AnalitikaİqtisadiyyatManşet

Hökumət ərzaq bahalaşmasının səbəbi ilə bağlı suala aydınlıq gətirə bilmir

Bu günlərdə Rusiyanın Soçi şəhərində keçirilən III Avrasiya Konqresinin plenar iclasında çıxış edən Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov deyib ki, dünyanın əksər ölkələrində, o cümlədən Azərbaycanın əsas ticarət tərəfdaşlarında ərzaq məhsullarının qiymətinin artması inflyasiya təzyiqinin artmasına səbəb olub. Baş nazir sanki inflyasiya təzyiqinin azalması yollarını tapmış kimi daha sonra çıxışında bildirib ki, ötən (2022-ci il) ilin fevralında Nazirlər Kabineti inflyasiyanın sahibkarlıq fəaliyyətinə və əhalinin sosial rifahına təsirini minimuma endirmək məqsədi ilə sərəncam verib. O, deyib: “2023-cü ildə ərzaq təhlükəsizliyinin təmin edilməsi üçün dövlət büdcəsində 40 faiz artım olub. Bu ilin yanvar-may aylarında Azərbaycanda kənd təsərrüfatı məhsulları istehsalı 5,2 faiz artıb”.

Qeyd etməliyəm ki, hələ 6 ay əvvəl (9 dekabr 2022-ci il) Milli Məclisdə Baş nazir Əli Əsədov çıxışında ölkədə və dünyada ərzaq qiymətlərinin bahalaşmasına və inflyasiyanın ikirəqəmli səviyyəyə çatmasına səbəb kimi regional və qlobal geosiyasi gərginliyi, Rusiya və Ukrayna arasında hərbi münaqişə və bununla əlaqədar tətbiq olunan genişmiqyaslı iqtisadi sanksiyaları, qlobal istehsal-təchizat zəncirində qırılmaları, yüksək enerji qiymətlərini, həmçinin daşınma və logistika xərclərinin yüksəldiyini göstərmişdi.

Baş nazir Əli Əsədov bu ilin mart ayında Milli Məclisin plenar iclasında hökumətin 2022-ci ildəki hesabatını təqdim edərkən deyib ki, 2022-ci ildə Azərbaycanda orta illik inflyasiya 13,9 % təşkil edib: “Xüsusilə, ərzaq qiymətləri idxal vasitəsilə daxili ərzaq inflyasiyasına ciddi təsir göstərib. İdxal olunan məhsulların illik qiymət indeksinin artımı 22 %-dən çox olub. Azərbaycandakı inflyasiya əsasən idxal edilib”.

Apardığımız araşdırmalar göstərir ki, “bəşəriyyətin qarşılaşdığı iqlim dəyişikliyi, qlobal istiləşmə, logistika zəncirlərinin pozulması, istehsal resurslarının və nəqliyyat tariflərinin bahalaşması kimi təhdidlər fonunda” dünyada bir sıra ərzaq məhsulları buğda, bitki yağları süd məhsulları əhəmiyyətli dərəcədə ucuzlaşıb. Bu günlərdə BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) may ayı üçün yaydığı məlumatda bildirilir ki, bu ilin may ayında FAO-nun Ərzaq Qiymətləri İndeksi aprel ayı ilə müqayisədə 2,6 faiz və keçən ilin mart ayının rekord göstəricisindən isə 22,1 faiz aşağı düşüb. Təşkilat qeyd edir ki, may ayında bitki yağları, taxıl və süd məhsullarının qiymətləri əhəmiyyətli dərəcədə azalıb.

