GündəmManşetSiyasət

Qarabağ münaqişəsindən sonrakı dövr

Göründüyü qədər, yaxın günlərdə Qarabağ münaqişəsinin sonuncu səhifəsi çevriləcək. Lakin Ermənistan-Azərbaycan münaqişəsi tarixində yeni mərhələ başlayır.

Ermənilərin Qarabağdan getməsi ilə məsələ Bakı-Yerevan münasibətləri müstəvisinə keçir.

Azərbaycan üçün müharibənin nəticələrinin beynəlxalq səviyyədə möhkəmləndirilməsi və qəbul edilməsi vacibdir. Bu mənada Ermənistanla sülh müqaviləsi bağlanması həlledici əhəmiyyətə malikdir.

Şübhəsiz, bugünki vəziyyət 2020-ci ilin noyabrında imzalanmış üçtərəfli bəyanatın üzərindən xətt çəkir və sülh perspektivinə zəmanət vermir.

Sərhədlərin delimitasiyası və Zəngəzurdan keçən yol hələ həll edilməmiş məsələlərdir.

Qarabağın itirilməsi Paşinyan hökumətinin davam gətirməli olduğu zərbədir. Ermənistanda çevriliş və ya hakimiyyət dəyişikliyi baş versə, müharibənin nəticələri təkzib olunacaq.

Qəribə də olsa, Bakı Yerevanın hazırkı siyasi kursunun davam etdirilməsində maraqlı olmalıdır. Və bu, təkcə Yerevanın Bakı ilə sülh müqaviləsi bağlamağa hazır olmasından ibarət deyil.

Rusiyadan uzaqlaşma

Ermənistanın hazırkı rəhbərliyi psixoloji cəhətdən Rusiya ilə strateji münasibətləri yenidən nəzərdən keçirməyə hazırdır. Göründüyü qədər, bu, ikitərəfli hərbi-siyasi sazişlərin ləğvi şəklində baş verməyəcək.

Yerevan eyni zamanda ABŞ, Fransa, Hindistan, Yunanıstan və bəlkə də digər NATO ölkələri ilə hərbi əməkdaşlığı inkişaf etdirməkdə davam edir. Bu ölkələrdən silah tədarükü Rusiya silahını daha çox sıxışdıracaq, Ermənistan SQ-nin NATO ölkələri ilə vaxtaşırı hərbi təlimləri isə daha tez-tez keçiriləcək.

Gələcəkdə Ermənistanda daimi xarici hərbi iştirakdan da söhbət gedə bilər.

Bu perspektiv, şübhəsiz, Rusiyanın təsirini azaldacaq və onun, məsələn, indiyədək ölkənin sərhədlərini, o cümlədən paytaxtın Zvartnots hava limanını qoruyan RF FTX sərhəd qoşunlarının Ermənistandan qismən getməsinə gətirib çıxaracaq.

Ermənistanın İkinci Qarabağ müharibəsi zamanı KTMT-dən dəstək almadığını nəzərə alaraq, onun bu təşkilatdan çıxması da uzaq deyil. Yerevanı bu addımlardan çəkindirən yeganə amil Rusiya tərəfindən hərbi-siyasi və iqtisadi sanksiyalar təhlükəsidir.

Lakin Yerevanın da mühüm kartları var. Qarabağda qarşıdurmanın başa çatması Yerevan və Ankaranın diplomatik münasibətləri bərpa etməsinə imkan verəcək. Bu, iki ölkə arasında sərhədlərin açılması və birbaşa ticarətin başlaması deməkdir. Bir çox cəhətlərdən bu, Rusiyadan iqtisadi asılılığı aradan qaldıracaq.

Moskvanın Ermənistanı qaz qiymətlərini artırmaqla şantaj etmək cəhdi Yerevanı İran qazı satınalmalarını artırmağa vadar edər.

Beləliklə, Yerevana yeganə təzyiq vasitəsi Rusiyanın erməni diasporudur. Lakin əmək miqrantlarının deportasiyası Ermənistanda anti-Rusiya əhval-ruhiyyəsini yalnız artırar və Moskvanın istədiyi nəticəni verməz.

