Cəmiyyət

Mingəçevir icra başçısı hesabat verdi

İlham İsmayılov: “İstilik problemi bu günə kimi həllini tapmayıb”

Mingəçevir şəhərinin 2019-cu ildə sosial-iqtisadi inkişafının yekunları və 2020-ci ildə qarşıda duran vəzifələr barədə Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov ictimaiyyət nümayəndələri qarşısında hesabat verib.

Qaynarinfo xəbər verir ki, Mingəçevir Dövlət Universitetinin akt zalında keçirilən hesabat yığıncağında şəhərin idarə və müəssisələrinin, həmçinin, hüquq-mühafizə orqanlarının rəhbərləri, QHT və KİV nümayəndələri, şəhər ziyalıları, ictimai-siyasi xadimlər iştirak edirdilər. Eyni zamanda Azərbaycan Respublikasının Prezidenti Administrasiyasının sektor müdiri Vəfadar Bağırov toplantıya qatılıb.

Vəfadar Bağırov

Hesabat nitqi ilə çıxış edən icra başçısı İlham İsmayılov 2019-cu ili Mingəçevir üçün uğurlu il kimi qiymətləndirib : “Şəhərin sənaye müəssisələrində 315,2 milyon manatlıq məhsul istehsal olunmuşdur ki, bu da 2018-ci ilin eyni dövrü ilə müqayisədə 9,8 milyon manat və ya 3,2 faiz artım deməkdir. Ötən il şəhər miqyasında tikinti-quraşdırma işlərinə 67,7 milyon manat, əsas kapitala 73,2 milyon manat vəsait yönəldilmişdir. Əsas kapitala yönəlmiş investisiyaların 68,3 milyon manatını dövlət mülkiyyəti, 4,9 milyon manatını qeyri-dövlət mülkiyyəti təşkil edir. Rabitə xidmətləri keçən ilin eyni dövrü ilə müqayisədə 32,9 faiz artaraq 1,6 milyon manat təşkil etmişdir. İl ərzində 9 hündürmərtəbəli çoxmənzilli yaşayış binasının dam örtükləri və giriş blokları, ümumi istifadə olan yerləri təmir olunmuşdur. Şəhərin “Dostluq” parkının 2-ci hissəsində böyük abadlıq, yenidənqurma işləri aparılmışdır. Şəhərin şərq girişində antisanitar vəziyyətdə olan, çirkab tullantı suları axıdılan kanal ləğv olunaraq 2.4 hektar ərazi abadlaşdırılmışdır. Uzun müddət baxımsız vəziyyətdə olan A.Qurbani dairəsində də abadlıq işləri aparılmışdır.

Prezident İlham Əliyevin Mingəçevir şəhərinə diqqət və qayğısını biz mingəçevirlilər daimi hiss edirik. Məhz bu diqqətin nəticəsidir ki, Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 05 fevral tarixli Sərəncamına əsasən 10 hündürmərtəbəli yaşayış binasının 16 ədəd istismara yararsız liftləri dəyişdirilmiş və zəruri təmir işləri aparılmışdır. Bu diqqətin bir daha bir təzahürü İcra Hakimiyyətinin müraciəti əsasında cənab Prezidentin 25 dekabr 2019-cu il tarixli Sərəncamı ilə 4 yaşayış massivini şəhərlə birləşdirən avtomobil yollarının əsaslı təmiri məqsədilə ehtiyat fondundan 2,5 milyon manat ayırması oldu. Artıq bu istiqamətdə işlər başlanılmışdır.

Hesabat ilində, “Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı” çərçivəsində Mingəçevir şəhərində yollara və səkilərə ümumilikdə 142733 kv.metr yeni asfalt örtük salınmış və 24618 metr müxtəlif ölçülü beton səki daşları düzülmüşdür. “Vaqonlar” və “Borçalı” yaşayış massivlərinin təbii qazla təmin olunması məsələsi həllini tapmış və ərazilərdə 400-ə yaxın ev qazlaşdırılmışdır. Hazırda Şəhər Mədəniyyət mərkəzi və 16 saylı tam orta məktəbdə əsaslı təmir işləri, 13 saylı tam orta məktəbin yeni tədris binasının tikintisi aparılır, 14 saylı tam orta məktəbin əsaslı təmiri isə başa çatdırılmışdır.

