını pozur, sahibkarlıq fəaliyyətinə maneə yaradır.

Cənab prezident, nəzərinizə çatdırım ki, bu məsələdən iqtisadiyyat naziri Şahin Mustafayevin də xəbəri var. Şirzad Abdullayev Şahin Mustafayevin yaxın adamı olduğuna görə onun barəsində heç bir tədbir görmür.

Cənab prezident, Şahin Mustafayev bu qanunsuzluqlara göz yumursa o zaman sizi və biz sahibkarları niyə aldadaraq rayonlara səfərlər təşkil edib saxta qəbullar keçirir?

Üzümü Şahin Mustafayevə tutub soruşuram: 22 yanvar tarixində televiziyada elan verirsiz ki, bir nazir kimi Saatlı rayonunda vətəndaşları qəbul edəcəm. Biz də sizi vicdanlı məmur bilib Bakıdan Saatlıya qəbulunuza gəlmişdik. Oğlum da, mən də hamı kimi qəbula yazılaraq qəbul otağında növbəmizi gözləyirdik. Oğlumun növbəsi yaxınlaşanda özünü polis kimi təqdim iki nəfər mülki geyimli şəxs oğlumun qolundan tutaraq bayıra çıxmasını tələb etdi. Oğlum bildirdi ki, mən şikayətçiyəm və heç bir qanunu pozmamışam, ona görə də məni qəbul otağından çıxarmağa ixtiyarınız yoxdur. Onların cavabı isə belə oldu: “Biz kimik ki?! Bizə rəhbərlik tapşırıb ki, qəbul otağında Hüseynov Ramil adlı şəxs var, onu oradan uzaqlaşdırın. Bizə məlum oldu ki, polislərlə bizi üz-üzə qoymaq istəyən Şirzad Abdullayevdir.

Cənab nazir, siz məndən yox, xalqdan yox, Allahdan qorxmursuz?

Cənab prezident, mərhum ulu öndərimiz bu haqsızlıqları qanunsuzluqları qəbul etməzdi.

Diqqətinizə çatdırım ki, Şirzad Abdullayev və “Aqrarkredit”in rəhbər Məmməd Musayevin qanunsuz əməllərindən biz artıq müflis olmuşuq. Oğlum o vəziyyətə çatıb ki, hətta özünə qəsd etmək stəyir. Bu barədə oğlum cənab Mədət Quliyevə teleqramla müraciət etmişdi. Mədət müəllim müraciətə diqqət göstərərək Baş Prokurorluğa göndərdi. Zakir müəllim də bu məsədənin araşdırılmasını Yasamal Rayon Prokurorluğuna tapşırdı. Hazırda orada iş üzrə araşdırma gedir.

Cənab prezdent, sizi ulun öndərin ruhuna and verirəm ki, bu məsələnin daha dərindən araşdırılması üçün Baş Prokurorluğa göstəriş verəsiniz”.

Elnur Məsimov

AzToday.az

Bənzər yazılar

Back to top button