Bizim seçimGündəmHadisə

Seçki saxtakarlığını ifşa edən zaman Jalə Bayramovanı döyən qadınla bağlı ilginc məlumatlar (FOTO)

Azadə Kərimova seçki məntəqəsinə xüsusi təyinatla gətirilib.

Tanınmış iqtisadçı alim Qubad İbadoğlu seçki məntəqəsində qızı Jalə Bayramova təcavüz edən Kərimova Azadə Mürvət qızı ilə bağlı maraqlı məlumatlar paylaşıb:

AzToday.az xəbər verir ki, Qubad İbadoğlunun araşdırmaları zamanı Kərimova Azadə Mürvət qızının həmin məntəqəyə xüsusi məqsədlə gətirildiyi məlum olub:

Kərimova Azadə Mürvət qızı

“Seçki məntəqəsində qızım Jalə Bayramovaya təzavüz edən Kərimova Azadə Mürvət qızı ilə bağlı ictimai əhəmiyyət kəsb edən bir sıra vacib məlumatları sizə təqdim edirəm. “Seçkilər” informasiya mərkəzində 76 saylı Lənkəran – Astara dairəsi üzrə seçicilərin siyahısında Azadə Kərimovanın adının axtarış sorğusuna “nəticə tapılmadı” cavabı gəldi. 76-cı dairənin 16-cı məntəqəsində Kərimov soyadlılar arasından Azadənin adı yoxdur. Hadisənin baş verdiyi 16-cı məntəqənin seçki siyahısında Kərimova soyadı olan bircə xanım qeydiyyatdadır ki, onun da adı S, atasının adı isə Z ilə başlayır, doğum tarixi 1943-cü ildir.

Kərimova Azadə Mürvət qızının adı isə başqa siyahıdan çıxdı. Belə ki, Lənkəran rayonu Sürük kəndində Məcburi köçkün yataqxanasında qeydiyyatda olan Kərimova Azadə Mürvət qızına 2019-cu ilin fevral ayından bu ilin mart ayına qədər 13 aydır ki, ünvanlı sosial yardım verilir. Gələn aydan onun yardımı bitir. Çox böyük ehtimalla 9 fevraldakı xidmətinə mükafat kimi sosial yardımı yenidən uzadılacaq. Bunu nəzarətdə saxlayacam. Sözüm bunda deyil.

Müraciətim Mərkəzi Seçki Komissiyasına (sədr Pənahov Məzahir Məhəmməd oğluna), 76 saylı dairə seçki komissiyasına (sədr Əliyev Məzahir Xanağa oğluna) və məntəqə seçki komissiyasina (sədr Günəşov Şükür Məhərrəm oğluna) ünvanlanıb.

Xahiş edirəm ki, hər üçünüz suallarıma cavab verəsiniz. Seçki günü adı seçici siyahısında olmayan kənar adamın məntəqədə nə işi vardır?

Deyə bilərsiniz ki, Kərimova Azadə müşahidəçidir. Bəs onda onun yaxasında nişanı niyə yox idi?
Deyə bilərsiniz ki, məntəqə komissiyasının üzvüdür. Bəs onda onun adı niyə üzvlərin siyahısında yoxdur? Üzvlərin siyahısı şəkil bölməsində təqdim olunur.

Seçki Məcəlləsinin 40.15.-ci maddəsinə görə, səsvermə günü səsvermə otağında olan bütün səlahiyyətli şəxslərin, o cümlədən məntəqə seçki komissiyası üzvlərinin bu Məcəllənin 40.2-ci maddəsində göstərilən şəxslərin, kütləvi informasiya vasitələri nümayəndələrinin Mərkəzi Seçki Komissiyasının müəyyən etdiyi formada, həmin şəxsin statusunu müəyyən etməyə imkan verən, soyadı, adı, atasının adı, vəzifəsi və fotoşəkli olan lövhəcik olmalıdır.

Sual olunur ki, Kərimova Azadə hansı səlahiyyətlə səsvermə günü seçki məntəqəsinə daxil olur və məntəqə komissiyasının məşvərətçi səs hüququ olan Jalə Bayramovanı vəhşicəsinə döyür? Onu ora kim və nə məqsədlə dəvət edib? Hesab edirəm ki, hüquq mühafizə orqanları bu məsələləri dərindən araşdırmalı və istintaqın gedişində bu suallara cavab tapmalıdırlar.

Araşdırmalar davam edir, suallar bunlarla bitmir? Yaxın zamanlarda digərlərini də əlaqədar orqanlara ünvanlayacam?

Mətbuat nümayəndələrindən xahiş edirəm ki, bu araşdırmanı dərc edib, imkan tapanda Məzahir Pənahovdan da yuxarıdakı suallara cavab alsınlar. Soruşsunlar ki, hansı maraqla seçki günündə məntəqədə mövcudluğu qanunla təsbit olunmayan şəxsin qoçuluğuna haqq qazandırırsan?

Eyni zamanda Jalə sevərlərdən xahiş edirəm ki, bu postu mümkün qədər geniş auditoriyada paylaşsınlar.

P.S. Ola bilər ki, sonradan Kərimova Azadənin adını məntəqədə seçki siyahısına əlavə ediblər. Amma bütün bunlar yalnız onu məsuliyyətdən azad etdirməyə yönələn addım kimi qiymətləndiriləcək. Fakt odur ki, onun adı bu günədək MSK-nın siyahısında yoxdur”.

Bənzər yazılar

Back to top button