ManşetGündəmSiyasət

Nankorluğ haqda: 31 mart – Soyqırım Gününə

1918-ci il mart ayının son günlərində Bakıda və digər şəhərlərdə, qəsəbələrdə daşnak-bolşevik qüvvələri tərəfindən azərbaycanlılara qarşı kütləvi qırğınlar təşkil edildi. Martın 30-dan aprelin 2-i gecəyə qədər erməni dəstələri, eləcə də dağılmış Rusiya imperiyasının hərbi bölmələri hücum edərək Bakının mərkəzi rayonlarını, İçərişəhərin bütün ərazisini ələ keçirdilər. Evlərə girən cinayətkarlar azərbaycanlıları ailəliklə qətlə yetirdilər. Mart soyqırımı nəticəsində Bakıda 12 mindən çox adam qətlə yetirildi. “Xəzər” mətbəəsi, “Açıqsoz” qəzetinin redaksiyası, “İsmailiyyə” binası (indiki Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin binası) yandırıldı, “Təzəpir” məscidinin minarələrinə artilleriya atəşilə ziyan vuruldu.

Qüvvələr bərabər deyildi. 1918-ci ilin əvvəlində Azərbaycanın ən böyük partiyası olan Müsavat Partiyası Azərbaycan cəmiyyətinin aparıcı siyasi qüvvəsinə çevrilmişdi, lakin əhalini silahlı bandalardan qorumaq üçün döyüş bölmələri yox idi. Zəif silahlanmış azərbaycanlılar yerli milislərin fəal iştirakı ilə müdafiə olunurdular.

Azərbaycanlıların aylarla davam edən soyqırımına Qafqaz İslam Ordusunun gəlişi sayəsində son qoyuldu. Osmanlı dövlətinin müdafiə naziri, böyük qardaşı Ənvər Paşanın tapşırığı ilə 28 yaşlı Nuru Paşa Killigil 12 minlik Qafqaz İslam Ordusuna rəhbərlik etdi. Mayın 16- da Nuru Paşanın rəhbərlik etdiyi ordu Naxçıvana, mayın 25-də isə Gəncəyə daxil oldu. Üç gün sonra Tbilisidə Azərbaycanın müstəqillik bəyannaməsi qəbul edildi və Gəncə islam dünyasında ilk demokratik respublikanın paytaxtı oldu. Nuru Paşanın ordusu Azərbaycan Xalq Cümhuriyyətinin əsgərləri və Qafqaz xalqlarından olan könüllülərlə birlikdə Göyçay, Salyan və digər ərazilərdə düşmən qüvvələrini darmadağın edərək sentyabrda Bakıya yaxınlaşdı və “Sentrokaspi diktaturasına” ultimatum göndərdi. Ultimatum daşnaklar və menşeviklər tərəfindən rədd edildi. O zaman sentyabrın 14-də gecə Nuru Paşanın əmrilə hücum təşkil edildi və Bakının azad edilməsilə nəticələndi. Ertəsi gün saat 15:00-a yaxın qələbə atəşfəşanlığı təşkil edildi, sentyabrın 15-də xilaskarlar təntənəli yürüşlə Bakıya daxil oldular.

Gəncə uğrunda döyüşlərdə Qafqaz İslam Ordusunun 13 əsgəri həlak oldu. Bakının girəcəyində döyüşlərdə Qafqaz İslam Ordusunun 1130 əsgəri qəhrəmancasına həlak oldu.

Bakıda xilaskarların şərəfinə təntənəli ziyafətlər təşkil edildi, milyonçu Hacı Zeynalabdin Tağıyev indiki Dövlət Filarmoniyasının binasında təntənəli qəbul təşkil etdi və və Nuru Paşanı xalqın adından salamladı.

İki il Qafqaz ordusu Azərbaycanda sülhü təmin etdi. Tanınmış Azərbaycan şairəsi Əbilovanın nəvəsi Xuraman xanım danışırdı ki, Yelizavetpolda (Gəncə) şəhərin müsəlman hissəsində tacirlərin dükanları talan edilməyə başlayanda bəzi yerli ictimai xadimlər erməniləri bunun təhrikçisi elan etdilər. O zaman Nuri Paşa tez təxribatçıları tez tapdı. Onları şəhərin mərkəzində Şah Abbas məscidilə üzbəüz yerdə asmışdılar.

