Bizim seçimGündəmİdmanManşet

Vurum sizin qolunuzu… (YAZI)

Biz Bakıda qızmar günəş altında tıncıxanda millimizin futbolçuları soyuq Norveçdə əməlli-başlı tər axıtdılar. Yaxşı nəticə gözlədiyimiz halda uduzub gəldilər. Böyük ümidlər bəslədiyimiz Prosineçkinin yığdığı yığma asta-asta Foqtsun baş məşqçi olduğu A komandamıza oxşamağa başlayır. Uzaq Norveçdə millimizin belə zəif görünməsinin səbəbləri o qədər çoxdur ki, saymaqla qurtarmaz. İdman mediası da bəzi bəlli səbəblərdən problemi ciddi təhlil edə bilmir. Biri Rövnəq Abdullayevdən çəkinir, digər həmkarımız Elxan Məmmədovdan həya edir, digər dostumuz da deyir ki, qaqam, yazmaqla düzəlsəydi, Elza Seyidcahanın şeirlərindən sonra yer üzündə dərdi-sər qalmazdı… Bəs nə edək, qardaşlar? Millimizin problemlərini görməzdən gələk, yazaq ki, hər şey əladan da əladı? Özümüzü də, azarkeşləri də aldadaqmı? Norveçdəki zəifdən də zəif oyunun əsl səbəbini çoxları bilsə də heç kim yazmırsa… Mən yazım, eybi yox, qoy bu dəfə də düşmən qazanım. Norveçin Bakısında, yəni paytaxt Osloda keçirilən qarşılaşmada uduzmağımız ermənilər üzündən olub. Köpək uşaqları uzaq Norveçdə də bizdən əl çəkmirlər. Millimizin Osloda məskunlaşdığı oteldə bir neçə gün əvvəl ermənilər qalıb, onlar Norveçdə düzənlənən Göydələnləri Sementlə Tikənlərin IX Beynəlxalq Konfransında iştirak ediblər, sonra da çıxıb gediblər ögey dədələrinin xarabasına. Amma ermənilər oteldə özlərindən sonra necə mənfi aura qoyublarsa, futbolçularımızın halı pisləşib, başları gicəllənib. Oyun günü baş məşqçinin nə dediyini düz-əməlli başa düşməyiblər. Rəsad Sadıqov kimi usta futbolçumuz da meydanda qapıları səhv salıb. AFFA Osloda otel seçərkən bir balaca diqqətli olsaydı, bəlkə də millimizin tamam fərqli bir oyununu görərdik. İdman mətbuatı irili-xırdalı belə səhvləri obyektiv yazmalı, problemləri AFFA rəhbərliyinin diqqətinə çatdırmaqdan çəkinməməlidi. Əks halda ölkə futbolunda gündəlik qazanılan yekə uğurlara baxmayaraq millimiz uduza-uduza gedəcək. Bu məsələdə də qabağa düşmək istəyirəm, yazım-pozum, qoy problemlər aşkara çıxsın, çatışmayan işlər düzəlsin. Özü də bu dəfə Elzavari – əməkdar artist, bəstəkar-müğənni və bir az da şairə Elza Seyidcahan kimi yazmaq qərarına gəldim:
Vurum sizin qolunuzu,
Cırım sizin torunuzu.
Dınqıldadım tarınızı,
Pozum sizin xorunuzu.
O nədi, bu nədi, nənədi.
O qaçır, bu qaçır, hamı qaçır,
Səkkizcə klub qaçır.
O atır, bu atır, hamı atır.
AFFA PFL-ə atır? Atır!
PFL AFFA-ya atır? Atır!
O nədi tikmisiz yol qırağında?
Tikim sizin AFFA-nızı…

Etibar Cəbrayıloğlu

Bənzər yazılar

Back to top button