Hadisə

Məxfi tarix: 1918-ci ildə Qafqazda iki respublika elan olunmalıydı? (MÜSAHİBƏ)

Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) yaranmasından 102 il keçir. Bir əsr əvvəl elan olunan Xalq Cümhuriyyəti Şərqdə ilk demokratik respublika idi. Cəmi 23 ay mövcud olmasına baxmayaraq, Xalq Cümhuriyyəti Azərbaycan xalqınının taleyində müstəsna əhəmiyyətə malikdi. Məhəmməd Əmin Rəsulzadənin öndərliyində qurulan AXC gələcəkdə bu ölkənin öz varlığını göstərməsi üçün bir pasport və qarant rolunu oynadı. Azərbaycan 1991-ci ildə məhz həmin kimliklə öz müstəqilliyinə qovuşdu.

Milli Məclisin deputatı, professor Anar İsgəndərov AXC-nin qurulmasının ildönümü ilə bağlı Teleqraf.com-un suallarını cavablandırıb.

AzToday.az həmin müsahibəni təqdim edir:.

– Azərbaycan Xalq Cümhuriyyətinin qurulması üçün tarixi zəmini təkcə Çar Rusiyasının dağılmasımı yaratdı? Müstəqillik hərəkatı nə zamandan başlamışdı?

– Məhəmməd Əmin Rəsulzadə yazır ki, “Birinci Dünya Müharibəsi olmasaydı, Fevral Burjua İnqilabı olmazdı, Fevral Burjua İnqilabı olmasaydı, Azərbaycan Xalq Cümhuriyyəti qurulmazdı”. Fevral Burjua İnqilabından sonra 300 il hakimiyyətdə olmuş Romanovlar sülaləsi devrildi və müvəqqəti hökumət yaradıldı. Nəticədə Rusiyanın əsarətində olan hər bir xalq və onun demokratik ziyalıları müstəqillik düşüncəsini əsas götürərək, mübarizəyə başladılar. O cümlədən Cənubi Qafqazda yaşayan azərbaycanlılar, ermənilər və gürcülər…

Bu 3 xalq əvvəlcə Zaqafqaziya Komissarlığı, sonra Zaqafqaziya Seymində birləşdilər. Ancaq bu birlik möhkəm olmadı. Çünki bir “çətir” altında birləşsələr də, aralarındakı münasibət düşmənçilik həddində idi. Bunun nəticəsidir ki, Azərbaycan ziyalıları Osmanlı ilə müharibə məsələsinə bitərəf qaldılar. Mayın 26-da Zaqafqaziya Seymindən çıxıb öz müstəqilliklərini elan etdilər.

Azərbaycanın milli-demokratik ziyalıları mayın 27-də Milli Şuranı yaratdılar. Milli Şura mayın 28-də 6 bənddən ibarət “İstiqlal Bəyannaməsi” qəbul etdi və Tiflisdə, yəni, özgənin paytaxtında Azərbaycan Xalq Cümhuriyyəti elan olundu.

– Azərbaycan SSRİ-yə daxil olduqdan sonra elə bir şərait yaranmışdımı ki, yenidən müstəqil olaq və bu prosesin qarşısını nə aldı?

– Qətiyyən! Çünki 1920-ci ilin aprelində qazanılmış hər şey məhv edildi, ləğv olundu, qadağa qoyuldu. 1918-1920-ci illərdə xalq nə qazanmışdısa, onun üstündən xətt çəkdilər.

Bəs bu 23 ayın bir də 1991-ci ildə müstəqilliyinə qovuşan Azərbaycan üçün xeyri nə oldu? 1920-ci ildə Sovet Rusiyasının tərkibinə daxil edildikdə, 1922-ci ildə isə SSRİ elan olunduqda Azərbaycan ittifaqın tərkibinə məcburən müttəfiq respublika kimi daxil edildi. Hətta Orta Asiya respublikalarının nümayəndələri Stalinə sual verdilər ki, bizim ərazilərimiz Azərbaycanın ərazilərindən qat-qat böyükdür, nə üçün biz Sovet Rusiyasının tərkibinə muxtar ərazi kimi daxil olduq? Stalin onlarda cavab verdi ki, sizdən fərqli olaraq, Azərbaycanın 1918-1920-ci illərdə müstəqil dövləti olub.

