İqtisadiyyat

Qorxmaz Hüseynovun tender gizlinləri: “Hidro İnşaat Servis” kimindir?..- ARAŞDIRMA

Bir neçə gün öncə “Hidro İnşaat Servis” MMC və “Azərsu” ASC rəhbəri Qorxmaz Hüseynovun bu şirkətlə əlaqələri barədə məlumat yaymışdıq. Həmin məlumatda bəzi ilginc məqamları dəqiqləşdirmək üçün şirkətin gördüyü işlər və dövlət qurumunun tenderləri niyə məhz “Hidro İnşaat Servis” MMC-yə “etibar” etdiyini araşdırmaq qərarına gəldik.
Məlum oldu ki, “Azərsu” MMC-nin layihələrini həyata keçirən və tenderləri udan şirkətlə bağlı yayılan informasiyalar təsadüfi deyil. Layihələrin reallaşması zamanı “Azərsu” MMC-nin yol verdiyi korrupsiya halları da, niyə məhz bu şirkət vasitəsilə rəsmiləşdirilməsi də sözügedən qurumlar arasındakı “bağlantı”lardan qaynaqlanır.
Təsadüfi deyil ki, Azərbaycanda məmur dedikdə, ilk təsəvvürə gələn rüşvət və korrupsiya anlayışıdır. Doğrudan da, ölkədə elə bir məmur varmı rüşvət almasın və korrupsiyaya bulşamasın? Təbii ki, bu suala cavab vermək çətindir. Ola bilsin ki, çox az sayda belə məmurlara rast gəlmək olar. Amma ölkədəki mövcud vəziyyət və məmurların vəzifə səlahiyyətlərindən sui-istifadə hallarına yol verməsi elə bir təhlükəli durum və qorxunc görüntü yaradıb ki, bu mövzuda pozitiv düşünmək mümkün deyil.
Bu məmurlardan biri də elə məhz “Azərsu” ASC-nin rəhbəri Qorxmaz Hüseynovdur. Onun fəaliyyəti ciddi şəkildə araşdırılsa, heç də keçmiş milli təhlükəsizlik naziri, hazırda talançılıqda və korrupsiyada ittiham olunan Eldar Mahmudov və onun ətrafından az faktlar üzə çıxmayacaq.
“Azərsu”nun təhlükəli tender oyunları və “Hidro İnşaat Servis”…
Qorxmaz Hüseynovun fəaliyyəti araşdırılarkən maliyyə maxinasiyalarına və korrupsiya hallarına yol verdiyini araşdırmaq üçün uzağa getmək lazım deyil. Məlumata görə, sözügedən şirkət bu məsələdə araşdırmalar üçün açar rolunu oynayır. Düzdür, MMC-nin rəsmi saytında şirkətlə bağlı bir sıra məlumatlar, az da olsa, maliyyə hesabatları haqqında bilgilər verilib. Ancaq bunların təhrif olunması və müəyyən faktların gizlədilməsi ilk baxışdan göz deşir.
Heç kəsə sirr deyil ki, bu şirkət Hüseynovun tenderləri udmaq və dövlət əmlakını mənimsəmək, ələ keçirib özününküləşdirmək üçün çox ciddi vasitədir. Əslində, buna təəccüblənmirik də. Çünki Azərbaycanda bir çox məmurlar “tender oyunlarını udmaq” üçün özlərinə alt qurumlar, müxtəlif adda MMC-lər yaradırlar. Bu qurumlara isə yaxın qohumlarını təyin edərək “pul silmək”lə məşğul olurlar. Yəni sağ əllə alib sol ələ ötütürlər. Bu yaxınlarda vəzifədən kənarlaşdırılan Eldar Mahmudovun da 80 nəfərdən yuxarı qohumunun vəzifədən atılması sıradan bir hadisə deyildi. “Hidro İnşaat Servis”in udduğu tenderlərə və bunun müqabilində gördüyü işlərə gəlincə, həm şirkətin rəsmi səhifəsindəki rəqəmlərlə gördüyü işlər ciddi təzad təşkil edir. İşlərin görüldüyü vaxt isə “ikinci hesabdar” sisteminin tətbiq edilməsi və “qara hesablar”la bağlı kifayət qədər məlumat var.