2019-cu ildə şəhərin enerji istehsalı edən “Azərbaycan İstilik Elektrik Stansiyası” və “SES Silsiləsi” MMC-lərdə 282,9 milyon manatlıq məhsul istehsal edilib ki, bu da natural ifadədə 7 milyard 553 milyon kilovatsaat elektrik enerjisi deməkdir. Eyni zamanda, Mingəçevirin “Azneftemaş”, “Mingəçevir Maşınqayırma Zavodu”, “Azərkabel” ASC-lər və “Mingəçevir Tekstil”, “HTech İnvest” MMC kimi sənaye müəssisələri mövcud imkanları daxilində işlərini təşkil etmiş və istehsalın artırılmasına nail olmuşlar.

2019-cu ildə “Nəsimi ili” çərçivəsində Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü ilə keçirilən ümumrespublika ağacəkmə aksiyasında şəhər ərasizində 10000 ağac tingi əkilmişdir. Ümilikdə isə, keçən il şəhərin müxtəlif küçə və parklarında 11582 ədəd müxtəlif növ ağac tingi, 6450 ədəd kol, 3650 ədəd mövsümi çiçək əkilmişdi”.

İlham İsmayılov Mingəçevirdə mövcud olan həlli vacib problemlərə də toxunub: “Təəssüflər olsun ki, 3 Dövlət Proqramının əhatə etdiyi dövr (2004-2018-ci illər) ərzində 19 qazanxanadan cəmi 2 qazanxana bərpa olunub istifadəyə verilib. Şəhər İcra Hakimiyyətinin “Azəristiliktəchizat” ASC-yə, Nazirlər Kabinetinə edilən çoxsaylı müraciətlərinə baxmayaraq istilik problemi bu günə kimi həllini tapmamışdır. Şəhər Təhsil şöbəsinin maddi texniki bazası yoxdur və müasir tələblərə cavab verən binaya ehtiyac vardır. 2, 6, 12 və 17 nömrəli məktəblərin təmirsiz olması şagird kontingentinin bərabər paylanmasına imkan vermir. Hələ də bir sıra məktəblər – 2, 8, 12, 17, 19 saylı ümumtəhsil məktəbləri istiliklə təmin olunmamışdır.”

Mingəçevirdəki kriminogen vəziyyətə toxunan şəhər rəhbəri bildirib ki, “hesabat dövründə 283 cinayət hadisəsi qeydə alınmışdır. Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə cinayətlərin sayı 10 fakt və ya 5 faiz artmışdır. Törədilmiş cinayətlərin 257-nin və ya 94 faizinin üstü açılmışdır.”

İlham İsmayılov həmçinin 2020-ci ildə Şəhər İcra Hakimiyyəti tərəfindən görülməsi nəzərdə tutulan əsas işləri sadalayıb: “2020-ci ildə Şəhər İcra Hakimiyyəti tərəfindən 11 ədəd 9 mərtəbəli yaşayış binasının dam örtüyü, fasad və girişlərinin əsaslı təmiri, 45 məhəllədə yaşayış binalarının təmiri və məhəllənin abadlaşdırılması, Nəsimi” və “Dostluq” parklarındakı abadlıq işlərinin başa çatdırılması, Sağ sahil parkının və Heydər Əliyev prospektindəki xiyabanlarının yenidən qurulması, H.Əliyev meydanında Tarix muzeyinin qarşısındakı ərazinin yenidən qurulması, Nizami küçəsindəki ərazinin abadlaşdırılaraq yeni parkın salınması, uzun müddət baxımsız qalan yataqxanalarda təmir işlərinin aparılması, 7 ərazidə insanların asudə vaxtlarını keçirmək üçün istirahət zonalarının yaradılması və bir sıra küçələrin yenidən qurulmasını həyata keçiriləcək”.

İcra başçısının çıxışından sonra məruzə ətrafında müzakirələr başlayıb. Çıxış edən natiqlər keçən müddət ərzində görülən işləri təqdir edib, 2020-ci ildə aparılacaq işlərdə yaxından köməklik göstərəcəklərini vurğulayıblar.

Yekunda çıxış edən PA rəsmisi Vəfadar Bağırov prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə hər sahədə aparılan geniş islahatlardan söz açıb, bu islahatların hər bir vətəndaşın həyatında müsbət dəyişiklərə səbəb olacağını bildirib. Mingəçevirdə keçən il görülən işləri yüksək qiymətləndirən Vəfadar Bağırov 2020-ci ildə də şəhətin sosial-iqtisadi inkişafında mühüm nailiyyətlərin olacağını vurğulayıb.

Bənzər yazılar

Back to top button