Lakin sonrakı hadisələr göstərdi ki, bolşeviklər sülh istəmirlər. 1920-ci ildə, aprelin 28-də Azərbaycan yenidən bolşevik Rusiyası tərəfindən işğal edildi. Azərbaycanlıların öz torpaqlarında soyqırımı bütün sovet tarixi boyunca xalqdan ciddi-cəhdlə gizlədildi, əvəzində Stepan Şaumyanın rəhbərlik etdiyi Bakı komissarlarının adları yalandan ucaldıldı. Qarabağda Xankəndi Stepanakert adlandırıldı və sonradan ermənilərin döyüşkən antiazərbaycan separatizminin yuvasına çevrildi. 1992-ci ildə Azərbaycan xalqının qəhrəmanlaşdırılmış qatillərinin yalan tarixi ifşa olundu, cinayətkarlar azad Azərbaycan Respublikasında devrildi. Prezident Heydər Əliyevin 26 mart 1998-ci il tarixli fərmanı ilə 31 mart Azərbaycanlıların Soyqırımı Günü elan edildi.

ABŞ-da Nyu-York ştatının Senatı və Nyu-Cersi ştatının Baş Assambleyası 1918-ci ilin mart hadisələrini azərbaycanlılara qarşı soyqırım kimi xarakterizə edərək 31 mart tarixini Azərbaycanlıların Anım Günü elan etdi. Men ştatının qanunverici məclisi öz qətnaməsilə “Azərbaycanlıların Soyqırımı Günü”nü tanıdı. Amerikanını Nevada ştatının qubernatoru 31 mart tarixini “1918-ci ilin martında başlayan toqquşma qurbanlarının anım günü” elan etdi.

Hələ 1918-ci ildə Bakıda Qafqaz ordusu döyüşçülərinin xatirə kompleksinin yaradılması haqqında düşünmüşdülər. Abidənin layihəsi 1918-ci ildə hazırlanmışdı. 15 sentyabr 1919-cu ildə Bakının azad edilməsinin birinci ildönümü münasibətilə AXC parlamentinin xüsusi iclasından sonra hökumət üzvləri, deputatlar Çəmbərəkənd qəbiristanlığına gedərək türk əsgəri abidəsinin ucaldılmasının təməlini qoydular. Lakin 28 aprel 1920-ci ildə kommunist anneksiyası bu abidənin ucaldılmasına imkan vermədi.

Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra Azərbaycan və Türkiyə hökumətlərinin razılığı ilə bu layihə davam etdirildi. 1999-cu ildə abidənin yeni təməli qoyuldu, bir il sonra isə Azərbaycan prezidenti Heydər Əliyev və Türkiyə prezidenti Süleyman Dəmirəlin iştirakı ilə açılış mərasimi keçirildi.

2020-ci ildə Gəncədə Şah Abbas məscidinin qarşısında Qafqaz Ordusunun xatirə kompleksi inşa edildi. Bakı, Şəki, Şamaxı, Göyçay, Kürdəmir, Neftçala, Hacıqabul və Qubada türk döyüşçülərə xatirə abidələri ucaldıldı. Bu abidələrin qurulmasında Türkiyənin Azərbaycandakı səfirliyi və türk memarlar fəal iştirak etdilər.

Azərbaycan xalqının qurtarıcısı və xilaskarına heykəlin qoyulması ilə bağlı çoxsaylı təkidli çıxışlara, təkliflərə baxmayaraq, Azərbaycanda Nuru Paşanın abidəsi yoxdur. Müstəqillik illərində bir çox azərbaycanlı və türkiyəli xadiml Nuru Paşaya abidə ucaldılması ilə bağlı israrlı təkliflərlə çıxış ediblər.

Tarixçi Elmira Muradəliyeva 15 sentyabrı Bakının qurtuluşu günü kimi qeyd etməyi, bu şəhər bayramını Bakının Qurtuluş Günü adlandırmağı təklif edir.

“Təqvimdə belə gün üçün daha uyğun başqa tarix yoxdur. Üstəlik, Bakıda birləşmiş xilaskar qüvvələrə komandanlıq edən Nuru Paşaya abidə ucaldılmalıdır. Abidə üçün ən yaxşı yer qırmızı canişin Sergey Kirovdan (Bakıdakı Dağüstü Park-red.) təmizlənmiş meydançadır. 15 sentyabrı Bakı Günü kimi təsis edərək və Nuru Paşanın abidəsini təntənəli şəkildə ucaldaraq Bakı və azərbaycanlılar bu tarixi günü və şəxsiyyəti ləyaqətlə qeyd edəcək, nankorluq damğasını öz üzərindən götürəcək”, – E. Muradəliyeva yazıb.