Qorxmaz Hüseynovun “Azərsu”da nə qədər qohumu çalışır və…
“Azərsu” ASC-nin podratçı şirkətlərindən sayılan biri “Hidro İnşaat Servis” MMC-ni artıq qurumun özündə də Qormaz Hüseynovun “ailə şirkəti” hesab edirlər. Bu da təsadüfi deyil, çünki böyük “tenderlər oyunları”nın kiçik oyunçusu olan bu şirkətə Hüseynovun yaxın adamı Yavər Miriyev rəhbərlik edir, təsisçisi isə qaynıdır. “Hidro İnşaat Servis” MMC-nin rəhbəri Yavər Miriyevlə bağlı isə şikayətlər səngimir. Onun tenderlər zamanı və şirkətin gördüyü işlərin reallaşması zamanı yol verdiyi maxinasiya və korrupsiya halları məhz Qorxmaz Hüseynovun göstərişi ilə gizlədilir. Çünki bu şirkətin maliyyə maxinasiyaları və korrupsiya hallarının deşifrə olunması məhz Hüseynovun hədəfə gəlməsi deməkdir. Heç kəsə sirr deyil ki, “Azərsu” ASC-nin tenderləri Q.Hüseynovun yaxın ətrafının talan obyektinə çevrilib və aparılan maxinasiya sistemində əsasən üç şəxsin adı çəkilir. Onlardan biri – Qorxmaz Hüseynovun ən sevimli adamı olan bacısı oğlu Yusifəlidir. Digəri qardaşı Məhəmməd, üçüncüsü isə qaynı və şirkətin təsisçisi Namiq Cəbrayılovdur. Bu klanın başında da məhz o dayanır…
Bundan başqa, Birləşmiş Su-Kanal MMC-nin rəhbəri Etibar Məmmədov da Q.Hüseynovla yaxın dostluq münasibətləri ilə seçilirlər. Belə ki, bu iki vəzifə sahibi İstanbulun “zənginlər məhəlləsi” kimi tanınan ərazisində (Floriya səmtində) də qonşudurlar. Bundan başqa isə bu gün Azərbaycanın bir çox rayonunda Qorxmaz Hüseynova məxsus 2 hektar torpaq sahəsi var ki, bu ərazilər həmin rayonda “Azərsu” ASC tərəfindən hər hansı bir irimiqyaslı (dövlət sifarişli) layihənin həyata keçirilməsi zamanı Etibar Məmmədovun təşəbbüsü ilə yerli su-kanal idarə rəhbərliyi tərəfindən ASC sədrinə hədiyyə olunur. Yeri gəlmişkən, E.Məmmədov özü də vaxtaşırı Qorxmaz Hüseynova bu kimi “hədiyyə”lərdən təqdim etməyi unutmur.
Buna misal olaraq Bakının Saray qəsəbəsində, Xətai rayonunda və digər ərazilərində inşa olunaraq ASC sədrinə təqdim edilmiş villaları göstərmək olar. Əldə etdiyimiz bu məlumatlardan çıxan məntiqi nəticə odur ki, Hüseynov “hakimiyyət daxilində hakimiyyət” quraraq öz klanını formalaşdırıb. Bu hələ onun yaxın qohumlarının bir hissəsidir. Mənbə bildirir ki, Hüseynovun “Azərsu”da çalışan qohum-əqrabasının sayı 100-ə çatır. Bir sözlə, dövlət qurumu “zümrə həmrəyliyi”nin girovuna çevrilib.
Bəs “Hidro İnşaat Servis” MMC özü haqqında nə deyir?
MMC-nin rəsmi saytında bildirilir ki, “Hidro İnşaat Servis” MMC su və kanalizasiya şəbəkələrinin tikintisi və bərpası bazarında aparıcı yerlərdən birini tutur: “Hazırda şirkət formalaşdırdığı daxili nou-xausunun köməkliyi ilə həm infrastruktur həm də mülki inşaat layihələrini uğurla həyata keçirir. Bundan başqa, şirkət topladığı təcrübəyə əsasən müxtəlif  çətinlik dərəcəsinə malik mühəndis və təşkilatı işləri həmçinin də tikinti layihərini həyata keçirə bilir”.
Şirkətin əsas fəaliyyəti sahələri isə bunlardır:
1. Tikinti işləri, ictimai işlər üzrə bütün iş.
2. Su qurğularının tikintisi, su kanallarının, su anbarları və su təmizləmə qurğularının tikintisi.
3. Mühəndislik sistemləri, tədarük və şəbəkələrin quraşdırılması.
4. Su sayğaclarının quraşdırılması
5. Təmir işləri
6. Binaların saxlanması
Oliqarxiyanın əsas yeyinti qurğusuna çevrilən və Qorxmaz Hüseynovun “zümrə həmrəyliyi”nin əsas maxinasiya faktoru olan şirkər tikinti sektoruna da nəzarət edə bilir. Şirkət bütün istehsal dövrünü əhatə edən mühəndis sistemləri və mülki tikinti obyektlərinin tikintisi və yenidənqurması üzrə ixtisaslaşmış tikinti şirkətidir.