Paşinyana kömək etmək

Paşinyanı devirməyə çalışan müxalifət Qarabağda məğlubiyyəti qəbul etmir və itirilmiş əraziləri hərbi yolla qaytarmağı vəd edir. Ermənistanda çevriliş mütləq bu və ya digər şəkildə Rusiyaya meylli olanları hakimiyyətə gətirəcək. Bu halda Moskvanın maraqları artıq Bakıya təzyiqin gücləndirilməsini tələb edəcək.

Ermənistanda yeni hakimiyyət Türkiyə ilə sərhədləri açmayacaq və Zəngəzurdan yolun açılmasına razılıq verməyəcək. “Qarabağı qaytarma” dövlət konsepsiyası yaxın 20-30 ilin proqramı olacaq.

Bütün bunlar Bakı üçün yaxşı heç nə vəd etmir. Buna görə telekanallardan Paşinyanın ünvanına yağan sonsuz tənqidlər, ən azı, səmərəsiz görünür.

Strateji vəzifə – Zəngəzur dəhlizinin açılması Ankara-Yerevan-Bakı üçbucağında münasibətlərin normallaşması çərçivəsində həyata keçirilə bilər.

Paşinyanın əleyhdarlarının onu devirməsinə “kömək etmək” Azərbaycanın maraqlarına uyğun deyil.

Güc yolu

Zəngəzur dəhlizinin güc yolu ilə açılması nəyə gətirib çıxara bilər? Başqa dövlətin ərazisinin işğal edilməsi mütləq şəkildə sanksiyalara gətirib çıxaracaq. TŞ-nin bir qətnaməsi ilə ötüşməyəcək. Moskvanın veto qoyacağına inanmaq çətin olacaq.

Lakin ən dəhşətlisi bu deyil. ABŞ və Avropa İttifaqı Zəngəzur yoluna qarşı sanksiyalar tətbiq edə bilər, bu da onu sadəcə olaraq Azərbaycandan Naxçıvana gedən yola çevirər.

Sanksiyalar bu yoldan Avropaya və əks istiqamətdə yük daşınmasını qadağan edəcək. Bu qadağa daşıma ilə məşğul olan bütün şirkətlər və təşkilatlar üçün tətbiq ediləcək. Azərbaycan Dəmir Yolları-na qarşı da sanksiyalar tətbiq edilə bilər. Bütün bunlar bu marşrutun səmərəliliyini minimuma endirəcək və onun gəlirsiz olmasına səbəb olacaq.

Bundan başqa, ölkənin ayrı-ayrı rəhbərlərinə qarşı fərdi sanksiyalar da ola bilər. İndidən artıq ABŞ konqresmenlərinin böyük bir qrupu Azərbaycana qarşı sanksiyalar tətbiq edilməsi haqqında qanun layihəsi irəli sürüb.

Bakının yeni strategiyası

Müharibəsonrası reallıqlar Bakıdan yeni reallığı nəzərə alaraq, vəziyyəti yenidən dəyərləndirməyi tələb edir. Ermənilərin əksəriyyətinin və ya hətta hamısının Qarabağda qalmaqdan imtina etməsi iki icmanın birgə yaşaması variantını qeyri-mümkün edir. Buna görə gələcəkdə “soyqırım” və “etnik təmizləmə” ittihamlarına, Avropa məhkəmələrində təhqiqatlara və s. qarşı ideoloji mübarizə aparmalı olacağıq. Ermənistan-Türkiyə münasibətlərinin tarixi göstərir ki, bu iddialar, çətin ki, nə vaxtsa aradan qalxsın.

Nə qədər qəribə səslənsə də, bu gün Paşinyan hökuməti qarşıdurmanın başa çatması və münasibətlərin qurulması prosesinin başlaması üçün ən münasib hökumətdir. Aydındır ki, bu proses sönən münaqişə ilə paralel gedəcək və əsas vəzifə münasibətlərin normallaşmasının yenidən ikinci plana keçməsinə imkan verməməkdir.

Şahin Hacıyev

Turan.az

Bənzər yazılar

Back to top button