FAO-nun aybaay yaydığı məlumatlara əsasən hazırlanan cədvəldən (Cədvəl1) də göründüyü kimi son bir il ərzində dünyada əsas ərzaq məhsullarının qiymətlərində ucuzlaşma qeydə alınmişdir. Belə ki, 2022-ci ilin iyun-dekabr və 2023-cü ilin yanvar-may aylarında, yəni 12 ay ərzində buğda cəmi 3 ayda cüzi olaraq bahalaşsa da, 9 ayda ucuzlaşmışdır. Ətin qiyməti 2022-ci ilin iyul ayından başlayaraq 8 ay ərzinda aşağı düşmüş, keçən ilin iyun və bu ilin mart, aprel,may aylarında artmışdır. Südün dünya qiyməti keçən ilin iyun və dekabr aylarında aşağı düşmüş, qalan 10 ayda (keçn ilin iyul-noyabr, bu ilin yanvar-may aylarında) azalmışdır. Bitki yağının qiymətləri isə son bir ildə dekabr ayı istisna olmaqla qalan 11 ayda aşağı düşmüşdür. Son 1 il ərzində ən çox şəkərin qiymətində artım baş vermişdir.

Azərbaycanda isə əsas ərzaq məhsullarının qiymətləri ilə bağı vəziyyətin tamamilə fərqli olduğunu görürük. Dövlət Statistika Komitəsinin təqdim etdiyi aylıq hesabatlardan görürük ki, Azərbaycanda 2022-ci ilin may-dekabr və 2023-cü ilin yanvar-aprel aylarında əsas ərzaq məhsulları üzrə istehlak qiymətləri indeksi əvvəlki aylara nisbətən artmaqda davam etmişdir. Belə ki, bu ilin mart və aprel aylarında əvvəlki aylara nisbətən çörək və un məmulatlarının, kərə və bitki yağlarının istehlak qiymətləri indeksi cüzi olaraq azalsa da, əvvəlki 10 ay ərzində ardıcıl olaraq artmışdır (Cədvəl 2). Cədvəl 2-dən də göründüyü kimi son 12 ay ərzində ölkədə ət və ət məhsulları, süd və süd məhsulları, şəkərdən hazırlanan qənd və sair məhsulların qiymətləri davamlı olaraq artmışdır.

Digər tərəfdən DSK son illər ölkədə əsas ərzaq məhsulları ilə özünütəminetmə səviyyəsinin yüksək olduğunu göstərir (Cədvəl 3). Komitə Azərbaycanın unla (bütün növləri) özünütəminetmə səviyyəsini 95%, bütün növ ət və ət məhsulları ilə özünütəmin etmə səviyyəsinin 86,4% (o cümlədən mal əti və ət məhsulları ilə 91,9%, qoyun və keçi əti və ət məhsulları ilə 98,2%, quş əti və ət məhsulları ilə 79,6%), süd və süd məhsulları ilə özünütəminetmə səviyyəsinin 84,8% (yağlılığı 1-6 faiz olan süd və qaymaqla 99,0%, yağlılığı 6 faizdən çox olan süd və qaymaqla 90,6%, bütün növ pendirlərlıə 86,3%, qatıq, qaymaq, yoqurt və s. məhsullarla 93,1), şəkərlə özünütəminetmə səviyyəsini isə 100,7% göstərir.

Əlbətdə, ölkədə əsas ərzaq məhsulları ilə ozünütəminetmə səviyyəsi heç də DSK-nın təqdim etdiyi kimi deyil, bir qədər fərqlidir. Prezident İlham Əliyev 2022-ci ilin birinci rübünün yekunlarına həsr olunan müşavirədə demişdir ki, ərzaqlıq buğda ilə biz özümüzü cəmi 25 faiz təmin edirik ([1]). Azərbaycan Ümumdünya Səhiyyə Təşkilatının adambaşına müəyyən etdiyi illik normaya görə ət və ət məhsullarına olan təlabatın 44,8 faizini, süd və süd məhsullarına olan təlabatın 55%-ini, bitki yağı istehsalı üçün istifadə olunan xammalın təxminən 10%-ini, şəkər istehsalı üçün istifadə olunan xammalın isə cəmi 5 faizini daxili istehsal hesabına ödəyə bilir.

