AnalitikaSiyasət

Gürcüstanla Azərbaycanın dostluq münasibətləri Ermənistanı yenə narahat edir.

Bu yaxınlarda Ermənistan mətbuatında – armenpress saytında təxribat xarakterli bir məqalə yayınlanmışdır. Məqalənin mətnini sizə təqdim edirik:

“Ermənistanla Gürcüstan arasındakı “mehriban qonşuluq və tərəfdaşlıq münasibətləri” guya çoxəsrlik tarixə malikdir. Guya hər iki xalq “birlikdə” ölkələrini fəth etməyə çalışan yadelli işğalçılara qarşı “mübarizə aparmışlar”. Azərbaycanın “süni şəkildə qızışdırdığı şayiələrə və mübahisələrə” baxmayaraq Gürcüstanın Abxaziya və Cənubi Osetiya ilə olan münaqişələrinə guya “Ermənistanın heç bir aidiyyəti yoxdur”.

Ermənistandan fərqli olaraq, Azərbaycan Gürcüstana qarşı guya “işğalçı siyasət” yeridir. Ermənilər öz əsassız iddialarını sübut etmək üçün Azərbaycanın Gürcüstanla həmsərhəd olan qədim monastır kompleksi ilə bağlı məsələni süni şəkildə qızışdırmaq istəyirlər. Onlar belə bir yalan informasiya yayırlar ki guya Azərbaycanın qədim monastr kompleksinə qanunsuz iddiaları vardır. Armenpress saytı rəsmi Bakının Gürcüstan – Azərbaycan sərhədinin delimitasiyası ilə bağlı problemlərini şişirdərək iddia edir ki, Azərbaycan sərhədçiləri Babakər dağında, habelə onun şərqindəki Qırmızı körpü istiqamətində qanunsuz olaraq möhkəmlənmişlər. Guya Azərbaycan hökuməti Gürcüstan cəmiyyətində Cavaxetiya ermənilərinin separatizmi ilə bağlı şübhələr yaradır, digər bir tərəfdən isə Azərbaycanın Müdafiə Nazirliyinin saytında, guya Gürcüstan və Ermənistan ərazilərinin də Azərbaycanın tərkibinə “daxil edildiyi” İrəvan xanlığının “saxta xəritəsi” təqdim olunur. Armenpress iddia edir ki guya Cavaxetiya erməniləri Gürcüstanın cəmiyyətinə “inteqrasiya olunur” və Gürcüstan dövlətinin “fəal kütləsi” hesab olunur”.

İlk əvvəl onu qeyd edək ki, Gürcüstanla Ermənistanın arasındakı “mehriban qonşuluq və tərəfdaşlıq münasibətləri”nin çox əsrlik tarixə malik olması tamamilə yalandır. Hamıya məlumdur ki, bu münasibətlər müxtəlif xalqların mehriban şəraitdə yaşadığı SSRİ-nin dövründə mövcud olmuşdur ki, bu da sosializmin beynəlmiləlçilik siyasətinin əsas prinsiplərindən biri idi.

Ermənilər tarixin hər mərhələsində gürcülərə qarşı öz məkrli niyyətlərini ustalıqla gizlətmiş, münasib şəraitin yetişdiyi anda isə Gürcüstanın hesabına özlərinin “böyük Ermənistan” xülyasını reallaşdırmağa çalışmışlar. Belə bir vəziyyətdə isə ermənilərlə gürcülərin arasında birliyin olması mümkün deyildir. XX əsrin əsrin əvvəllərində Ermənistanla Gürcüstan arasında baş vermiş müharibə, həmin əsrin sonlarında isə Gürcüstanın Abxaziya bölgəsində separatçılarla bir cəbhədə vuruşan erməni quldurlarının oradakı gürcülərə qarşı amansız qətliamlar törətməsi bunu bir daha sübut edir.

Qeyd etmək lazımdır ki, Gürcüstanın Abxaziya və Cənubi Osetiya ilə olan münaqişələrinin kökündə oradakı erməni diasporunun fəaliyyəti durur. Bu baxımdan hələ 1992-1993-cü illərdə gürcü-abxaz münaqişəsi zamanı Gürcüstana qarşı döyüşən Baqramyan batalyonunun Krunk və Maştots təşkilatlarının fəaliyyəti nəticəsində formalaşmasını misal göstərmək olar. Cənubi Osetiyada isə buna misal olaraq ermənilərin ticarət və sənətkarlıqla məşğul olan Ararat adlı cəmiyyətini qeyd etmək olar.

