Digər

Mehri Nəsibova: “Dövlət məmurları tənqiddən xoşlanmırlar”

Müsahibimiz müstəqil tədqiqatçı-jurnalist Mehri Nəsibovadır.

-Mehri xanım, ictimai əhəmiyyət kəsb edən mövzularla bağlı araşdırma aparırsınız çətin deyil ki?

– Əslində peşəkarlıq və məsuliyyət baxımından çətindir. Lakin, bu iş mənə zövq verdiyindən elə bir çətinlik yaşamıram. Çünki, Sizin də qeyd etdiyiniz kimi, ictimai əhəmiyyətli məsələlərin araşdırılması olduqca vacibdir. Bu zaman araşdırılan sahədə olan boşluqları dəqiq tapmaq və hədəfinə yönəltmək olduqca zəruridir. əsas məsələ odur ki, müqayisəli təhlil aparmağı bacarasan. Eyni zamanda jurnalistikanın çətinliyi ondadır ki, lazım olanda hüquqi məsələni, lazım olanda iqtisadi məsələni araşdırmalı olursan. Bu sənə həm əlavə biliklər verir, həm də cəmiyyətin o sahəsindəki real vəziyyəti öyrənirsən. Bəzən də elə olur ki, apardığın tədqiqatla bağlı təzyiqə məruz qalırsan. Çünki, dövlət məmurları tənqiddən xoşlanmırlar. Mənim insan hüquqlarının məhkəmələrdə qorunmamasıyla bağlı hazırladığım araşdırma mənə qarşı təzyiqlərin başlamasına səbəb oldu. Guya mən Azərbaycanda hüquq sisteminin olmadığını iddia etmişəm.

– Mehri xanım, tənqidi yazılarınıza görə əks fikir söyləməyi qəbul etməməyinizi Sizin də tənqidə dözümsüzlüyünüz kimi qarşılana bilər…

– Mən alternativ yanaşmanı və nəyisə düzgün göstərmədiyimin qeyd olunmasını qəbul edirəm. Lakin, hökumət adamlarının “Azərbaycanı istəməyən qüvvələrə dəstək verir”, “Demokratik ölkəni gözü götürmür”, “pul alıb vətəni satıb” qeydlərini təzyiq kimi və tənqidə dözümsüzlük kimi qiymətləndirirm. Bəli, mən araşdırmamda göstərmişəm ki, Əli İnsanovun məhkəməsinə jurnalistlərin buraxılmaması siyasi sifarişdir. Çünki, Əli İnsanov siyasi xadimdir, mənim onun necə işləməsi, həbs edilməyinin hansı şəraitdə baş veməsindən öncə, onun məhkəməsinin ədalətli keçirilməsi və ictimaiyyətin burada iştirakına imkanların yaradılmasıdır. Mən sabah hər hansı məmurun da məhkəməsi olarsa maraqlı olacam ki, orada da eyni hüquqi imkanlar təmin olunsun. Eyni zamanda araşdırmanı apardığım zaman mən mütəxəssislərin də fikirlərinə yer verirəm. Burada artıq mütəxəssis deyə bilər ki, hansısa sübutlar oldu, vəkilin vəsatəti niyə təmin olunmadı və s. Məncə bu, kifayət qədər peşəkar yanaşmadır. Bu yanaşmadan xoşlanmayanlar isə mənə təzyiq edirlər.

“Ağ şəhərdə qara günlər” adlı araşdırmamda bəzi adamlar narahat edir. Çünki, büdcədən evləri sökülən vətəndaşlara ayrılan vəsaitlər onlara çatmır və prosedur düzgün aparılmadığından mülkiyyət hüququ pozulur. Mülkiyyət hüququ ölkədə kütləvi şəkildə pozularsa, orada hər hansı digər hüququn təminatından söhbət gedə bilməz. Bu, həm də vətəndaşın dövlətə inamını sarsıdır.

Bənzər yazılar

Back to top button