Azərbaycanda yeyinti məhsullarının kəskin bahalaşmasının iki əsas səbəbi var. Birincisi, Azərbaycan özünü təmin edəcək həcmdə ərzaq məhsulları istehsal edə bilmir. Yerli məhsulun az olması səbəbindən də bazarda mal, məhsul qıtlığı, defisit yaranır ki, bu da həmin məhsulun topdan satışı ilə məşğul olan inhisarçılara fürsətdən yararlanmaq, faydalanmaq imkanı verir. Digər bir səbəb də ölkədə idxal inhisarçılığının olmasıdır. Ölkədə mal, məhsul qıtlığının yaranmasından istifadə edən inhisarçı işbazlar xarici ölkələrdən ucuz qiymətə idxal etdikləri məhsulları yüksək qiymətə satmaqla daha çox qazanc əldə edirlər. Azərbaycanda ərzaq məhsulları idxalı monopoliyada olduğu üçün dünya dövlətləri ilə müqayisədə bir çox ərzaq mallarının, kənd təsərrüfatı məhsullarının qiymətləri yüksək olaraq qalır.

Baş nazir Soçi şəhərində çıxışışında onu da deyib ki, “əsasən kənd təsərrüfatı məhsullarının istehsalının həcminin artırılması üzrə işlər görülür, aqrar sektora dövlət dəstəyi sistemi təkmilləşdirilir. Görülən işlər nəticəsində Azərbaycanda 2022-ci ildə kənd təsərrüfatı istehsalının həcmi 3,4 faiz artıb. Cari ilin yanvar-aprel ayında isə kənd təsərrüfatı məhsullarının istehsalı 3,5 faiz artıb”. Yaxşı, bu ilin yanvar-aprel aylarında kənd təsərrüfatı məhsullarının istehsalı 3,5 faiz, o cümlədən heyvandarlıq məhsulları üzrə 3,5 faiz artıbsa, nəyə görə yanvar-aprel aylarında ət idxalı fiziki çəkidə 16,5%, dəyər ifadəsində 17,9%, əsasən kəsim üçün nəzərdə tutulan diri heyvanların idxalı dəyər ifadəsində 43%, süd idxalı fiziki çəkidə 5,1 faiz, dəyər ifadəsində 58,5% artmışdır?

Xatırladım ki, Milli Məclisdə çıxışı zamanı Baş nazir Ə. Əsədov Azərbaycanda kənd təsərrüfatının inkişafı hökumət üçün əsas prioritetlərdən biri olduğunu qeyd etmiş və demişdir ki, “növbəti ildə də ərzaq təhlükəsizliyi tədbirləri üçün büdcə xərclərinin həcmi artırılır və cari ilə nisbətən 38,6% çoxdur (625,2 mln. manat). Azərbaycan Respublikası Prezidentinin “Ərzaqlıq buğda ilə özünütəminetmə səviyyəsinin yüksəldilməsinə dair bir sıra tədbirlər haqqında” 2022-ci il 19 iyul tarixli Fərmanından irəli gələn tədbirlər üçün gələn ilin (2023-cü il) dövlət büdcəsində müvafiq vəsait nəzərdə tutulub (180 milyon manat)”.

Baş nazirin çıxışlarını dinləyərkən aydın olur ki, hökumət ölkədə ərzaq inflyasiyasının yüksək olmasının səbəblərini hələ də müəyyən edə bilməyib.

Qeyd etməliyəm ki, Azərbaycan hökuməti 2021-ci ilin yanvar ayından enerji daşıyıcılarının (dizel yanacağı 33,3%, benzin 11,1%) qiymətlərini artırıb. Ölkədə enerji daşıyıcılarının qiymətlərinin artımı öz növbəsində ərzaq və digər məhsulların, xidmətlərin qiymətlərinin artımına səbəb olub. Əslində son illərdə baş verən ciddi qiymət artımına hökumət 2021-ci ildə enerji daşıyıcılarının qiymətlərini artırmaqla start verdi.

Apardığımız araşdırmalar göstərdi ki, yanacağın bahalaşmasına baxmayaraq, 2021-ci ildə bir sıra kənd təsərrüfatı bitkilərinin məhsuldarlığının artımı hesabına əldə olunan məhsulların maya dəyərini aşağı salmaq mümkün olmuşdur. Belə ki, 2020-ci illə müqayisədə 2021-ci ildə kartofun məhsuldarlığının 10 sentner artımı hesabına fərdi sahibkar təsərrüfatlarında kartofun 1 sentnerinin maya dəyəri 2,3%, kənd təsərrüfatı müəsisələrində isə 4,4% aşağı düşmüşdür. Tərəvəz istehsalında da vəziyyət oxşar olmuşdur. 2021-ci ildə əvvəlki ilə nisbətən tərəvəzin məhsuldarlığı iki sentner artdığı üçün həmin il tərəvəzin maya dəyəri fərdi sahibkar təsərrüfatlarında 9,3%, kənd təsərrüfatı müəsisələrində isə 14,3% aşağı düşmüşdür.

