İdman

Bu gün UEFA Azərbaycan üçün tarixi qərar verə bilər

Bu gün İsveçrədə UEFA-nın 13-cü Növbədənkənar Konqresi və İcraiyyə Komitəsinin iclası işə başlayacaq. “Report”un məlumatına görə, Cenevrə şəhərindəki “President Wilson” otelində təşkil olunacaq Konqresə Avropa futbol qurumuna 55 üzv milli assosiasiyadan nümayəndələr qatılacaqlar. AFFA-nı prezident Rövnəq Abdullayev, vitse-prezident Elşad Nəsirov və baş katib Elxan Məmmədov təmsil edəcək. Toplantıda əvvəlcə FİFA Şurasına avropalı üzv seçkisi keçiriləcək. 2017 – 2021-ci illər üçün mandata yeganə namizəd Rusiya Futbol İttifaqından Aleksey Sorokindir.

Konqresə UEFA İcraiyyə Komitəsində Avropa Klublar Assosiasiyasının (ECA) 2 nümayəndəsini ratifikasiya etməsi təklif olunacaq. UEFA hüquq məhkəməsi orqanlarında idarəetmə və normalara riayət üzrə Komitənin yeni üzvlərinin namizədliyi də təsdiqlənəcək. Eyni zamanda Konqres nümayəndələri UEFA Nizamnaməsinə düzəlişlərə səs verəcəklər.

Daha sonra UEFA-nın Nyon şəhərindəki mənzil-qərargahında İcraiyyə Komitəsinin iclası təşkil olunacaq. Komitə üzvləri Avropa Futbol Liqaları Assosiasiyası (EPFL) ilə qarşılıqlı anlaşmaya dair Memorandumu müzakirə və UEFA-nın yeni vitse-prezidentini təyin edəcəklər.

Habelə, FİFA Şurasında avropalı nümayəndə təyin olunacaq. O, 2018-ci ilin fevralında Slovakiyanın paytaxtı Bratislavada keçiriləcək növbəti UEFA Konqresinədək fəaliyyət göstərəcək.

İcraiyyə Komitəsində Azərbaycanın üçün xüsusi önəm kəsb edən məsələlərlə bağlı qərarlar da qəbul olunacaq. İlk növbədə, 2018-2019 mövsümündə kişi və qadınlar arasında Çempionlar Liqası, eləcə də Avropa Liqasının finalı və UEFA Super Kubokuna ev sahibliyi edəcək şəhərlər müəyyənləşəcək. 14 ərizəsi təsdiqlənmiş 10 milli assosiasiya arasında AFFA da var. Daha dəqiqi, Bakı Olimpiya Stadionu Çempionlar Liqası və Avropa Liqasının final qarşılaşmalarına iddialıdır. Çempionlar Liqasının final matçına İspaniyanın paytaxtı Madriddəki “Metropolitano”, Avropa Liqasının həlledici görüşünə isə İspaniyanın Sevilya şəhərindəki “Xuan Sançes Pisxuan” və Türkiyənin İstanbul şəhərindəki “Wodafone Arena” da iddialıdır. Qərar Bakının lehinə olsa, Azərbaycan paytaxtı tarixdə ilk dəfə klublararası avrokubok finalına ev sahibliyi edəcək.

İcraiyyə Komitəsinə gələn ilin sentyabrında start götürəcək UEFA Millətlər Liqasının Əsasnaməsini təsdiqləməsi təklif olunacaq. 2018-2019 mövsümünü əhatə edəcək UEFA-nın yeni turnirinə Azərbaycan millisi də qatılacaq.

Qeyd edək ki, tədbirin sonunda UEFA prezidenti Aleksandr Çeferinin iştirakı ilə mətbuat konfransı olacaq.

Bənzər yazılar

Back to top button