Mədəniyyət

“Ancaq ömrünün sonunda ən yaxın uşaqlıq dostu onu satdı” – Polad Bülbüloğluya ittihamlar

Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlunun Moskvada dünya şöhrətli ifaçı Müslüm Maqomayevlə bağlı qoyduğu qadağaların yeni təfərrüatları məlum olub. Belə ki, ölkə.az saytının yazdığına görə səfir Moskvada dünya şöhrətli ifaçımız ilə bağlı keçirilən tədbirlərə qatılmır. Hətta iddialara görə səfir nəinki Maqomayevlə bağlı tədbirlərdə iştirak etmir, hətta səfirlik əməkdaşlarına “Maqomayevlə bağlı tədbirə getsəniz, sabah işə gəlməyin” formasında xəbərdarlıq edib. Saytın yazdığına görə 2011-ci ildə səfirliyin ərazisindəki parkda Maqomayevin heykəli qoyularkən müvafiq sənədə imza atmaqdan imtina edibmiş. Lakin sonradan Bülbüloğlu sözügedən sənədi imzalamağa razılaşıb. Səfirlik əməkdaşlarından birinin dediyinə görə, 2011-ci ildəki mərasimdə Azərbaycanın Rusiyadakı keçmiş səfiri Ramiz Rizayev, Maqomayevin həyat yoldaşı Tamara Sinyavskaya, diaspor rəhbəri Məmməd Əliyev iştirak edib.

Başqa bir iddiaya görə, bu durum Ümumrusiya Azərbaycanlıları Konqresinin fəaliyyətinə də mənfi təsir göstərib. Hətta bildirilir ki, bu kimi şeylərə görə diaspora sahəsində fəaliyyət göstərən şəxslər səfirlikdən incikdirlər.

Məsələ ilə bağlı “Yeni Müsavat”ın əməkdaşı səfir Polad Bülbüloğlu ilə əlaqə saxlayıb mövqeyini öyrənməyə çalışıb. Lakin jurnalistin zəngləri cavabsız qalıb. Qeyd edək ki, Polad Bülbüloğlu ilə mərhum ifaçı Müslüm Maqomayev arasında baş verən çəkişmə çoxdan hər kəsə məlumdur. O da məlumdur ki, zamanında aralarındakı yaş fərqinə baxmayaraq, onlar dost olublar, Bakıda eyni binada yaşayıblar. Müslüm Maqomayev Polad Bülbüloğlunun xeyli mahnısını ecazkar səsi ilə dünya səhnələrində ifa etmişdi, SSRİ dönəmində Mərkəzi Televiziyanın yeni il münasibətilə düzənlədiyi “Qoluboq oqonyok”larında Azərbaycanı bu iki sənətçi təmsil edirdi. Lakin sonradan Ancaq sonradan iddialara görə məhz Polad Bülbüloğlunun davranışlarının nəticəsində bu dostluq yox olur. İş hətta o yerə çatır ki, Polad Bülbüloğlu Müslüm Maqomayevin dəfninə belə gəlmir, daha doğrusu, buraxılmır – Tamara Sinyavskaya Bülbüloğlunu həyat yoldaşının dəfnində görmək istəmədiyini deyir və bu istək yerinə yetirilir. Moskvada 66 yaşında vəfat edən Maqomayevin nə cənazəsinin Moskvadan Bakıya yola salınmasında, nə də Bakıdakı dəfn mərasimində Polad Bülbüloğlu iştirak etmir.

Hər iki tərəfin ortaq dostu olmuş Bakı Musiqi Akademiyasının rektoru Fərhad Bədəlbəyli bu haqda danışarkən demişdi: “Baş verənlərə görə keçirdiyi təəssüf hissi ömrünün sonuna qədər onu tərk etməyəcək”.

Rusiya telekanallarından birində Müslüm Maqomayev haqqındakı verilişdə Heydər Əliyevin qızı Sevil Əliyeva uzun illər ailəvi dostluq etdiyi sənətkar haqqında danışarkən deyirdi: “Poladla Müslümün münasibətləri atam vəfat edəndən sonra gərginləşdi. Müslüm dahi idi. İnsan kimi də. Ancaq ömrünün sonunda ən yaxın uşaqlıq dostu onu satdı. Paxıllıqdan yaranan bu satqınlığın dərəcəsi heç bir çərçivəyə sığmır. Paxıllıq insan xarakterinin çox cılız və miskin bir cizgisidir. Öz yaxın dostuna paxıllıq etmək isə…. dünyada bundan pis heç nə ola bilməz”.

Beləliklə Azərbaycanın Rusiyada səfiri çalışan Polad Bülbüloğlunun hələ də mərhum dünya şöhrətli ifaçıya ədavət saxlaması böyük təəssüf doğurur.

Dünya şöhrətli ifaçı, xalq artisti Xuraman Qasımova bununla bağlı “Yeni Müsavat”a danışaraq səfirin bu hərəkətlərini pisləyib: “Onun ixtiyarı yoxdur belə bir qadağa qoymağa. Çünki Müslüm Maqomayev çox böyük bir şəxsiyyət idi.

Təxminən 1995-ci ildə o, Opera və Balet Teatrından kənarlaşdırılmışdı. Onun təkcə adı o teatrda qalsaydı teatra yaraşıq verərdi. çıxartmağa heç bir lüzum yox idi. Hamı da bilərdi ki, nə vaxtsa Müslüm Maqomayev orada işləyib. Onu çıxartmaqla sanki onlara şərəf verirdi. Nə oldu, şərəf oldu? Ayıbdır belə! O zaman nazir idi, hər şey onun əlində idi, nə istəyirdi edirdi. Kim onunla savaşacaqdı?”

Xuraman Qasımova hər iki ifaçının arasındakı dostluq münasibətləri haqda ilginc açıqlamalar verdi: “Amma Müslüm ona çox yaxşılıqlar edib. Poladın bütün mahnılarını dillər Müslüm Maqomayev saldı. Çox mahnılarının elə ifaçısı Müslüm idi. Bilirsiz ki, ifadan çox şey asılıdır. Görün Müslüm necə ifa edib ki, hamı həmin mahnılar tarixə düşdü, bəyənildi və bu günə qədər ifa olunur”.

Bənzər yazılar

Back to top button