Digər

“Xalq korrupsioner və rüşvətxor hakimiyyəti yola salmalıdır”

İctimai-siyasi fəal Elyar İsgəndərov ölkədəki iqtisadi-siyasi vəziyyəti dəyərləndirdirib.

Müsahibəni təqdim edirik:

– Sizcə ölkədə nə baş verir? Biz hara gedirik...

– Azərbaycanda hər şey məzhəkədir. Ölkədə korrupsiya sərhəd tanımır. Hakimiyyət dünyanın məşhur idman oyunlarına ev sahibiliyi etməsi ilə öyündüyü bir vaxtda 75 yaşlı qarı əlindəki süpürgə ilə paytaxt küçələrindəki yağışın suyunu ölüm-zülümlə süpürür. Rəsmi Bakı ağlasığmaz məbləğləri neçə-neçə idman oyunlarına ev sahibliyi etmək üçün göyə sovurduğu bir vaxtda bəlli olur ki, talassemiya xəstəliyinin yayılma tezliyinə görə Azərbaycan Rusiyadan öndədir. Bütün bu prosesləri şəxsi qazancları üçün həyata keçirirlər…

-Bəziləri iddia edir ki, belə oyunları keçirməklə Azərbaycanda turizm sahəsini inkişaf etdirirlər.

-200 milyon xərcləyib, bir-neçə milyon qazanmaqla turizimi inkişaf etdirmək olmaz. Ölkədə turizimi inkişaf etdirməkdən ötrü birinci növbədə, qiymətlərin ucuzluğu vacibdir. Türkiyədə və ya Gürcüstanda turizmin inkişafına da bu ucuzluq əsas rol oynayır.

Eyni zamanda Azərbaycanda inhisarlar imkan vermir ki, turizm sahəsində rəqabət güclənsin. Hamı yaxşı bilir ki, Azərbaycan bir-neçə oliqarxın arasında bölünüb. Onlar da yalnız və yalnız yüksək gəlir haqqında düşünürlər bu yüksək gəliri də bahalı qiymətlər hesabına əldə etmək istəyirlər. Buna görə də Azərbaycanda turizm bu hakimiyyətin vaxtında inkişaf etməyəcək.

– Hakimiyyət korrupsiyaya qarşı ciddi mübarizə apardığını bəyan edir. Sizcə bu mübarizənin nəticəsi olacaqmı?

– Korrupsiyaya qarşı mübarizə hüquqi islahatlarla müşahidə olunmalıdır. Bu yalnız kampaniya xarakteri daşımalı deyil. Burada bir suala cavab vermək yerinə düşər. Hazırkı rejim ciddi islahatlara getməyə hazırdırmı? Rejim buna hazır deyil. Əgər büdcədən 4 milyard dollar vəsaiti investisiya adı ilə, tender keçirmədən mənimsəyirlərsə, idxal və ixrac üzərində inhisar yaradıblarsa, korrupsiyaya qarşı hansı mübarizədən söhbət gedə bilər. Azərbaycanda normal, azad bazar yoxdur. Iqtisadi, siyasi rəqabət yoxdur.  Cəmiyyətin sütunu olan orta təbəqə bu gün yoxdur. Sosial qütbləşmə o qədər dərinləşib ki, beş faiz bir ailənin və məmur oliqarxların əlində cəmləşib. Doxsan beş faiz isə acından ölür. Əslində korrupsiyaya qarşı aparılan bu mübarizə bir sıra kiçik ranqlı məmurların kapitallarına böyük təhlükə yaradıb. Onlar bu təhlükəni hiss edirlər. Amma korrupsiya piramidasının başında əyləşənlər, milyonlara sahib olanlar korrupsiyaya qarşı necə mübarizə apara bilərlər?

-Dediyinizdən belə nəticəyə gəlmək olar ki, hakimiyyət islahatlara gedə bilməz…

– Bunun köklü səbəbləri var. Korrupsiya və rüşvətxorluq ölkə iqtisadiyyatını dağıdır. Bir məqama diqqət yetirək. Hazırda nazir işləyən şəxslərin bir çoxunun bu postdakı fəaliyyəti on ili ötüb. Onların insanlarla davranışları bütün etik normaları keçir. Onlar sadəcə Azərbaycan vətəndaşını saymırlar. Yaranmış situasiyada Azərbaycan xalqı öz sözünü deməlidir. Ölkə faktiki olaraq korrupsiya ilə idarə olunur. Açıq-aşkar büdcə pulları talan edilir və oğurlanır. Bunu gizlətməyi belə ağıllarına gətirmirlər. Hakimiyyətin başında duranlar talan etdikləri xalqın pullarını xarici banklara daşımaqdadırlar. Yəni özləri də hakimiyyətlərin dayanıqlı olmasına inanmırlar. Gec-tez bu korrupsiya hakimiyyətin axırına çıxacaq. Onda ölkədə böyük kataklizmlər olacaq. Bundan nə xalq nə də indiki hakimiyyət qazanacaq. Ona görə xalq olaraq bir olub, bu hakimiyyəti yola salmalıyıq.

Samir Əhmədov

Bənzər yazılar

Back to top button