GündəmHadisəİqtisadiyyatManşetXəbərlər

“Haqqımda yazılanlar həqiqətə uyğun deyil” – Fərhad Əhmədov

İş adamı, milyarder Fərhad Əhmədov haqqında yayılan məlumatlara münasibət bildirdi

Bir neçə gün əvvəl AzToday.az saytı “Rusiyanın prezidentliyə yeni namizədi-Putinin “Azərbaycan arzusu” Fərhad Əhmədovdur?” adlı məqalə dərc etmişdi. Məqalədə göstərilirdi ki, azərbaycanl iş adamı, Rusiya və Böyük Britaniya vətəndaşı Fərhad Əhmədov 2018-ci ildə Rusiyanın Azərbaycana qarşı seçki strategiyasının başında duracaq. Məqalə dərc olunduqdan sonra Fərhad Əhmədov saytımıza müraciət edərək onun mövqeyinin dərc edilməsini və yayılan məlumatın təkzib olunmasını istəyib. “Kütləvi informasiya vasitələri haqqında” Qanuna uyğun olaraq biz Fərhad Əhmədovun təkzib məktubunu olduğu kimi dərc edirik:

“Rəhbərlik etdiyiniz xəbər portalının 20 fevral 2017-ci il tarixli buraxılışında baş redaktor Elmidar Əliyev tərəfindən “Rusiyanın prezidentliyə yeni namizədi-Putinin “Azərbaycan arzusu” Fərhad Əhmədovdur?” adlı məqalə dərc edilmişdir. Həmin məqalədə qeyd olunmuşdur ki, “AzToday.az-a daxil olan məlumata görə, hazırda Rusiya Azərbaycanda 2018-ci ildə keçirilməsi nəzərdə tutlan prezident seçkilərinə həm müdaxilə etmək, həm də lazımi şəraitdə Azərbaycanda hakimiyyət dəyişikliynə nail olmaq üçün yeni seçki strategiyası hazırlayıb. Kremlin Azərbaycana qarşı seçki strategiyasının başında isə Göyçay rayonunda doğulub böyümüş, hazırda azərbaycanlılar arasında ən varlı simalardan biri olan milyarder Fərhad Əhmədovdur. Bu barədə isə artıq Fərhad Əhmədovun yaxın ətrafı və Azərbaycandakı qohumları açıq şəkildə danışırlar.”

Habelə qeyd olunmuşdur ki, Putinin yeni “Azərbaycan arzusu” – Fərhad Əhmədov 2018-ci ildə Azərbaycanda keçiriləcək olan prezident seçkilərində Rusiya hakim çevrələrinin Azərbaycandakı növbəti layihəsidir.

Nəzərinizə çatdırıram ki, xəbər portalının bu barədə məqalələri həqiqətə uyğun deyil.

Bildirirəm ki, məqalə tamamilə fərziyyələr əsasında yazılmışdır, heç bir mənbəsi olmadığı halda, guya hansısa mənbədən bu cür məlumatların əldə edildiyi göstərilir. Belə ki, Fərhad Əhmədov nəyə ümid edir və hakimiyyətə necə gələ bilər?, Fərhad Əhmədovun müttəfiqləri kimlərdir? və s. sualları ilə oxucularda çaşqınlıq və mənə qarşı nifrət yaratmağa cəhd edilib. Habelə bu azmış kimi həmin suallara mənim adımdan cavablar verilməsi də məqalənin uydurma olmasından xəbər verir.

Nəzərinizə çatdırıram ki, qeyd olunan məlumatlar həqiqətə uyğun olmamaqla yanaşı mənim işgüzar nüfuzumu ləkələyir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23.2-ci maddəsinə əsasən əgər fiziki şəxsin şərəfini, ləyaqətini, işgüzar nüfuzunu ləkələyən və ya şəxsi və ailə həyatının sirrinə qəsd edən məlumatlar kütləvi informasiya vasitələrində yayılmışdırsa, həmin kütləvi informasiya vasitələrində də təkzib edilməlidir.

“Kütləvi informasiya vasitələri haqqında” Azərbaycan Respublikası Qanununun 44-cü maddəsinə əsasən “kütləvi informasiya vasitəsində fiziki və hüquqi şəxslərin şərəf və ləyaqətini ləkələyən, böhtan və təhqir xarakterli məlumatlar verildikdə, fikirlər təhrif olunduqda fiziki şəxsin özünün və ya nümayəndəsinin, hüquqi şəxsin rəhbərlərinin, yaxud səlahiyyətli nümayəndəsinin həmin kütləvi informasiya vasitəsində bir ay müddətində cavab vermək, həqiqətə uyğun olmayan məlumatın təkzib olunmasını, düzəliş verilməsini, habelə üzr istənilməsini tələb etmək, yaxud birbaşa məhkəməyə müraciət etmək hüququ vardır”.

Qeyd olunanları nəzərə alaraq “Rusiyanın prezidentliyə yeni namizədi-Putinin “Azərbaycan arzusu” Fərhad Əhmədovdur?” adlı məqalənin təkzib edilməsini və həqiqətə uyğun olmayan məlumatın yayılmasına görə oxuculardan və adları çəkilən şəxslərdən üzr istənilməsini təmin etməyinizi xahiş edirəm.

Hörmətlə,
Fərhad Əhmədov
Mayami, ABŞ, Florida ştatı. 23.02.2017-ci il”.

AzToday.az olaraq, iş adamı Fərhad Əhmədova hazırladığımız yazını anlayışla qarşılayıb, münasibət bildirdiyi üçün təşəkkür edirik. Kütləvi İnformasiya Vasitələri Haqqında qanuna əsasən yazıda səsləndirilən iddiaları təkzib etməklə yanaşı oxuculardan və hörmətli Fərhad Əhmədovdan üzr istəyirik.

AzToday.az

Bənzər yazılar

Back to top button