Hadisə

Şabranda partiya sədri icra başçısına savaş açıb – İDDİA

Şabran rayonunda uzun zamandan bəri hökm sürən ikihakimiyyətlilik rayonu iflic vəziyyətinə salıb. Bu barədə Qlobal.az-a daxil olan məlumatda deyilir.

Məlumata görə, Şabran RİH-nin başçısı Novruz Novruzovla birinci müavini Mehdi Balabəyov arasında davam edən gizli mövqe savaşı Şabranlı sahibkarların həyatını “qara günə” döndərib. Rayon rəhbərliyinin gündən-günə artan “töycü”lərinə tab gətirə bilməyən obyekt sahibləri çarəni işlətdikləri obyektləri bağlamaqda görürlər. Digər acınacaqlı məqam isə rayonda fəaliyyət göstərən fermerlərin də ciddi problemlər yaşamasıdır.

Belə ki, ölkə rəhbərliyinin prioritet elan etdiyi sahələrdən biri olan əkinçilik sahəsi Şabranda tamamilə məhv edilib. Rayonda ən məhsuldar torpaqlar icra başçısı və ona yaxın olan şəxslər tərəfindən zəbt edilib. Keyfiyyətsiz torpaqlar isə yerli fermerlərin istifadəsinə verilib. Ancaq fermerlərə verilən bu keyfiyyətsiz torpaqların münbitləşdirilməsi üçün rayon icra hakimiyyəti tərəfindən heç bir addım atılmır. Əksinə, dövlətin verdiyi subsidiya və digər güzəştlər rayon rəhbərliyində təmsil olunan şəxslər tərəfindən bölüşdürülür.

Qlobal.az-ın əldə etdiyi məlumata görə, artıq bir neçə ildir ki, RİH-nin başçısı Novruz Novruzovla rayonun məhsuldar torpaqlarını bölüşdürmüş birinci müavin Mehdi Balabəyov bir müddət rayonu “mehribancasına” “idarə” etsələr də, son günlər münasibətlərdə ciddi gərginlik yaranıb. Yaranan gərginliyə səbəb isə son zamanlar başçı barəsində rayonda yayılan şayiə xarakterli məlumatlar və ölkə mediasında dərc olunan neqativ xəbərlərdi.

Əldə etdiyimiz məlumata görə, sadə şabranlılar dolanışıqlarının dözülməzliyinə görə, birbaşa Novruz Novruzovu günahkar bilirlər. Buna səbəb isə icra başçısının vəzifəsinə laqeyd yanaşması, sakinlərin problemləri, qayğı və təklifləri barədə maraqlanmamasıdır. Sadə şabranlıların hiddətinə səbəb olan digər məqam isə, icra başçısının iş gününün çox hissəsini kabinetində şeir, hekayə yazmağa sərf etməsdir. Məlumata görə, rayon sakinləri arasında və ölkə mediasında haqqında yaranmış mənfi rəyə görə, Novruz Novruzov müavinlərini, əsasən də birinci müavin Mehdi Balabəyovu günahkar bilir. İcra başçısının bu qənaətə gəlməsinə səbəb isə, Mehdi Balabəyovun ən sevimli sözlərindən biri olan “Məni cənab prezident də tanıyır” sözünü tez-tez işlətməsidir.

Qeyd edək ki, Mehdi Balabəyov Şabran RİH-nin başçısının birinci müavini olmaqla yanaşı, həm də Yeni Azərbaycan Partiyasının Şabran rayon təşkilatının sədridir. Mehdi Balabəyovun partiya xətti ilə ölkə rəhbərliyinə çıxmaq şansının çox olması da Novruz Novruzovu müavini barəsində “ciddi tədbirlər” görməyə vadar edir. İcra başçısının müavini barəsində konkret hansı addımları atacağı barəsində hələ ki, heç bir məlumat yoxdur.

Yerli mənbələrdən əldə etdiyimiz məlumatlara görə, Mehdi Balabəyovun Novruz Novruzovla müqayisədə rayonun idarə və müəssisə rəhbərləri və yerli sakinlər arasında nüfuzu daha böyükdür. Məhz bu amil hələ də Prezident Administrasiyasında nəhəng dayaqları olan icra başçısını daha da ehtiyatlı davranmağa məcbur edir.

Xatırladaq ki, Novruz Novruzov 1995-2002-ci illərdə Lerik Rayon İcra Hakimiyyətinin, 2002-2007-ci illərdə isə Goranboy Rayon İcra Hakimiyyətinin başçısı vəzifələrində çalışmışdır. 2007-ci ildə isə Şabran RİH-nin başçısıdır.

2014-cü ildə “Şöhrət” ordeni ilə təltif edilib.

Ədəbi dərgilərdə mütəmadi olaraq hekayə və şeirləri dərc olunur. Yaradıcılığının əsas meyarı vətənə məhəbəbət, dövlətə sədaqət, saf sevgi, düzgünlük, ədalət və səxavətlilikdir.

Qarşı tərəf də münasibət sərgiləyə bilər.

Bənzər yazılar

Back to top button