Burada “Layihələndirmə üzrə məsləhətlər”, “Razılaşdırılmalar”, “Quraşdırma”, “İşə salma”, “İstismara verilmə” əsas fəaliyyət növlərindən biridir. Belə ki, ixtisaslaşma şirkətdə mühəndis sistemləri, su anbarları, mülki mühəndislik obyektləri, boru kəmərinin tikintisi, kanalizasiya və müxtəlif komunikasiya xətləri, təmizləyici qurğular quraşdırılması və sair tikinti sahələri üzrə geniş təcrübəsi olan mütəxəssislərin cəmlənməsinə imkan verir. Amma bu deyilənlərə rəğmən, şirkətdə çalışan fəhlələr vaxtaşırı maaşlarını ala blmirlər. MMC-dəki “zümrə kabusu” insanları gündəlik azuqə və “çörək imtahanı”na çəkir…
1.5 milyonluq tender uduşu və Hüseynov-Miriyev cütlüyünün “qara hesabları”…
Məlumatlarda isə şirkət haqqında maraqlı iddilar ortaya qoyur. Belə ki, Qorxmaz Hüseynov “Azərsu” ASC-nin rayonlarda həyata keçirdiyi və dəyərli 100 milyonlarla ölçülən su və kanalizasiya layihələrinin bir neçəsini məhz bu şirkət vasitəsilə reallaşdırıb. Belə ki, milyonyarımlıq “maxinasiya layihələri”nin pərdəarxası fiqurları bir müddət öncə təhlükəli tender oyunlarında Babək Hüseynovu qurban verməklə yaxalarını kənara çəkməyə cəhd ediblər. Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi tərəfindən ASC-də aparılan yoxlamanın nəticəsində aşkar edilmiş korrupsiya faktları və bunun fonunda Babək Hüseynovun həbs edilməsi təbii ki, bu qurumda ciddi problemlərin olduğunu bir daha ortaya qoydu.
Deməli, Yavər Miriyevin “Hidro İnşaat Servis” MMC üçün rəsmi sayt yaradaraq “şəffaflıq” adıyla gözə kül üfürməsi də əlahəzrət faktları pərdələyə bilmir. Onu da qeyd edək ki, şirkətin rəsmi saytında yerləşdirilən maliyyə hesabatlarında direktor kimi Yavər Miriyevin, naş mühasib kimi isə Svetlana Paşayevanın adı keçir (Maliyyə hesabtlarını bu linkdən oxuya bilərsiniz: http://www.hidro-insaat.com/eng/maliyy%C9%99-hesabatlari/).
“Azərsu” ASC-ni feodal təsərrüfata çevirən qruplaşmalar…
Mənbənin sözlərinə görə Babək Həsənov həmin ərəfədə ASC-də Köçəri Həsənov, Mahir Məmmədov və İlqar Tağıyevdən ibarət qruplaşmaya daxil olub. Babək Həsənov “Azərsu” Səhmdar Cəmiyyəti sədrinin 1-ci müavinİ Teyyub Cabbarovun qardaşının kürəkənidir. O, həbsinə qədər ASC-nin hüquqşünası olub. Sözügedən həbs başda Qorxmaz Hüseynov olmaqla, onun 1-ci müavini və digər vəzifəli şəxsləri qorxuya salıb. Çünki təkcə Namiq Cəbrayılovun “udduğu” tenderlərin ən ucuzu 1 milyon dollarlıqdır.
Daha bir dəhşətli iddia ondan ibarətdir ki, Mahir Məmmədovun bu maxinasiyalar sayəsində paytaxtın Montin qəsəbəsində aldığı torpaq sahəsinin qiymətinin 1,5 milyon manat olduğu bildirilir. Yavər Miryevin isə kürəkəninin yanına gedərək, asanlıqla söz deməsi də çətin məsələ sayılmır. Elə buna görədir ki, “Hidro-İnşaat Servis” MMC “Azərsu” prezidentindən asanlıqla böyük məbləğli layihələri ala bilir. Əgər Baş Prokurorluq sözügedən qurumda və şirkətdə yoxlamalar həyata keçirsə, təbii ki, daha dəhşətli faktlar ortaya çıxacaq…
Mövzu ilə bağlı araşdırmalarımız davam edir.
Yazıdakı iddilarla bağlı adıçəkilən şəxslərin və qurumların da mövqeyini dərc etməyə hazırıq.
Samir Əhmədov

Bənzər yazılar

Back to top button