GündəmManşetSiyasət

“Polislər atamdan ofisin açarını alıb, axtarış aparmağa gedirlər”

Azərbaycan Demokratiya və Rifah Hərəkatının sədri Qubad İbadoğlu həyat yoldaşı İradə Bayramova ilə birlikdə saxlanılıb.

Bu barədə Q. İbadoğlunun qızı Jalə Bayramova Abzas Media-ya məlumat verib.

O bildirib ki, valideynləri bu gün saat 3-də ADR-in Sumqayıt şəhərində keçiriləcək gənclərlə görüşü üçün yola düşüblər.

“16:40-da vəkil Zibeydə Sadıqovaya zəng ediblər ki, atam “Bandotdel”ə gətirilib və müdafiəsi üçün ora getməlidir. Hal-hazırda atam və anam “Bandotdel”dədir. Polislər atamdan ofisin açarını alıb orada axtarış aparmağa gedirlər” – Jalə Bayramova bildirib.

ADR Hərəkatının İdarə Heyətinin üzvü Ellada Məmmədli isə bildirib ki, ofisdə axtarış aparılması ilə bağlı məhkəmə qərarının olub-olmadığından xəbərsizdir.

“Qubad bəyin qardaşı Qalib Toğrul ofisə yollanır. Ona polisdən zəng ediblər ki, ofisin açarın gətirsin, axtarış aparacaqlar”, – E. Məmmədli bildirib.

Xatırladaq ki, DİN mətbuat xidməti məsələ ilə bağlı açıqlama yayıb.

Bildirilib ki, Qubad İbadoğlu daxil olmuş müraciətlə əlaqədar vəkili Zibeydə Sadıqova ilə birgə DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə dəvət edilib. Qeyd olunub ki, araşdırma aparılır, nəticələrlə bağlı əlavə məlumat veriləcək.

Qeyd edək ki, Azərbaycan Demokratiya və Rifah Partiyası 2015-ci ildə yaradılıb. Ədliyyə Nazirliyi dörd dəfə ADR Partiyasının dövlət qeydiyyatına alınmaq üçün təqdim etdiyi sənədləri çatışmazlıqlar səbəbi ilə geri qaytarıb.
Azərbaycanda “Siyasi partiyalar haqqında” qanunun qüvvəyə minməsindən bir gün sonra – 2023-cü ilin 12 yanvarında Q. İbadoğlu açıqlama yayaraq partiyanı buraxdığını açıqlayıb. Bundan sonra partiyanın böyük ehtimalla hərəkat kimi işini davam etdirəcəyini bildirib.

Bənzər yazılar

Back to top button