İqtisadiyyat

“Baku Business Factory” yeni mentorluq layihəsinə start verib

“Baku Business Factory” (BBF) öz biznesini inkişaf etdirmək istəyən gənc sahibkarlar üçün yeni “BBF-lə Startup” mentorluq layihəsinə start verir. 
“Report” xəbər verir ki, layihənin məqsədi gənclərə sahibkarlıq fəaliyyətində uğur qazanmasında köməklik edərək ölkədəki biznes mühitinin inkişafına dəstək verməkdir.
“Məlum olduğu kimi, yeni biznesə başlamaq və onu dayanıqlılıq mərhələsinə gətirmək kifayət qədər həyəcanverici və bir o qədər də çətin prosesdir. Bunun üçün bir çox leqal və texniki əməliyyat tələblərinin yerinə yetirilməsi, marketinq strategiyasının hazırlanması və həyata keçirilməsi, biznes vasitələrindən effektiv istifadə kimi bir çox strateji və taktiki biliklər tələb olunur. “Baku Business Factory” (BBF) da bunları nəzərə alaraq biznes dünyasına ilk addımlarını atan gənc sahibkarlar üçün yeni fürsət təqdim edir”, – BBF-dən bildirilib.
Məlumatda qeyd olunub ki, gənclər layihə müddətində biznesdə uğur qazanmaq üçün vacib olan nəzəri, praktiki bilik və bacarıqları mənimsəyəcəklər: “Layihə zamanı gənc sahibkarlara keçiriləcək təlimlər biznesi gəlirli mərhələyə gətirmək üçün ən vacib olan mövzularda Azərbaycanda öz sahəsi üzrə seçilən mütəxəssislər tərəfindən keçiriləcək. Təlimlər bu modullar üzərində təşkil olunacaq: “Effektiv biznes modeli”, “Hüquq və maliyyə”, “Satış və marketinq”, “Rəqəmsal marketinq”, “Zamanın idarə olunması”, “Netvorkinq və təqdimat bacarıqları”. Layihənin sonunda bütün iştirakçılara sertifikat təqdim ediləcək”.
“Biznesini inkişaf etdirmək üçün bu fürsətdən yararlanmaq istəyənlər 30 sentyabradək info@bbf.az elektron poçt ünvanına özü və layihəsi haqqında qısa məlumat göndərməlidir. Seçilən namizədlərə telefon vasitəsi ilə məlumat veriləcək”, – BBF-də vurğulanıb.
“Baku Business Factory” azərbaycanlı iş adamı, “Union Grand Energy PTE” Şirkətlər Qrupunun təsisçisi Anar Əlizadənin təşəbbüsü ilə 2015-ci ilin may ayında yaradılıb.
BBF-in əsas məqsədi ölkənin iqtisadi və sosial inkişafına müsbət təsir edəcək perspektivli biznes ideyası olan gənclərə layihələrinin ilkin mərhələsində dəstək göstərməklə bu layihələrin daha sürətlə reallaşmasına və dayanıqlı olmasına şərait yaratmaqdır.

Bənzər yazılar

Back to top button