Dənli bitkilərin istehsalında dizel yanacağında daha çox istifadə olunduğu üçün taxılçılıqda məhsuldarlığın 1 sentner artməsı nəticəsində kənd təsərrüfatı müəsisələrində məhsulun maya dəyəri çox cüzi olaraq (0.3%) aşağı düşmüşdür. Lakin kiçik həcmli pay torpaqlarında fərdi sahibkarlar texnikadan səmərəli istifadəni təşkil edə bilmədiklərinə görə dizel yanacağının qiymətinin 33,3 faiz artımı fərdi sahibkar təsərrüfatlarında əldə edilən taxılın maya dəyərinin 6,4% artımına səbəb olub.

Ərzaq məhsullarının qiymətlərinin optimallaşdırılması və optimal həddə saxlanılması yollarından biri kənd təsərrüfatında məhsuldarlığın artırılması, digəri isə istehsal xərclərinin azaldılmasıdır. Apardığımız araşdırmalar göstərir ki, uzun illərdir kənd təsərrüfatında məhsuldarlığı lazımi səviyyəyə qaldırmaq mümkün olmayıb. Diğər tərəfdən Azərbaycanda istehsal olunan kənd təsərrüfatı məhsullarının istehsal xərcinin yüksək olmasıdır ki, bunun də səbəblərindən biri kənd təsərrüfatına istifadə edilən (texnika, texnoloji avadanlıqlar, toxum, gübrə, pestisidləri və sair) istehsal vasitələrinin idxal edilməsidir. Hökumət kənd təsərrüfatında istifadə edilən (təxminən il ərzində 310 min ton) dizel yanacağını məhsul istehsalçılarına güzəştli qiymətlərlə təklif edərsə, kəndlilər aqrotexniki qaydalara tam əməl etməklə həm məhsuldarlığı artırar, həm də keyfiyyətli məhsul əldə edər. Məhsuldalığın artması öz növbəsində məhsulun maya dəyərinin aşağı düşməsinə səbəb olar.

Azərbaycan hökuməti dünyada baş verən hadisələri əsas gətirərək faktların konstatasiyası ilə məşğul olmalı deyil. Hökumət ölkədə ərzağın bahalaşmasını və inflyasiyanın ikirəqəmli səviyyəyə qalxmasını geosiyasi problemlərə bağlamalı da deyil. Hökumət daxili bazarı beynalxaq bazarın əlverişsiz konyukturasından qorumaq üçün konkret olaraq hərəkətə keçməlidir, lazımi tədbirlər görməlidir. Daxili bazarı beynalxaq bazarın əlverişsiz konyukturasından qorumaq istəyən hökumət yerli istehsalı artırmalıdır.

Azərbaycan hökuməti ərzaq iflyasiyasının qarşısını almaq və ərzaq qiymətlərinin optimallaşdırılması üçün yerli ərzaq məhsullarının istehsalının dayanıqlığını təmin etməklə yanaşı idxalda və bazarda mövcud olan inhisarçılığı aradan qaldırmalıdır.


ƏLAVƏLƏR

Əlavə 1

Cədvəl 1. 2022-ci ilin iyun-dekabr və 2023-cü ilin yanvar-may aylarında FAO-nun Ərzaq Qiymətləri İndeksi. Mənbə BMT-nin FAO təşkilatı.