Gürcüstandakı bütün kilsələri erməni Qriqoryan kilsəsi hesab edən Ermənistandan fərqli olaraq Azərbaycan Gürcüstanın hər hansı bir kilsəsinə dair öz iddiasını irəli sürmür. Hələ 2019-cu ilin mayında Gürcüstanın Xarici İşlər Naziri David Zalkaliani İmedi telekanalına verdiyi müsahibəsində, David-Qareci (Keşikçidağ) yaxınlığındakı mühəndislik işlərinin aparıldığı ərazinin Azərbaycanın öz sərhədləri daxilində olduğunu qeyd etmişdir. Bu fakt isə Azərbaycanla Gürcüstan arasındakı sərhədin delimitasiya və demarkasiyasına dair qaydaların pozulmadığını, ikitərəfli münasibətlərin hər zaman dostluq və strateji tərəfdaşlıq əsasında mövcud olduğunu, o cümlədən Gürcüstan sərhədçiləri ilə qarşılıqlı faydalı əməkdaşlığın yüksək səviyyəli inkişafını göstərir. Daha sonra 2019-cu il oktyabr ayının 6-da Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Şəmkir“ sərhəd dəstəsinin “Keşikçi qala” sərhəd zastavası kompleksi istifadəyə verilmişdir. Dəniz səviyyəsindən 850 metr hündürlükdə yerləşməklə böyük coğrafi sahəni əhatə edən “Keşikçi qala” sərhəd zastavasının qədim Alban tarixinin yadigarı olan “Keşikçidağ” Dövlət Tarix-Mədəniyyət Qoruğunun ərazisində yerləşməsi və burada xidmət aparan sərhədçilərin dövlət sərhədini mühafizə etməsilə yanaşı, həm də tarixi-memarlıq abidələrimizin, eləcə də xalqımızın milli-mədəni irsinin keşiyində dayanmaları mühüm əhəmiyyət kəsb edir.

Azərbaycanlı hərbi ekspertlər öz mənbələrinə istinad edərək bildirirlər ki, Dövlət Sərhəd Xidmətinin qüvvələri Babakər dağındakı dörd yüksəklikdə möhkəmlənmişdir. Nəticədə isə Qazax rayonunun təmas xəttinə ən yaxın İkinci Şıxlı kəndinin əhalisi indi daha təhlükəsiz şəraitdə yaşamaq imkanı qazanmışdır. Lakin burada söhbət Ermənistanın içərilərinə doğru irəliləməkdən getmir. Belə ki sərhədin Naxçıvan istiqamətində olduğu kimi burada da Azərbaycan qüvvələri neytral zonada, ölkənin suveren ərazilərinin hüdudları çərçivəsində irəliləməmişdir. Lakin yeni mövqelər Ermənistan ordusunun həmin istiqamətdəki mövqelərinə və onlara aparan yollara, eləcə də Gürcüstan-Ermənistan qaz kəmərinin keçdiyi əraziyə nəzarət etmək imkanı verir.

Erməni mətbuatı bu dəfə gürcü cəmiyyətinə şər ataraq guya onların Azərbaycan hökumətinin vasitəsilə Cavaxetiya ermənilərinin separatizmi ilə bağlı şübhələr yaratdığını qeyd edir. Ermənilərin belə bir ittihamı isə olduqca gülünc səslənir. Bu məqamda xatırlatmaq istəyirik ki, məhz Cavaxetiyada fəaliyyət göstərən Virk-Yerkir təşkilatı, bununla yanaşı ermənilər tərəfindən yaradılmış Cavaxk təşkilatı, ermənilərin separatçı fəaliyyətlərinin olduğunu açıq-aşkar sübut edir.

Ermənilər, Azərbaycan Müdafiə Nazirliyinin saytındakı İrəvan xanlığının xəritəsinin saxta olduğunu qələmə verməklə əsl tarixi saxtalaşdırmağa çalışırlar. Qeyd etmək istəyirik ki, İrəvan xanlığının tarixi Azərbaycan xalqının minillər boyunca yaratdığı zəngin maddi və mənəvi mədəniyyət tarixinin ayrılmaz tərkib hissəsi olmuşdur. Belə ki, İrəvan xanlığı XVIII əsrin ortalarında qədim tarixə malik Azərbaycan ərazilərində Nadir şah imperiyasının süqutundan sonra meydana gəlmiş Azərbaycan dövlətlərindən – xanlıqlarından biri idi. Hazırda Ermənistan Respublikasının yerləşdiyi ərazi də yaxın keçmişdə — XIX əsrin əvvəllərində Azərbaycan dövləti olan İrəvan xanlığının torpaqları idi. Bu torpaqların ən qədim yerli əhalisi – aborigen sahibləri isə Azərbaycan türkləri idi. Ona görə də İrəvan xanlığının yarandığı ərazi ən qədim türk torpaqlarıdır.

Onu da qeyd etmək lazımdır ki, separatçı Cavaxetiya ermənilərinin cəmiyyətə inteqrasiya olunması eləcə də fəal kütləyə çevrilməsi təhlükənin başlıca mənbəyidir. Çünki məhz erməni gəncləri müxtəlif təşkilatların alətinə çevrilməklə hər növ təxribatçılıq hallarının baş verməsinə səbəb olurlar ki, bu da Cavaxetiyanı uçuruma doğru aparır.

Son olaraq belə bir nəticəyə gəlirik ki, Ermənistanın hər nə qədər özünü “demokratik” dövlət kimi qələmə verməsinə baxmayaraq necə təcavüzkar bir dövlət olduğu birmənalıdır. Bu gün Azərbaycanın əzəli torpaqları olan Dağlıq Qarabağ işğal altındadır. Ermənilər hər yolla Azərbaycanla Gürcüstanın hesabına özlərinin “böyük Ermənistan” xülyasını həyata keçirməyə çalışmışlar. Tarixə nəzər saldıqda isə aydın olur ki, əslində hayların (ermənilər) gəlişi və Cənubi Qafqazda erməni dövlətçiliyinin yaradılması birbaşa olaraq çar Rusiyasının fəaliyyəti ilə bağlı olmuşdur.

AMEA-nın Qafqazşünaslıq İnstitutunun
Gürcüstanşünaslıq şöbəsinin mütəxəssisi
Kamal Salayev
kamalsalayev1988@gmail.com

Bənzər yazılar

Back to top button