Bizim seçimSiyasət

Müsavat Partiyasının rayon təşkilatının yığıncağına müdaxilə olub

Martın 24-də Müsavat Partiyasının Kürdəmir təşkilatının ümumi yığıncağına müdaxilə olub.

Müsavat Partiyasının mətbuat xidməti Müsavat Partiyası başqanının müavini Səxavət Soltanlıya istinadən bildirir ki, konfrans keçirilən məkana polis müdaxiləsi olub.

“Rayon təşkilatının ofisi olmadığına görə məcburiyyətdən yerli çayxanaların birində toplantı keçirilib. Tədbirin başlamasından bir az sonra növbəti qurultaya nümayəndələrin namizədliyi verildikdən sonra, çıxışlar başlayar-başlamaz yerli hakimiyyət və hüquq-mühafizə orqanlarının əməkdaşları həmin məkana daxil oldular. Onlar bir neçə dəqiqə çıxışları dinlədikdən sonra obyekt sahibi bizə yaxınlaşdı və bildirdi ki, buranı boşaltmalısınız. Müsavatçılar məcbur olaraq məkanı boşaltdılar. Daha sonra iclası açıq havada davam etdirməli olduq”, deyə Səxavət Soltanlı bildirib.

“Ölkə başçısının siyasi islahatlara ehtiyac olduğunu bildirməsinə baxmayaraq, Müsavat Partiyasının yerli təşkilatları üçün ofislər təşkil etmək əvəzinə, bizə çayxanalarda belə toplaşmağa imkan verilmir. Bütün olanlara baxmayaraq, açıq havada da olsa, partiya nizamnaməsinə əməl etməklə növbəti qurultaya nümayəndələr seçildi. Ayaq üstdə olsa da, üzvlərimizlə söhbət edib məlumat mübadiləsi etdik, ölkədə və regionda baş verən vacib hadisələr haqqında fikir mübadiləsi apardıq”, deyə Səxavət Soltanlı əlavə edib.

Hüquq-mühafizə orqanları Müsavat Partiyasımnın mətbuat xidmətinin məlumatına hələ münasibət bildriməyib. (Turan)

Bənzər yazılar

Back to top button