VI VII VIII IX X XI XII I II III IV V
Buğda -5,7 -14,5 -5,1 +2,2 +3,2 -2,8 -1,9 -2,5 +0,3 -7,1 -2,3 -3,5
Ət +1,7 -0,5 -1,5 -0,5 -1,4 -0,9 -1,2 -0,1 -0,1 +0,5 +1,3 +1,0
Süd +4,1 -2,5 -2,0 -0,6 -1,7 -1,2 +1,1 -1,4 -2,7 – 0,8 -1,7 -3,2
Bitki yağı -7,6 -19,2 -3,3 -6,6 -1,6 +2,3 -6,7 -2,9 -3,2 – 3,0 -1,3 -8,7
Şəkər -2,6 -3,8 -2,1 -0,7 -0,6 +5,2 +2,4 -1,1 +6,8 +1,5 +17,6 +5,5

 

Əlavə 2

Cədvəl 2. Azərbaycanda 2022-ci ilin may -dekabr və 2023-cü ilin yanvar-mart aylarında ərzaq məhsulları üzrə istehlak qiymətləri indeksi, məhsul qrupları üzrə, əvvəlki aylara nisbətən, faizlə. Mənbə DSK

V VI VII VIII IX X XI XII I II III IV
Çörək, un məmulatları 100,8 100,7 100,4 102,7 104,6 101,8 101,0 100,5 100.4 100.4 99,8 99,5
Ət və ət məhsulları 100,5 100,2 101,2 102,0 103,8 102,8 100,8 100,2 100.3 100.4 102,1 101,4
Süd və süd məhsulları 100,9 100,8 100,6 100,8 101,4 101,1 100,8 100,8 100.8 100.6 100,4 100,1
Kərə və bitki yağları 102,0 101,4 101,0 101,1 101,2 100,8 100,5 100,2 100.2 100.2 99,5 99,4
Qənd, cem, bal və s. 101,1 101,0 101,3 101,1 102,1 101,9 100,7 100,9 100.8 100.4 100,2 100,3

 

Cədvəl 3 Əsas yeyinti məhsulları ilə özünütəminetmə səviyyəsi, faiz. Mənbə DSK

2019 2020 2021
Bütün növ ət və ət məhsulları 82,5 84,5 86,4
mal əti və ət məhsulları 86,1 87,4 91,9
qoyun və keçi əti və ət məhsulları 97,6 97,3 98,2
donuz əti və ət məhsulları 5,3 4,7 4,8
quş əti və ət məhsulları 74,6 79,0 79,6
Süd və süd məhsulları 86,3 83,5 84,8
Yağlılığı 1-6 faiz olan süd və qaymaq 99,2 99,1 99,0
Yağlılığı 6 faizdən çox olan süd və qaymaq 93,8 91,8 90,6
Kərə yağı 69,5 62,7 66,7
Bütün növ pendirlər 87,7 88,1 86,3
Qatıq, qaymaq, yoqurt və s. məhsullar 94,7 94,5 93,1
Yumurta 101,8 100,0 99,1
Balıq və balıq məhsulları 82,2 81,7 78,2
Un (bütün növləri) 95,6 95,4 95,0
Bitki yağları 33,6 34,8 73,2
Şəkər istehsalı üçün xammal 11,8 14,6 5,5
 Şəkər 75,0 69,4 100,7
Çay 43,7 45,5 89,5
İnsan qidası üçün yararlı duz 111,4 111,4 104,8
Dənlilərin (çəltik istisna olmaqla) cəmi 67,3 68,1 73,7
buğda 57,2 57,1 61,5
arpa 100,2 94,6 101,9
qarğıdalı 80,0 86,6 93,6
vələmir 90,9 86,6 88,5
sair növ dənlilər 88,2 93,9 26,7
Paxlalılar 76,1 60,3 56,4
Kartof 87,8 90,6 88,8
Bütün növ tərəvəz 112,0 110,4 106,6
Pomidor 132,5 131,0 121,1
Bostan məhsulları 100,8 100,8 102,6
Meyvə və giləmeyvə 123,1 116,3 122,9
Qoz və fındıq 138,2 138,0 136,5
Nar 110,7 112,0 127,8
Üzüm 94,3 95,8 94,4

 

 

[1]https://marja.az/86117/prezident-erzaqliq-bugda-ile-ozumuzu-cemi-25-faiz-temin-edirik

Vahid Məhərrəmov

Mənbə: Turan.az 

Bənzər yazılar

Back to top button