Musa Məmmədov: Azərbaycan reallığında insanlar məhkəməyə ədalətin qoruyucusu kimi deyil, “bazar münasibətilə” yanaşır

Print Friendly, PDF & Email

“Azərbaycanda ən çox tənqid olunacaq sahələrdən biri bəlkə də birincisi məhkəmə sistemidir. Məhkəmələrdə ədalət axtarılmır. İnsanlar ölkədaxilində hətta məhkəmələrdən ədalət gözləmirlər. Azərbaycan reallığında insanlar məhkəməyə ədalətin qoruyucusu kimi deyil, “bazar münasibətilə” yanaşır. İstənilən cinayət hadisəsində və yaxud digər olaylarda hakim satıcı qismində özünü aparır. İttiham olunan tərəf də müəyyən məbləği ödəyib istədiyinə nail olacağı düşüncəsindədi”. Bu sözlər ictimai-siyasi fəal Musa Məmmədova məxsusdur.

Musa Məmmədov iddia edir ki, dövlətə, dövlətçiliyə qarşı inamı əsas ədalət prinsipi yaradır: “Dövlətçilik anlayışı budur ki, vətəndaşla dövlət arasında güvənc və inam bağları olsun. Bu bağlar qırılmaz və güclü olduqca dövlətin dayaq prinsipləri möhkəmlənir. Hesab edirəm ki, vətəndaş dövlətə dövlətin təmsil olunduğu rəsmi qurumlarda və xüsusən məhkəmələrdə inanır yaxud güvəncini itirir. Çünki məhkəmələr ədalət tərəzisi rolunu oynayır. Məhkəmə rüşvətə, korrupsiyaya bulaşırsa, hakim “ədaləti” satırsa, yaxud siyasi sifarişə qurban verirsə, o öklədə ədalət öldü deməkdir. Güvənc öldüyü yerdə, başqa şeydən danışmağa dəyməz. Qeyd edim ki, dünyada ideal dövlət yoxdur. Lakin bəzi qırmızı xəttlər var ki, onlar toxunulmaz hesab olunurlar. Belə qırmızı xətlərdən biri də məhkəmə sahəsidir. Dövlətin möhkəmliyini istəyiriksə məhkəmə sistemini etibarlı etməliyik”.

M.Məmmədov hesab edir ki, hətta beynəlxalq təşkilatlar da məhz bu məsələdə Azərbaycan hakimiyyətini qınayır: “Bütün dünya və demokratik təşkilatlar insan hüquq və azadlıqlarını əsas götürürlər. Heç bir təşkilat hüquq pozuntusunu müsbət dəyərləndirə bilməz. Bu məsələ insani dəyər kimi qiymətləndirilsə də, dövlətlərin təməl prinsipi hesab olunur. Azərbaycanda insan hüquq və azadlıqlarının pozulmasını isbatlayan yüzlərlə fakt göstərmək olar ki, o faktlar beynəlxalq təşkilatların hesabatlarında əks olub. Əsas problem bu sahədə neqativ halların mövcudluğu ilə yanaşı həm də, hökumətin belə hallara qarşı biganə münasibət sərgiləsməsidir. Ən yüksək səviyyədə bu kimi hesabatların qərəzli olduğu vurğulanır. Belə münasibət isə dövlətə qarşı yönəlik addımların sayını sürətlə artırır. Azərbaycan hökuməti Azərbaycan dövlətinə qarşı cox ciddi problemlər yaradıb və yaratmaqdadır. Ən azı vətəndaşın dövlətə olan inamını sarsıdıb. Vətəndaş heç bir halda dövlətinə güvənmir. Çünki hakimiyyətin yarıtmaz siyasəti nəticəsində dövlət vətəndaşına sahib çıxmır. Azərbaycan vətəndaşı ən yaxşı halda ədaləti, pozulmuş hüquqlarının bərpasını Avropa Məhkəməsində və digər ölkələrə sığınmaqda axtarır, ən pis halda isə hər şeyi Allaha tapşırmaqla küncə çəkilib ölümünü gözləyir. Adətən ölüm növbəsini gözləməyə də səbri çatmır, intihar edir. Bu, Azərbaycanda dövlət-vətəndaş münasibətlərinin ən bariz göstəricisidir”.