Deputat Sabir Rüstəmxanlı Milli Məclisdə “Müstəqillik Günü haqqında” qanun layihəsinin müzakirəsində çıxış edırkən Nuru Paşaya və Qafqaz İslam Ordusuna abidə qoyulmasını təklif edib. “Niyə bu məsələyə baxılmır? Əvvəllər buna mane olanlar vardı. İndi belə problem yoxdur. Hesab edirəm ki, məsələ öz həllini tapmalıdır”.

2007-ci ildə Türkiyənin Azərbaycandakı səfiri Avni Karslıoğlu Bakıda Nuru Paşanın abidəsinin ucaldılacağını vəd etdi. Bu abidə paytaxtın ən görkəmli yerlərindən birində ucaldılacaq, – mətbuat bildirirdi. Avni Karslıoğlu qeyd etdi ki, gələcək nəsil 15 sentyabr tarixini bilməlidir. Məhz bu məqsədlə həm Azərbaycanda, həm də Türkiyədə bu tarix dərsliklərdə geniş işıqlandırılmalıdır.

Şimali Kipr Türk Cümhuriyyətinin Azərbaycandakı nümayəndəsi Sadəttin Topukçu da “Bakının azad edilməsinin 95 illiyi” münasibətilə keçirilən tədbirdə tezliklə Nuru Paşaya abidə qoyulacağını bildirdi. O zaman Türkiyənin Azərbaycandakı səfirliyinin mədəniyyət və turizm üzrə müşaviri Seyit Əhməd Arslan Azərbaycanda və Türkiyədə Nuru Paşanın qəhrəmanlığının kifayət qədər təbliğ olunmamasından şikayətlənmişdi.

“Kitablar hazırlanmalıdır. Tarix dərsliklərində bu tarixi şəxsiyyətə böyük diqqət və lazımi yer ayrılmalıdır”. Konfransda iştirak edən qeyri-hökumət təşkilatlarının nümayəndələri də Nuru Paşanın xatirəsinin əbədiləşdirilməsinin vacibliyini vurğulamışdılar.

Türkiyə Hərbi Hava Qüvvələrinin istefada olan general-mayoru, Aviasiya Universitetinin rektoru Kürşat Atılqan “tezliklə Azərbaycanda Nuru Paşaya layiqli abidə qoyulacağına və bunun bütün türk dünyasını sevindirəcəyinə” əminliyini ifadə etmişdi. Onun sözlərinə görə, “Nuru Paşa Azərbaycanın ən mühüm tarixi qəhrəmanlarından biridir” və “28 may 1918-ci ildə yaradılmış Azərbaycan Xalq Cümhuriyyətinin qurucularının önündə gedib”.

2 mart 1949-cu ildə vəfat etmiş Nuru Paşanın İstanbuldakı məzarını Azərbaycan Respublikasının rəsmi nümayəndələri ziyarət edirlər. Lakin azərbaycanlıların öz xilasına görə borclu olduğu görkəmli sərkərdəyə abidə qoyulmasından söz getmir.

Azərbaycanda hazırkı hakimiyyətə birbaşa aidiyyatı olmayan tarixi şəxsiyyətlərə abidələr çox böyük çətinliklərlə, uzun müddətdən sonra qoyulur. Metronun “İçərişəhər” stansiyasının yanında xeyriyyəçi, Nuru Paşanın həmmüasiri Hacı Zeynalabdin Tağıyevə abidə qoyulması uzun zaman aldı. Azərbaycanın paytaxtında Azərbaycan Xalq Cümhuriyyətinin banisi Məhəmməd Əmin Rəsulzadəyə, AXC nazirlərinə heykəl, xatirə abidələri yoxdur. Eyni sırada general Nuru Paşanın da adını çəkmək lazımdır- Azərbaycanda nə heykəl, nə memorial abidə, nə də generalın adı və təsviri olan mərmər lövhə belə yoxdur.

Kamal Əli
Ekspert, şərhçi

Turan.az

Bənzər yazılar

Back to top button