Sovet dönəmi üçün Azərbaycanın ən böyük uğuru ondan ibarət oldu ki, Sovet Rusiyası 1920-ci ilin aprelindən Azərbaycanı öz tərkibində müttəfiq respublika kimi saxlamaq məcburiyyətini qəbul etdi. SSRİ-nin tərkibinə də bu statusla daxil olduq.

70 illik Sovet dönəmində Azərbaycanın SSRİ-dən ayrılacağı ilə bağlı nə obyektiv, nə də subyektiv şərait yaranmamışdı. Bu, mümkün deyildi. Yalnız, SSRİ-nin dağılmasından sonra bu şərait yarandı. Təkcə Azərbaycan yox, vaxtilə SSRİ-nin tərkibinə daxil edilmiş hər bir respublika öz müstəqilliyini elan etdi, beləliklə, müstəqil dövlətlər meydana gəldi.

– Niyə rus qoşunları Azərbaycan ərazilərinə girəndə Qərb, yəni bu bölgənin Rusiyanın tərkibində olmasını istəməyən güclər Bakıya dəstək vermədi?

– Qərb indi bizi müdafiə edirmi? Qərb heç vaxt bizə görə Sovet Rusiyası ilə üz-üzə dayanmazdı və dayanmadı da. San-Remo Konfransında Azərbaycan əlindən gələnləri etdi, amma Qərb susdu.

Qərb nə üçün susurdu? Qərb o dönəmdə öz qoşunlarını Azərbaycandan çıxardı. Paris Sülh Konfransında Azərbaycan, Ermənistan və Gürcüstan nümayəndələri təkcə bu məsələdə yekdil fikir irəli sürdülər ki, ingilis qoşunları buradan çıxmasın, amma çıxarıldı. Yəni, Qərb heç bir zaman nə bizə, nə də Cənubi Qafqazın digər respublikalarına görə rus qoşunları ilə üz-üzə gəlməzdi və gəlmədi.

Aradan uzun illər keçməsinə baxmayaraq, həmin Qərb bizə qarşı münasibətini dəyişməyib. XX əsrin əvvəllərində hansı münasibət vardısa, XXI əsrin əvvəllərində həmin münasibəti sərgiləyir. Yəni, burada mübahisə doğuran heç nə yoxdur.

Qərbi başqa məsələlər maraqlandırır, o heç vaxt Azərbaycan üçün döyüşməyəcək. Azərbaycana görə də heç bir dövlətlə münasibətini pozmayacaq.

– O dövrdən danışan bəzi tarixçilərin belə bir iddiası var ki, Cənubi Qafqazda iki respublikanın qurulması planlaşdırılmışdı: Azərbaycan və Gürcüstanın…

– Bu fikrin doğru olmadığını düşünürəm, belə bir şey olmayıb. Sadəcə, Ermənistanın harada yaradılması söhbəti vardı. Həmin ərəfədə ermənilərin Qərbi Azərbaycanda kifayət qədər silahlı dəstələri mövcud idi, onlar da bizə gün verib, işıq vermirdilər.

Zaqafqaziya Seymi dağıldıqdan sonra ermənilər də azərbaycanlılar kimi öz müstəqilliklərini elan etdilər. Demək istəyirəm ki, Qafqazda yalnız iki respublikanın yaradılması söhbəti heç vaxt olmayıb.

Burada söhbət paytaxt məsələsindən gedir. Bu da onunla bağlıdır ki, həmin dövrdə Osmanlı Gümrünü ələ keçirmişdi və heç vaxt istəmirdi ki, onun ərazilərində başqa bir dövlət yaransın. Bu səbəbdən ermənilər üzərlərinə öhdəlik götürdülər ki, Azərbaycana qarşı ərazi iddiaları olmayacaq. Həm də gələcəklə bağlı plan vardı ki, Azərbaycan və Ermənistan konfederasiya şəklində birləşə bilər.

Milli Şura çox ağır qərar olsa da, İrəvanın ermənilərə paytaxt kimi verilməsinə razılaşdı. Amma biz bu qərarı qəbul etsəydik də, etməsəydik də İrəvan ermənilərin əlində idi. Təkcə İrəvanın ətrafında 10 mindən çox silahlı erməni dəstəsi vardı. Amma biz Tiflisdən Bakıya gələndə cəmi 600-ə qədər silahlı dəstəmiz vardı, buna heç qoşun da demək olmazdı. Buna görə də, bu məsələ haqda ciddi düşünmək lazımdır.

Bənzər yazılar

Back to top button