Bizim seçimManşetSiyasət

Dövlət adamı ölkə ilə bağlı bütün həqiqətləri eşitməyə hazır olanda…

Azərbaycan Respublikası prezidentinin yerli jurnalistlərə müsahibə verməsi təkcə media üçün əlamətdar hadisə olmadı, bunu həm də ölkədə son aylarda aparılan islahatların mühüm bir həlqəsi, prezidentin həyata keçirdiyi islahatlarda mediaya xüsusi önəm verdiyinin, ən əsası də illərlə ölkədə aparılan, son vaxtlar isə xüsusilə intensivləşən korrupsiyaya qarşı mübarizə tədbirlərində ictimai dəstəyə və aşkarlığa ayrılan diqqətin ciddi əlaməti kimi başa düşmək və qəbul etmək lazımdır.

Prezident ölkə ilə bağlı bütün həqiqətləri eşitməyə hazırdır, ən əsası da o, bundan nəninki çəkinmir və hətta buna ehtiyac da duyur – birinci geniş formatlı müsahibə cəmiyyətə məhz bu mesajı ötürdü.

Üstəlik, bu prosesdə dövlət başçısı təkcə mediaya yox, digər strukturlara da arxalanır və onlardan doğru-dürüsr informasiya gözləyir.

Bu baxımdan bu il xüsusi sosial tədqiqatlar mərkəzinin yaradılması da birinci növbədə belə məqsəd güdürdü – aydın oldu ki, ölkə başçısının cəmiyyətin ən müxtəlif gözlənitlərilə bağlı səlis informasiyaya və bu informasiyalar zəminində formalaşmış elmi tövsiyələrə ehtiyacı vardır.

İslahatlar özünü çox gözlətmədi. Hökumətdə aparılan yeniliklər, bunların davamı kimi qanunverici orqanın da buraxılması və nəhayət yerli idarəetmə strukturlarına diqqətin artırılması və bu müstəvidəki korrupsiya hallarına qarşı sistemli və barışmaz mübarizə – bəlkə də bu deyilənlər prezidentin apardığı islahatları tam ehtiva etmir, amma ümid edirik ki, bunlar hər halda, müəyyən təsəvvür yaratmaq gücündədir.

Bu islahatların hər biri ictimai diqqətin fokusundadır. Amma korrupsiyaya qarşı mübarizə bəlkə də ən çox diqqət ayrılan məsələ kimi təqdim oluna bilər. Bu, o demək deyil ki, bu tədbirlər birinci dəfədir ki, aparılır – yox, ölkədə illərlə bu sosial bəlaya qarşı ciddi inzibati və hüquqi mübarizə aparılıb, neçə-nəçə yüksək çinli məmur işindən kənarlaşdırılıb və hüquqi təqiblərə mərzu qalıb.

Üstəlik, məsələ yalnız hüquqi və inzibati tədbirlərlə məhdudlaşmayıb, bütün bunlara paralel olaraq ciddi struktur islahatları, məmur-vətəndaş təmaslarını minimuma endirən “ASAN” və “DOST” mərkəzləri yaradılıb, elektron – rəqəmsal hökumət istiqamətində xeyli iş görülüb.

Di gəl, hətta bütün bu tədbirlər belə yenə də korrupsiyanı tamam cilovlamaq gücündə olmayıb. Odur ki, insanlar korrupsiya ilə bağlı son tədbirlərdə, xüsusən də iki icra başçısının həbs olunmasında dövlət başçısının qəti iradəsinin təzahürünü görürlər. Prezident özü də bildirdi ki, belə addımlar davamlı olacaq və heç kimə güzəşt edilməyəcək və heç kim də arxayınlaşmasın ki, belə cinayətlərə görə yüngül, inzibati cəza ilə məsuliyyətdən yayına biləcək.

Cəmiyyət də məhz bu siyasətin davamını gözləyir. Məsələ bundadır ki, yerli idarəetmə strukturlarının əksəriyyətində bu cür vəziyyət formalaşıb və media daim qeyd edib və indi də edir ki, bəzi icra başçıları yerlərdə çox təəssüf ki, özlərini feodallar kimi aparır, hakim partiyanın, xüsusən də ölkə başçısının onlara göstərdiyi inam və etimaddan sui – istifadə edir və çirkli işlərlə məşğul olurlar.

Bu cür kadrlarda təəssüf ki, heç bir ortaq məsuliyyət hissi, heç olmasa, onlara bu vəzifələri verən dövlət başçısının etmadını doğrultmaq məsuliyyəti yoxdur və aydındır ki, nə dövlət başçısı, nə də onun rəhbərlik etdiyi hakim partiya bundan sonrakı siyasətini belə kadrlarla davam etdirə bilməz və dövlət başçısı da açıq mətnlə bildirdi ki, proses iki icra başçısının cəzalandırılması ilə bitməyəcək və hamı, bütün vəzifəlilər əməllərinin adekvat cavabını alacaqlar – yaxşı çalışanlar, özündə məsuliyyət hiss edənlər mükafatlandırılacaq və irəli çəkiləcəklər, çirkli işlərlə məşğul olanlar isə cəzalandırılacaqlar.

Bir detal da qeyd edilməlidir ki, iki icra başçısının cəzalandırılması bələdiyyə seçkilərilə eyni vaxta təsadüf etdi.

Düşünürük ki, bu da təsadüfi olmayacaq. Prezident bir neçə sahə üzrə – hökumətdə, parlamentdə və məhkəmə-hüquq orqanlarında ciddi islahatlar aparmağı planlaşdırır. Bu islahatların bir istiqaməti də yerli idarəetmə sahəsində islahatların aparılması, yerlərdəki hakimiyyətlərin işində şəffaflığın artırılması, bələdiyyələrlə icra hakimiyyətləri arasında optimal səlahiyyət bölgüsünün tapılması ola bilər…

“Qaynar” Analitik Mərkəzi

Bənzər yazılar

Back to top button